Mərkəzi Bankın İdarə Heyətinin manatın devalvasiyası ilə bağlı qərarından sonra hər kəsi düşündürən əsas sual banklardan valyuta ilə götürülən kredit faizlərinin hansı kursla ödənilməsidir. Paytaxtda fəaliyyət göstərən bir sıra banklarla əlaqə saxladıq. Banklardan bildirdilər ki, kredit ödənişinin ödənilmə proseduru vətəndaşlarla bank arasında imzalanan müqavilədə öz əksini tapır. Vətəndaş müqavilə əsasında öz üzərinə bir sıra öhdəliklər götürür ki, bunlardan biri də kreditin kursdan asılı olmayaraq müəyyən olunmuş qaydada qaytarılmasıdır. Bəs müqavilənin şərtlərində belə bir bənd yer almayıbsa, necə? Banklar hələlik bu suala birmənalı cavab verə bilmirlər, onlar hazırda bu istiqamətdə araşdırmaların aparıldığını deyirlər.
Hüquqşünas Anar Qasımlı isə hesab edir ki, hazırkı vəziyyətdə dolların bahalaşması müştərilərlə münasibətdə bankların xeyrinədir. Banklar kreditlərin yeni kursla və dollarla qaytarılmasında maraqlıdırlar və müştərilərindən bunu tələb edəcəklər.
"Təbii ki, bank kreditini tələb edəcək. Hər hansı bir müştəri ora yaxınlaşaraq ödənişi əvvəlki kursa əsasən ödəsə, o zaman qalan məbləğ müştəriyə borc kimi yazılacaq. Bunun yaranmaması üçün dərhal həlli yolunu tapmaq lazımdır. Vətəndaş və ya müştəri banka yaxınlaşıb bankla qarşılıqlı razılaşma aparmalı, lakin, həll edə bilmədiyi təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət etməlidir. Təbii ki, bu zaman yekun sözü məhkəmə deyəcək. Amma subyektiv fikrim odur ki, kredit götürən şəxslər krediti götürən zaman olan məzənnə ilə ödəməlidirlər".
Bəs qanun nə deyir? Hüquqşünas hesab edir ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Bu o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu valyutanın bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə, manatla ödəməlidir.
Hüquqşünas hesab edir ki, dolların manata nisbətdə dəyişməsi qərarı dövlət tərəfindən verilmiş bir qərardır, buna görə də müvafiq dövlət orqanı tərəfindən əhaliyə müvafiq güzəştlər tətbiq edilə bilər.