Bir neçə gün əvvəl BMT-nin baş katibi Pan Gi Munun Cənubi Qafqaza aprelin 23-dən 27-dək baş tutmalı olan səfərinin təxirə salındığı məlum oldu.
Maraqlı odur ki, səfər başlamazdan cəmi bir gün əvvəl təxirə salındı.
Səfər çərçivəsində onun Gürcüstan, Azərbaycan və Ermənistana səfəri planlaşdırılırdı.
Milli.Az xəbər verir ki, diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Pan Gi Munun əvvəlcə aprelin 23-də axşam Gürcüstana, 25-də Ermənistana, aprelin 26-da isə Azərbaycana gəlməsi planlaşdırılırdı.
Lakin məlum səbəblərdən BMT baş katibinin Ermənistana məhz aprelin 24-də gəlməsi çox vacib idi. Çünki həmin gün ermənilər saxta "soyqırım günü"nü qeyd edirlər. Lakin BMT-nin baş katibi ermənilərin "hamımız birlikdə "soyqıqım"ı tanıyırıq" şousunda iştirakdan imtina edib və Ermənistana gələn digər rəsmi qonaqlar kimi məcburi şəkildə memoriala getməmək üçün səfəri ayın 25-nə keçirmək istəyib.
Lakin "əzabkeş" xalq təslim olayıb. Dilomatik mənbələrdən Trend-ə bildiriblər ki, ABŞ-dakı ermənilər tərəfindən Pan Gi Muna çoxlu təzyiqlər olub. Onu dilə tutmaq üçün erməni lobbisi ilə əlaqəli olan rəsmi şəxslər və lobbinin üzvləri, eləcə də siyasi elitanın tarixdən anlayışı olmayan çoxlu nüfuzlu üzvləri cəlb edilib. Nəticədə rədd cavablarından bezən müdrik P.G.Mun, sadəcə, regiona səfərini təxirə saldı.
Bununla belə, Ermənistanla yanaşı Azərbaycana da səfərini təxirə salmasından narahatlıq keçirən baş katib Azərbaycan prezidenti İlham Əliyevə təkcə dövlət başçısından və Azərbaycan xalqından üzrxahlıq etdiyini bildirən məktub göndərməklə kifayətlənməyib, daha sonra şəxsən Azərbaycan prezidentinə zəng edərək Bakıya gələ bilmədiyinə görə təəssüf etdiyini deyib.
Milli.Az