[ 24 Fevral 2015 13:54 ]
Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.
APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.1-ci maddəyə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.
Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.2-ci maddəyə əsasən, tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 800 manatadək miqdarda cərimə edilir.
Layihə səsə qoyularaq qəbul olunub.