A+
A–

Bakı, 20 aprel, AZƏRTAC
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik olan “Əl-Nahar” qəzetində Azərbaycan bu ölkədəki səfiri Elxan Qəhrəmanın müsahibəsi dərc olunub. Müsahibədə Azərbaycan ilə Küveyt arasında əlaqələrin qardaşlıq münasibətləri çərçivəsində inkişaf etdiyi bildirilib. Küveytin beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə təşəkkür ifadə edilib, iqtisadi, ticarət, mədəniyyət və turizm sahələrində əlaqələr barədə məlumat verilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərimizdə hazırkı vəziyyət, BMT-nin münaqişə ilə əlaqədar 4 qətnaməsinə baxmayaraq, işğalın davam etdirilməsi, 1994-cü ildə elan olunmuş atəşkəsin Ermənistan tərəfindən dəfələrlə pozulması, aprelin 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı suallar cavablandırılıb. Azərbaycan Ordusunun cəbhə bölgəsində yaşayan mülki əhalinin müdafiəsi məqsədilə Ermənistan ordusunun hücumlarının qarşısını layiqincə aldığı, Silahlı Qüvvələrimizin Dağlıq Qarabağın hərbi yolla işğaldan azad edilməsinə qadir olduğu, lakin ölkəmizin münaqişənin sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həlinin tərəfdarı olduğu küveytli oxucuların diqqətinə çatdırılıb.
AZERTAG.AZ :Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb