Bismilləhir-Rahmənir-Rahim!
Əziz Mövlanın - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f) mövludu günlərini yaşayırıq. Bu mübarək isim, özündə ədalət və əmniyyətin bərqərar olunmasını, zülmün aradan getməsini əks etdirir. Müvafiq olaraq, Həzrətin (ə.f) zühurunun intizarında olmaq - İlahi harmoniyanın bərpası həsrətini çəkmək deməkdir. Uca Allahdan diləyimiz budur ki, cəmi iman əhlinə, cəmi bəşəriyyətə intizar fəlsəfəsini anlayıb, yaşatmaq tofiqini nəsib etsin, inşəallah!

Ən böyük vücudi sual
İnsan nə üçün xəlq olub? İnsanın yaradılışında məqsəd nədir? - kimi suallar nəinki tək müsəlmanları düşündürür. Bunlar - dinindən, dünyagörüşündən asılı olmayaraq, ümumiyyətlə bütün insanları düşündürən suallardandır. Və müvafiq olaraq, hərə bu suala cavabın axtarışını bir cür aparır.
Məsələn, bəziləri müxtəlif təcrübələr aparırlar ki, nəticəsində insanın nə səbəbə yaranmasını başa düşsünlər. Sözsüz ki, təcrübələr nəticəsində bəşəriyyət bir çox lazımlı bilgiləri əldə etmişdir. Bundan əlavə, insanın hiss orqanları ilə duya bilmədiyi kateqoriyalar var ki, empirik yollarla onların da cavabı tapılmışdır. Amma, göstərilən sual o suallardandır ki, insan onun cavabını təcrübi yolla müəyyən edə bilməz!
"İnsan nə üçün xəlq olub?" sualı əslində elə kateqoriyaya aiddir ki, ona əqli yolla, təhlillə getmək, sonra nəqli mənbələrə müraciət etməklə cavablandırmaq gərəkdir. Mahiyyət etibarilə, insan təhlili yolla onu tapır ki, məhz hansı mənbəyə müraciət etməlidir.
İlk əvvəl, insan düşünüb belə nəticəyə gələcəkdir ki, onun bir yaradanı, xəlq edəni var. Xaliq, vücudverən olmasaydı, insan dünyaya gəlməzdi. Axı insan özünəkafi bir varlıq deyil, vacibəl-vücud, yəni, varlığı öz-özlüyündə vacib olan bir varlıq deyil. Demək, onu bir kənardan yaradan lazımdır, ona vücud verən, dünyaya gəlişinə səbəb olan bir varlıq gərəkdir.
Sonra insan düşünüb anlaya bilər ki, onu yaradan varlıq mütləq kamal sifətlərə malik olmalıdır, çünki, naqislik - ehtiyac gətirən xüsusiyyətdir və ehtiyaclılıq isə Vacibəl-vücudluqla ziddiyyət təşkil etdiyindən, qeyri-mümkündür. Düşünsə, insan anlayar ki, hər nə gözəl bir şey varsa, Yaradanına məxsusdur və hər nə ki, çirkinlikdir - Ondan uzaqdır.

Peyğəmbər (s) və İmamların (ə) məsumluğu
Sonra insan onun anlamına gələr ki, bəs Rəbbim məni yaradıb, başlı-başına buraxmazdı. Ona uyğun olmazdı ki, insanı yaratsın, amma istedadlarının üzə çıxmaq yolunu göstərməsin, yaxşını-pisi bəlli etməsin. Beləliklə, insan düşüncələrini davam etdirib, anlayar ki, Yaradanı tərəfindən məlumatı çatdıran xüsusi vəzifələndirilmiş insanlar olmalıdır və həmin insanlar məsum olmalıdırlar - heç bir halda günah və hətta xataya yol verməyən olmalıdırlar. Çünki, günah etsə, çatdırdığı məlumatın mötəbərliyi itər, hətta səhv, yanlış, təhrif olunmuş məlumatlar çatdırıb, insanları çaşqınlığa, əyri yola düçar edə bilər. Belə olsaydı, Uca Allah (nəuzubillah!) mənasız iş görmüş olardı - necə ola bilər ki, məlumatı insana çatdırmaq istəsin, amma bunun dürüstlüyünün qeydinə qalmasın! Mənasızlıq isə Rəbbin mübarək zatına zidd bir məfhumdur, çünki, naqislikdir və ehtiyac gətirəndir. Deməli, peyğəmbərlər mütləq məsum olmalıdırlar.
Daha sonra insan anlayar ki, Peyğəmbərin (s) Allah dərgahına getməsindən sonra, onun gətirdiyi təlimi anlaşdıran, izah edən xüsusi insanlar - İmamlar (ə) olmalıdır və yuxarıda göstərilən səbəbə görə, onlar də məsum olmalıdr ki, məlumatın çatdırılmasında təhrif olmasın.

İbadət nədir?
Beləliklə, insan əqli yolla orayadək yetişir ki, suallarının cavabını almaq üçün hansı mənbəyə müraciət etməlidir. İlahi Kitaba müraciət edir və "Zariyat" surəsinin 56-cı ayəsində oxuyur: "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam".
Beləliklə, aydın olur ki, insanın xəlq olunmasının, yaradılmasının hədəfi - ibadətdir. İnsanın mövcudiyyətinin fəlsəfəsi - ibadət etməkdədir. Yaxşı, bəs bu "ibadət" anlamında nələr əhatə olunur? Bax bu, əsas mövzudur. İbadət tək namazla, orucla bitmir. Yaxşılıqlara dəvətlə, pisliklərdən çəkindirməklə, cihadla, həcclə, xüms-zəkatla bitmir ibadət. Bunlar çox mühümdür, lakin mövzu bunlarla məhdudlaşmır. İbadət - insanın İlahi xidmətdə bulnmağıdır. Allahın məsləhət bildiyini etməsi və qadağan etdiyindən çəkinməsidir. Ümumi halda ibadət - insanın özünü bəndəlik orbitinə daxil etməsidir. Həzrət Peyğəmbər (s) və İmamların (ə) mübarək yolu ilə getməsi, onların addımları ilə addımlarını qoymasıdır ibadət. İnsan riyaziyyat oxuya, kimya ilə, fizika ilə məşğul ola, fransız dili oxuya, ev işləri ilə məşğul ola, bədii ədəbiyyat oxuya, idman edə bilər - niyyəti İlahi rizayət, Allahın razılığı olarsa, bu, ibadətdir.
İslamın ən böyük gözəlliklərindən biri məhz burada gizlənmişdir. İslamda dünyəvi və qeyri-dünyəvi elmlər yoxdur. İslamda Allaha xatir və nəfsə xatir anlamları var. Ona görə də bütün səylərə baxmayaraq, qaraguruhçuluğu İslama yapışdıra bilməyirlər. İslam öz elmiliyi, daxili cazibəsi ilə insanları haqq yola dəvət etməkdədir.

İbadətlərin ən üstünü hansıdır?
Yaxşı, indi ki, ibadət belə bir mühüm kateqoriyadır, mütləq gərək təhlil edək görək ki, bunların ən üstünü hansıdır? Axı ibadətlərin xüsusilə təkidliləri var, ümdələri var. Ötən bəhslərdə toxunduq ki, namazın, orucun, zəkatın nə dərəcədə böyük əhəmiyyətləri var. Bunlar bünövrədir, bunlar olduqda digərləri barədə danışıla bilər. Nədir ibadətlərin zinəti? Bu sualın cavabını, təbii ki, dinimizdə axtarırıq. Həzrət Peyğəmbərdən (s) nəql edilən mübarək hədisdə bildirilir: "İbadətlərin ən əfzəli, ən üstünü - (Zəmanə İmamının) fərəcinin intizarında olmaqdır".
Peyğəmbərimiz (s) buyurur ki, Zəmanə İmamının (ə.f), gözlərdən qeyb olmuş Həzrətin (ə.f) zühurunu gözləmək - ən üstün ibadətdir. İntizarda bütün digər ibadətlər əhatə olunur, özü də ən yüksək səviyyədə.
"İntizar" sözünün mənasına gəldikdə, burada çoxlu mənalar vardır: "İntizar - gözünü yola tikmək deməkdir. Bu, həm də kiminləsə görüşməyi və ya hadisənin baş verməsini anbaan gözləməkdir. Digər məna odur ki, bir kəsin, ya nəyinsə ümidinə qapılmaq. Və ya əziz şəxsdən, mühüm hadisədən nigaran olmaq. Hər an xəbər gözləmək.
Dediyimiz intizarda bunların hamısı vardır. Həm gözlərin yolda qalması, hazırlıq, nigaranlıq, ümid və sair. Amma Həzrət Mehdinin (ə.f) intizarında bunlardan əlavə, xüsusi çalarlar da vardır. Ariflər buyururlar ki, "Bu, yəqinin cövhəri, təqvanın qaymağı, saleh əməlin xülasəsidir".
Bir adam ki intizarda bulunur, şəkk-şübhə ona aid deyil. Bu, yəqin əhlidir - Allaha, Peyğəmbərə (s), Əhli-Beytə (ə) yəqini vardır. Haramlardan çəkinəndir. Elə bir daxili haləti vardır ki, onu pisliklərdən qoruyur. Həzrət Mehdinin (ə.f) intizarında olanın gözəlliklərə eşqi var, yaxşılıqlara iltizamı, kamallara şövqü var. O şəxs pisliklərin, mənfiliklərin aradan getməsinin intizarındadır, ədalətin, İlahi harmoniyanın gəlişinin intizarındadır. Fərdlərin, toplumların kamallaşmasına intizarı var. Yerin, göyün, hər şeyin yaradılışının hədəfi insandır və buna görə intizarda olan şəxs bütün istedadların, kamalların zirvəyə çatmasını istəyir. Bəşəriyyətin çiçəklənməsini istəyir.
Fərəcin intizarı - hədəfi tapmaq üçün, məqsədə çatmaq üçün, qurmaq üçün edilən bir səydir. Mövlanın (ə.f) intizarında olmaq - ona iqtida etmək, ona beyət etmək, itaət etmək deməkdir. Bu intizar - sabitqədəmliyin rəmzidir, istiqamət və ardıcıllığın, fədakarlığın sirridir. 14 əsrdir əzirlər, vururlar iman əhlini, amma sındıra bilmirlər. Bunun sirri məhz intizarda - umidlə, yəqinlə, kamala səylə səciyyələnən bir durumdadır.
İntizar - inkişafın amilidir, müqavimətin əsasıdır, qələbənin zaminidir. Müntəzir olan daima dinamik hərəkətdədir. İntizar - hər baxımdan bəşəriyyəti inkişafa aparan amildir. Əqidənin səngəridir, düşüncənin gözətçisidir, İslamın və Quranın qələbəsinin gözləntisidir intizar.

Allah Təala Həzrət Mehdini (ə.f) sevənləri sevir
Dinimiz bu mətləbləri son dərəcədə mühüm bilir. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Hər kəs ki, Zəmanə İmamını tanımayan bir vəziyyətdə ölsə, cahiliyyə dövrünün ölümü ilə dünyadan getmişdir".
Dövrün İmamını tanımamaq, həqiqətdə dindən bixəbər olmaq deməkdir. Bu barədə Peyğəmbərimizdən (s) nəql edilən hədisdə bildirilir ki, Allah Təala ona xitabən buyurub: "Ya Muhəmməd (s)! Əgər bəndələrimdən biri, o qədər Mənə /yəni, Mütəal Allaha/ ibadət edə ki, bunun şiddət və çoxluğundan həlak ola, lakin, Mənim görüşümə onların /zəmanə İmamlarıının/ rəhbərliyini inkar edən bir durumda gəlsə, o şəxsi atəşə daxil edəcəyəm. Ya Muhəmməd! İstəyirsən İmamları görəsən? Peyğəmbərimiz buyurdu: bəli. - Bir addım irəli at və nəzər sal". .... və Qaim Hüccət onların arasında parlaq bir ulduz kimi idi. Dedim: "Pərvərdigara! Bunlar kimlərdir?". Buyurdu: "Bunlar İmamlardır və bu da Qaimdir. Halalımı halal bilər, haramımı haram. Düşmənlərimdən intiqamımı alar. Ya Muhəmməd! Sev onu ki, Mən onu sevirəm və onu sevənləri sevirəm"".
Uca Allahdan diləyirik ki, bizləri, bütün inanc əhlini Həzrət Mehdini (ə.f) həqiqətdə sevənlərdən qərar versin, inşəallah!

Bu gecə əliboş qayıdan olmaz
Həzrət Mehdinin (ə.f) yüksək dərəcəsini vurğulayan dini mətnlərə diqqət edək. Həzrət Rəsulullahdan (s) nəql edirlər: "Mehdi - mənim övladlarımdandır. Adı adımdan, künyəsi künyəmdəndir".
İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Həzrət Qaimin mövlud gecəsi dünyaya gələn insan mömin olar. Və əgər şirk torpağında dünyaya gəlsə, Allah Təala onu İmamın (ə.f) bərəkəti ilə imana tərəfə çəkəcək".
İmam Muhəmməd Baqirdən (ə) Həzrət Mehdinin (ə.f) mövlud gecəsi ilə bağlı nəql edirlər: "O gecə, Qədr gecələrindən sonra ən üstün gecələrdəndir. Allah Təala o gecə bəndələrinə Öz fəzlindən əta edər və onları Öz kərəminə xatir bağışlayar. Bu, bir gecədir ki, Allah Təala Öz müqəddəs zatına and içmişdir ki, heç bir istəyəni əliboş geri qaytarmayacaq, o kəslərdən savayı ki, Allahdan günah bir şeyi diləyərlər".
Başqa bir mübarək hədisdə Həzrət Mehdi (ə.f) özü barədə buyurur: "Mən vəsilərin xatəmiyəm. Və mənim vasitəmlə Allah Təala əhlimdən və tərəfdarlarımdan bəlaları geri qaytarar".
İmam Həsən (ə) buyurur: "(Allah Təala Qaimin) mövldunu gizli və müqəddəs varlığını qeyb pərdəsilə saxladı ki, qiyamı vaxtı heç kimin beyəti onun üzərində olmaya".
Burada dərin bir mətləb açıqlanır. Bildirilir ki, İmam Zaman ağanın (ə.f) dünyaya gəlişinin gizli saxlanılmasının və sonradan vücudunun qeyb pərdəsi arxasında saxlanılmasının səbəblərindən biri də odur ki, onun zühuru zamanı heç bir zalım hökmdar deyə bilməsin ki, bəs o, mənim hakimiyyətimi tanımışdır. Allah Təala dünyanı ədalətlə dolduracaq əziz İmamın (ə.f) gəlişini təcili etsin və bizləri bu mübarək zühuru tezləşdirənlərdən qərar versin, inşəallah!
Allahım, bizləri həqiqi müntəzirlik səadətinə layiqli et!
Allahım, bizləri Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) layiqli davamçılarından qərar ver!
Allahım, millətin və ümmətin qarşısında duran müşküllərin həllini inayət et!
Allahım, işğal altında olan torpaqların azad edilməsini, əsirlərin qurtulmasını, xəstələrin şəfa tapmasını nəsib et!
Allahım, Həzrət Məhdinin (ə.f) zühurunu tezləşdir! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof