Bu gün 31 May Beynəlxalq Tütünlə Mübarizə Günüdür. Ənənəvi olaraq məhz bu tarixdə Addım Gənclər Təşkilatı No Smoking Fetsivalına start verir. 2013 cü ildən ölkəmizdə gerçəkləşən festival nəinki Azərbaycanda, hətta dünyada tütün əleyhinə peşəkar müsabiqədir. Ötən illər ərzində müsabiqəyə 150-yə yaxın film təqdim olunub. Bir neçə ay davam edən müsabiqə peşəkar münsiflər heyətinin seçimi ilə qiymətləndirilir.

Qeyd edək ki, 31 may Beynəlxalq Tütünlə Mübarizə Günündə start verən festival 17 noyabr Siqaretdən Beynəlxalq İmtina Günündə yekunlaşacaq. Festival çərçivəsində mövzu ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə gənclər üçün seminarlar da baş tutacaq. Artıq sosial şəbəkələrdə gənclərin iştirakı ilə yayılan festivalın tanıtım videosu geniş ajiotaja səbəb olub. Videoçarxda modellər Elvin Bəhmənli və Ramina Abasova çəkiliblər. Qeyd edək ki, ötən illərdə layihənin tanıtım çarxlarına xalq artistləri Brilliant Dadaşova, Həmidə Ömərova, əməkdar artistlər Murad Dadaşov, Firdovsi Atakişiyev, müğənnilər Eldar Qasımov, Səbinə Babayeva, Elnur Məmmədov, Elnarə Xəlilova və başqaları da çəkiliblər. Fəal antinikotin təbliğatçısı olan xalq artisti Brilliant Dadaşova bu il də festival çərçivəsində keçirilən kampaniyalarda iştirak edəcək.

VİDEO: https://www.youtube.com/watch?v=PbkjdmkqxfU

Milli.Az