Bismilləhir-Rahmənir-Rahim!

Nurani günləri yaşamaqdayıq. Mübarək Şaban ayı artıq daxil olub. Bu mübarək ayın ilk günləri mübarək mövludlarla başlanır. Əslində, hər mənada bizlərin ruhlarımızın təzələnməsi, hallarımızın müsbətə doğru dəyişməsi üçün gözəl bir fürsətdir bu dönəm.

Hər kəs hazırlıqlardadır...

Əziz Rəcəb ayını geridə qoyduq. Bir ay əziz "rəcəbiyyun" - "Rəcəb ayının əhli", o kəslər ki, Allaha xatir Rəcəb ayına ehtiram qoyub, burada olan fürsətlərdən yararlanaraq, oruc tumuşlar, aya xas olan ayinləri icra etmişlər - ümid dolu ruhiyyə ilə yaşadılar, ümidli oldular. Ümidli oldular - çünki, bilirdilər ki, elə bir ayın içərisindədirlər ki, o ayın potensialında böyük nemətlər var və fərqində idilər ki, azın müqabilində çox əta edən bir Rəbbin hüzurundadırlar. O Rəbbin ki, istəyənə də, istəməyənə də, tanıyana da, tanımayanda da nemətlər əta edir. Mübarək Rəcəb ayı daxil olanda anlayırdıq ki, İlahi ziyafətə iki ay qalıb. Amma, artıq bir ayımız geridə qaldı. Belə demək olarsa, bir ayını keçdik - itirdikmi, qazandıqmı - bunu Uca Allah bilir.

Nurani Şaban ayının daxil olması ilə bunun fərqində oluruq ki, bir aydan sonra çox önəmli bir ziyafətə dəvət olunmuşuq. Çox önəmli, böyük bir ziyafətdir. Biz bu həyatımızda hər bir məsələyə hazırlaşırıq. Dünya işlərimizdə hər mövzumuza hazırlaşırıq. Qışda yaya hazırlaşırıq, yayda qışa hazırlaşırıq, təhsilə hazırlaşırıq, abituriyentlər imtahana hazırlaşır, işləyənlər yay mövsümündə planlaşdırdıqları istirahətə hazırlaşır və s. İnsanlar davamlı olaraq hazırlıqdadırlar. Yeni ailə quranlar övlad həsrətində olur, valideyn olmağa hazırlaşırlar, kiçik uşaqlar böyüməyə hazırlaşırlar, şagird tələbə olmağa hazırlaşır. Bu dünyada hər kəs müxtəlif hazırlıqlardadır.

Bizim də böyük bir xoşbəxtliyimiz var. İman gətirmiş insanları Rəbbimiz Öz nurani, şirin ziyafətinə - mübarək Ramazan ayına dəvət edəcək. Şaban ayının içərisində bizim fürsətimiz var ki, o gözəl İlahi ziyafətə hazırlaşaq. O İlahi ziyafətə hazırlıq üçün nələr lazımdırsa, gərək indidən onların üzərində düşünək. O İlahi ziyafətin nədən ibarət olmasını, nələrin təqdim olunmasını gərək düşünək. Ora hansı libasda, hansı mənəvi geyimdə daxil olmalıyıqsa, gərək indidən onu hazırlayaq. O İlahi ziyafətin ruhiyyəsi, məzmunu, hədəfi - təqvadır. Bizi o ziyafətə dəvət edirlər ki, inşəallah təqvalılardan olaq. Gərək ona görə də biz indidən təqva libaslarımızı hazırlayaq.

Şaban ayının mübarək mövludları - bu ayın gözəl fürsətləridir

Şaban ayının xüsusi fürsətlərindən biri də bu ayda olan mövludlardır. Ay daxil olandan bizlər əziz Əhli-Beytin (ə) mübarək nümunələrinin, şəxslərinin mövludlarını qeyd edirik. Bu ay təvəssül etmək üçün fövqəladə imkanlar var. Təvəssül budur ki, bizlər o kəsləri ki, Allah qatında abırları var, hörmətləri var, onlara müraciət edirik ki, təvəssül edirik ki, Allahdan hacətlərimizin qəbul olunmasında bizim üçün yardımçı olsunlar. Onlar həm bizim üçün nümunədirlər ki, özümüzü onlara uyğunlaşdıraq. Həm onlara baxanda başa düşürük ki, bizim vəziyyətimiz nə həddə zəifdir. Bəli, onların şəxsiyyətinə, həyatına baxanda düşünən adam xəcalət çəkir öz durumuna, öz tutumuna görə. İnsan anlayır ki, əgər bu dünya başqa istifadə üçün gərəkli olsaydı, onlar bu cür istifadə edərdilər. Çünki, onlar tanıyan, biləndirlər.

Bizlər bu günlərdə Həzrət İmam Hüseynin (ə), Həzrət İmam Səccadın (ə), Həzrət Əbəlfəzlin (ə) mövlud günlərini qeyd edirik. Bu kəslər - mərifət sahibləridir. Onlar haradan gəldiklərini, harada olduqlarını, haraya gedəcəklərini bilirlər və buna uyğun da öz həyatlarını tənzimləyirlər, buna uyğun da buradakı vəziyyətlərini tənzimləyirlər, bu dünyadakı həyatlarına baxışları buna uyğun olaraq müəyyənləşir. Bilirlər ki, bura - müvəqqəti, amma dəyərli bir yerdir. Bu müvəqqəti yerdə özlərini toparlasalar, özlərini lazımi həddə çatdırsalar - əbədi aqibətdə xeyir aparacaqlar. Ona görədir ki, göy əhli onlara xüsusi diqqətlə baxır. Əziz İslam Peyğəmbəri (s) buyurur: "Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə (ə) baxsın". Həzrət İmam Hüseyn (ə) göy əhlinin nəzər saldığı, baxdığı bir şəxsdir. Çünki, bütün həyatı başdan-ayağa Allaha bəndəlikdə keçmişdir. Çünki, bütün həyatı Allahın razılığını əldə etmək üçün idi.

Əziz Rəsulallahın (s) və Həzrət İmam Hüseynin (ə) amalları eynidir

Həzrət Rəsulallah (s) buyurur: "Hüseyn məndəndir və mən də Hüseyndənəm". Yəni, bu, bir fiziki bağlantı deyil. Burada ruhi, etiqadi, mövcudiyyət bağlantısından söhbət gedir. Yəni, məsələ bir nəvənin babaya bağlı olmasından ibarət deyil. Peyğəmbərimiz (s) "Mən də Hüseyndənəm" deməklə, İmam Hüseynin (ə) yaşadığı və şəhid olduğu amalların, onun özünün mövcud olduğu, çatdırdığı amallar olmasını bəyan edir. Onlar - eyni nurdurlar. Eyni dəyərlər üçün, eyni yol üçün və Allahın razılığını əldə etmək üçün mövcuddurlar.

Təbərrük üçün İmam Hüseyndən (ə) gələn bir cümləyə diqqət edək. Həzrət İmam Hüseyn (ə) buyurur: "İzzətlə ölmək, zillətlə yaşamaqdan daha üstündür". Bir bu cümlə bəsdir ki, insanda oyanış yaransın. Bir bu cümlə insanda mövcudiyyət baxımından yaşayışında diriliş gətirə bilər. Yəni, izzətli mövcudiyyətini aradan aparan hər bir şeyə qarşı çıxmalıdır. Lazımdırsa, ölümə qədər gedəcək, ölümü qəbul edəcək, amma izzətli, abırlı mövcudiyyətini, ləyaqətli mövcudiyyətini əldən verməz. Bu ruhiyyə əgər körpələrimizə, uşaqlarımıza, şagirdlərimizə, tələbələrimizə, cavanlarımıza, insanların, bəşəriyyətin hər birinə verilsə, bu halda biz görərik ki, çox şeylər cəmiyyətdə dəyişər. Şagird dərs oxuyanda, dərs oxumamağı özünə ayıb bilər, ar bilər. Deyər ayıbdır, bu, mənim izzətimə yaraşmır ki, mən avaralıq edim, necə gəldi yaşayım, tənbəl, səhlənkar olum. Bu, bir tələbədə böyük bir ruhiyyə yaradar. İzzətli tələbə dərs oxumamağı, elmi araşdırmalarda olmamağı, ümmətinin, toplumunun, xalqının, yaşadığı yerin inkişafı üçün çalışmasın. Əgər bu ruhiyyə hakim olsa, insan ona verilən gözlə harama baxmağı ayıb bilər. Bu ruhiyyə hakim olsa, insan ayıb bilər ki, ona əmanət olaraq verilən qulaqla ğinaya, harama qulaq assın.

İnsan izzətlilik ruhiyyəsinə malik olsa, ona verilən dil əmanətinə heyfi gələr, utanar, xəcalət çəkər ki, o dillə yalan danışsın, qeybət etsin, lazımsız ibarələr işlətsin, söyüş söysün və s. Təəssüflər olsun ki, bizim toplumumuzda da xüsusilə yeniyetmələr və gənclər arasında söyüş işlətmək adi bir məsələyə çevrilir. Bəzən insanlarımız bilmir ki, bu, haramdır və insanı Allahın rəhmətindən məhrum edən bir məsələdir.

Əgər insan Həzrət İmam Hüseynin (ə) bu buyuruşundan dərs çıxarsa, bütün həyatında dəyişiklik olar. İnsan hətta ən ağır imtahanlara qədər getməli, amma izzətini əldən verməməlidir.

Bir zəhmətkeşin bu ruhiyyəsi olsa, zəhmətkeş alın təri ilə ruzisini qazanan zaman iş əxlaqına riayət edər, məsuliyyətini dərk edər, aldığı məvacibin haqqını artıqlaması ilə yerinə yetirmiş olar. Bir sözlə, izzətli insan günah etməyi, Rəbbin verdiyi bu qədər nemətlər müqabilində naşükürlük etməyi özünə ar bilər. İnsan dəyişər, toplum dəyişər.

Əgər kişilər və xanımlar izzətli olsalar, utanarlar, xəcalət çəkərlər ki, ailədə dedi-qodu olsun, ailənin gündəmi maddi məsələlərə görə dəyişsin, dünya məsələlərinə görə həyatları tənzimlənsin. İzzətli bir ailənin ruhiyyəsi evə bir nuraniyyət gətirər. Belə ailədə uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət edilər, mənəviyyatları xüsusi fikirləşilər. İzzət ruhiyyəsi olan bir toplumun torpaqlarına kimsə əl uzada bilməz. İzzət ruhiyyəsidir ki, toplumun içərisində nə qədər ki, mövcuddur, qorunub saxlanır, o toplum başıuca yaşayar və itirdikləri olsa belə, əmindir ki, bunu bir gün qaytaracaq. Biz əminik ki, Qarabağ bu ruhiyyə ilə qaytarılacaq.

Şaban ayı İlahi ziyafətə ən gözəl şəkildə hazırlaşmaq imkanı yaradır

Mübarək Şaban ayına fürsətlər, imkanlar kimi baxaq. Bu ayın hər gününə dəyər verək. Bu baxımdan ibrətli bir hala diqqət edək. Bir nəfər orta yaşı keçmiş insan həyatından narazı halda deyir, mən birdən ayıldım ki, mənim zamanımı, vaxtımı, imkan və fürsətlərimi özüm idarə etmirəm, özüm yönəltmirəm, özü necə gəldi gedir. Deyir, diqqət etdim, mənim ildə neçə bazar gününüm var, o bazar günlərimi saydım. Hesab etdim mən bundan sonra neçə bazar günü yaşayaram, o bazar günlərini hesabladım. Neçə min dənə çıxdı, onların hesabını nəzərə alaraq hər biri üçün bir simvolik bir daş ayırıb, yığdım bir qabın içinə. Hər bazar günündə onlardan birini çıxartdım. Deyir, bir müddətdir ki, o qabın içində yığdıqlarım bitib, hər bazar günü gələndə mən təzə hədiyyə kimi baxıram, çünki, mənim hesabladığım bazar günləri bitib.

İbrətamiz bir haldır. Bu şəxs dünya işi üçün bunu tənzimləyib. O, anladığı qədər dünyadan bəhrələnmək üçün bunu edib. İman əhli gərək hər gününə belə bir fürsət kimi baxsın.

Şaban ayının günlərinə gərək belə fürsətlər kimi baxaq. Artıq Şaban ayının bir neçə gününü geridə qoymuşuq. İnsan hər gününün yekununa nəzər salsa, görəcək ki, mühüm bir fürsəti də əldən vermiş oldu. Bir abituriyent imtahana hazırlaşarkən, imtahana az qalmış daha da çox çalışmalıdır. Biz də mübarək İlahi ziyafət ayına daha da yaxınlaşdıqca, daha çox çalışmalıyıq.

Qaranlıqda olub, nə götürəcəyini düşünməyən insan kimi olmayaq

Həzrət İmam Hüseynin (ə) mövludunda özümüzə edə biləcəyimiz ən böyük hədiyyə budur ki, biz Allah qonaqlığına, İlahi ziyafətə hazırlaşaq. Bizim bu mövludlarda özümüzə, yaxınlarımıza, ailələrimizə, dostlarımıza ən böyük hədiyyəmiz bu olar ki, özümüzü islah edək. Bu qalan günlərimizi sayaq. Bir də ayılacağıq ki, Şaban ayının son günləridir, mübarək Ramazan ayının öz rəhməti ilə üzərimizə gəlməsindən danışacağıq. Gərək indidən hazırlaşaq, özümüzü, durumumuzu qaydaya, nəzmə salaq. Qərar verək ki, düzələcəyik, Allah qonaqlığına uyğun libasda daxil olacağıq, çalışacağıq ki, təqva libasına bürünək. Qərar verək ki, bu il izzətli halı əldə etməyə səy edəcəyik.

Bu, ona oxşayır ki, insanlar qaranlıqdadırlar, amma fərqində deyillər. Sən demə, bəzi insanlar bilməyiblər ki, qaranlıq olan yerdə çox dəyərli bir şeylər var, əllərini atıb götürsəydilər, ən bahalı daş-qaş var imiş. Kimsə təsadüfən əlini atıb, görüb nəsə var, götürüb qoyub cibinə. İndi çıxıblar işığa, kimsə əlini atıb nəsə götürübsə, görür ki, qiymətli bir şeylər əldə edib. Bu dünya da bu cürdür. Biz bu qaranlığın içərisində elə edə bilərik ki, bu dünyanın içərisində ən qiymətli məsələlərdən götürək. Şaban ayının içərisində ən dəyərli, qiymətli məsələlər mövcuddur. Zəmanə Sahibinin (ə.f) mübarək mövludu mövcuddur. İntizar ruhiyyəsində olan biz insanlar üçün bu, fövqəladə bir gündür. Biz bu fürsətlərə gərək düzgün nəzər salaq.

Allahım, bu mövludların bərəkətinə, bu Şaban ayının bərəkətinə, ruhiyyələrimizdə dəyişikliyin hasil olmasını nəsib et!

Allahım, mübarək İlahi ziyafət ayına, bu ziyafətin ədəbinə layiq şəkildə daxil olmağı nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof