"Ağız, daha bundan artıq noolacaq, qohum-əqrəba içində məni rüsvayi-cahan eləmisən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qayınanaya qulluq eləməyindən danışır, mən kimdən əskiyəm? Bəlkə ürəyindən keçir ki, qayınana sənə qulluq eləsin? Yox, mən o qayınanalardan deyiləm. Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır. Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalıdır..."
Hökmlü qayınananın dilindən səslənən bu məşhur frazanın arxasından boylanan sevilən aktrisamız, xalq artisti, milyonların sevimlisi Nəsibə Zeynalovanın bu gün doğum günüdür.
Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyan Nəsibə Zeynalovanı sənət dostu, tanınmış aktyor Novruz Qartalla yada salacağıq.
Milli.Az aktyorun publika.az-a müsahibəsini təqdim edir.
- Gənclik illərinizdən Nəsibə Zeynalova kimi müqtədir aktrisa ilə tərəf-müqabili olmusunuz. Bu gün onun yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?
- Nəsibə xanımın səhnədə yeri başqa idi. Təəssüf ki, o yer hələ də boş qalıb. Bu günlərdə televiziyada "Hicran" tamaşasını göstərirdilər, üç böyük sənətkarı xatırlayıb, ağladım. O böyük sənətkarlar gözümün önünə gəldi. Onlarla tərəf-müqabili olmağın ləzzəti bir başqa idi. Nəsibə xanım mənə ana kimi idi, mən ona "məmə" deyə müraciət edirdim. Evində qalmışam, qayğımı çəkib, mənə analıq edib. Məni yetim qoyub getdi.
- "Hicran" tamaşasını xatırladınız. Doğrudurmu ki, Nəsibə xanım o tamaşada oynayarkən Səyavuş Aslan və Hacıbaba Bağırovla küsülü imiş?
- Səyavuşla yox, Hacıbaba ilə küsülü idilər. Səyavuş da həmin vaxt Hacıbaba ilə küsülü idi. Amma qətiyyən bunu tamaşaçıya hiss etdirmirdilər. Orda Səyavuş Hacıbabanın, "Şefi qədeş, sən Allah hirslənmə", deyib arxasınca düşəndə Hacıbabanı da, Nəsibəni də gülmək tuturdu. O tamaşada çox söz improvizə idi.
- Nə üstə küsmüşdülər ki?
- Əslində, bir ciddi səbəb də yox idi. Yaradıcı adamlar həssas, tez inciyən olurlar. Onlar da xırda söz-söhbətlər üstə küsürdülər, amma Nəsibə xanım kinli adam deyildi.
- Nəsibə xanım küsülü olduğu aktyorlarla səhnəni bölüşməyə etiraz edirdimi?
- Qətiyyən. O dövrün sənətkarları səhnə fədaisi idi, şəxsi həyatlarında olan problemləri səhnəyə gətirmirdilər.
- Sonradan Hacıbaba Bağırovla barışdılar?
- Tez-tez küsüb-barışırdılar. Bir dəfə mən barışdırmışdım. "Məhəbbət oyunu" tamaşasına dəvət almışdım. Tamaşada kənd həkimi idim, Hacıbaba da müalicə etdiyim psixi xəstəm. Getdim Nəsibə xanımın evinə, dilə tutdum ki, bəs sən də Hacıbabanın arvadı roluna razılıq ver. Elə bildik, razılaşmayacaq, amma razılıq verdi.
- Eşitdiyimizə görə Leyla Bədirbəyli, Nəcibə Məlikova çox kaprizli aktrisalar olub. Bəs Nəsibə xanım?
- Qətiyyən. Onda kapriz yox idi. Çox sadə qadın idi. Geyimindən tutmuş hərəkətlərinə qədər sadə idi. Ömrünün sonuna kimi saç düzümünü dəyişmədi. Onu da deyim ki, ciddi geyimləri sevirdi, heç vaxt qoluaçıq, dekolte geyinməzdi. Hərtərəfli qadın idi. Əlindən hər iş gəlirdi. Onun kimi dadlı arzuman küftəsi bişirən yox idi. O vaxtlar ənənə vardı, hər həftənin bazar ertəsi - tamaşa oynanılmayan gün bir sənətkarın evinə yığışardılar, qonaqlıq verilərdi. Nəsibə xanım qonaq-qara sevən idi. Xəbər eləyirdi ki, yığışın gəlin bizə, fisincan-plov bişirəcəm.
- Rəfiqələri vardımı?
- Sara Qədimova, Şövkət Ələkbərova ilə bacı kimi idi. Aktyorlardan isə Lütfəli Abdullayevlə dostluq edirdi. Lütfəli ömrünün sonuna qədər onunla dostluq etdi. Aralarından su da keçmirdi. Bir-birləri ilə zarafatları da vardı. Nəsibə xanımı işə həyat yoldaşı Mütəllim gətirib-aparırdı. Zoğalı rəngli "Jiquli"si vardı. Bir dəfə Lütfəli Nəsibə xanıma dedi ki, ay Nəsibə, sənin bu sürücün mənim xoşuma gəlmir. Nəsibə xanım da qayıtdı ki, düz deyirsən, məni də bezdirib, onu işdən çıxaracam.
- Dövrünün ən məşhur sənətkarı olub. Maraqlıdır, varlı aktrisa idi?
- Orta. Heç vaxt onun boynunda-boğazında, barmaqlarında zinnət əşyaları görməzdik. Sadəliyindən danışdım, yadıma bir xatirə düşdü, qoyun danışım. O vaxt Bakıda mədəniyyət ongünlüyü keçirilirdi. SSRİ-nin bütün xalq artistləri Bakıya gəlmişdi. Şəmsi Bədəlbəyli Nəsibə xanımı onlara təqdim edəndə belə dedi: "Tanış olun, Azərbaycanın ulduz aktrisası Nəsibə Zeynalova". "Qayınana" tamaşasına baxandan sonra həmin xalq artistləri Nəsibə xanımı dövrəyə aldılar. İnanmadılar ki, filmdə o qoca qarını oynayan aktrisa Nəsibə xanımdır. Sonra "Hicran" tamaşasına baxdılar. Təsəvvür edin, qəddar qayınana dönüb olur hamını barmağına dolayan alverçi. Həmin o məşhur aktyorlar Nəsibə xanıma dedilər ki, sən doğrudan da əsil ulduzsan. Nəsibə xanım səhnədə sürətlə dəyişməyi bacaran aktrisa idi.
- Deyilənə görə məmur dostları varmış...
- Bir epizod danışım. Kəlbəcərdə qastrol səfərində idik. Bizim xəbərimiz olmadan qeyri-qanuni bilet satılmışdı. Hətta işə polis də qarışmışdı. Biz Bakıya qayıdanda Daxili İşlər Nazirliyi bu məsələni araşdırdı. Onda da DİN-ə Cəfər Vəliyev rəhbərlik edirdi. Nəsibə xanım bircə dəfə onun yanına getməklə məsələ bağlandı. Onun xətrini çox istəyirdilər. Hacıbaba Bağırova da onun sayəsində ev vermişdilər. Nəsibə xanım o vaxt bu işlərə rəhbərlik edən Aydın Məmmədova xahiş elədi ki, Hacıbabanın evi yoxdur. Səhəri gün Puşkin küçəsində ona bir otaqlı mənzil verildi.
- Heç pərəstişkarları tərəfindən bahalı hədiyyələr alırdı?
- İl boyu rayonlardan onun evinə pay gələrdi. Ətinə-yağına qədər gətirərdilər. Heç özünün də xəbəri olmurdu, gətirib evinə qoyub gedirdilər. Camaat onu çox istəyirdi. Bir dəfə Gəncədə qastrolda idik. Nəsibə xanım çıxıb ki, şəhəri gəzsin. Camaat o saat tökülmüşdü üstünə. Polislər gəldi, Nəsibə xanımı maşına mindirib, güclə aradan çıxardılar. Yadımdadır, bir dəfə də Natəvanın heykəlinin yanından keçirdim, gördüm izdiham var. O vaxtlar Hindistan filmləri dəbdə idi. Dedim yəqin hind kinosu gətiriblər, bilet üstə davadır. Gördüm ki, yox e, polislər tökülüşüb bura. Dedilər ki, Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev burdan keçirmiş, camaat yığışıb başlarına. Onda da polis maşınında Nəsibə xanımı aradan güclə çıxarmışdılar.
- Hobbisi vardımı?
- Gülləri çox sevirdi. Xüsusən də qızılgülləri. Heyvanları xoşlayırdı, evində "Nəsi" adlı pişiyi və tutuquşusu vardı. Deyirdim, ay məmə, bu tutuquşunun nəyini saxlayırsan, tükü tökülüb, qoturdur. Deyirdi, ədə, yavaş danış, eşidər.
- Adətən sənət adamları əsəbi olur, Nəsibə xanım necə idi?
- Əsəbi idi, amma nadir halda əsəbiləşərdi, onda da üzünü görmə. İş prosesində olurdu. Kin saxlamağı sevmirdi.
- Dünyasını dəyişəndə küsülü olduğu həmkarı vardı?
- Hacıbaba ilə küsülü idi. Amma Nəsibə xanım rəhmətə getməmişdən bir az qabaq Hacıbaba ona zəng elədi və söhbətləşib hal-əhval tutdu. Ölümqabağı barışdılar.
- O dövrün məşhur aktrisaları barədə müxtəlif şayiələr yayılırdı. Maraqlıdır ki heç vaxt onun barəsində şayiə yayılmayıb.
- Bəli, Nəsibə xanım istisnadır. Bir yaşlı "Obaxeyes" tanıyıram. Bütün sənət adamlarının cikini-pikini bilən adamdı. Mənə danışırdı ki, Nəsibə Zeynalova kişi kimi qadın olub, heç kim cəsarət edib, ona artıq-əskik söz deyə bilməyib.
Milli.Az






