Araşdrırma zamanı vergi ödəyiciləri Azər Nazim oğlu Həsənovun fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail və Nərimanov rayonlarında yerləşən obyektlərdə (“Su filtirlərinin servisi və saxlanılması anbarı” və “Su filtirlərinin servis ofisi”), Mahmud Mayıl oğlu Müşkürovun Sumqayıt şəhərində yerləşən “Su filtirlərinin servisi və satışı” obyektində və Asim Alim oğlu Cəfərovun Gənçə şəhərində yerləşən ofisində vergi hesabatlarında bəyan etməməklə gəlirləri müəyyən edən maliyyə sənədlərinin saxtalaşdırılaraq külli miqdarda vergidən yayınma, habelə həmin vergi ödəyiciləri tərəfindən əmək müqavilələrinin (kontraktının) hüquqi qüvvəyə minmədən 37 nəfərin işlərə cəlb olunduğu aşkar edilib və yol verilmiş qanun pozuntuları müvafiq aktlarla rəsmiləşdirilib.
İşçilərdən alınmış izahatlardan aydın olub ki, bu sahədə bir neçə ay ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, onlarla əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.
Araşdırma zamanı nəzarət tədbirinin keçirildiyi obyektlərin vergi orqanında qeydiyyata alınmadığı və nəzarət-kassa aparatı quraşdırılmadan fəaliyyət göstərdikləri müəyyən olunaraq, vergi hesabatlarında bəyan etməməklə külli miqdarda vergilərin gizlədilməsini müəyyən edən sənədlər götürülüb.
Faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması üçün Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.