Bakı, 25 fevral, AzərTAc
Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project”in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Sloveniya Milli Şurasının sədri Mitya Bervar, Sloveniya Milli Olimpiya Komitəsinin və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər.
Təqdimat mərasimi “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyən AVİF-in vitse-prezidenti Sahib Ələkbərov ölkəmizin “Bakı-2015”ə səylə hazırlaşdığını deyib və Sloveniya idman ictimaiyyətini bu yarışları seyr etməyə çağırıb. Vitse-prezident təqdimat mərasimi üçün Sloveniyanın seçilməsinin səbəbsiz olmadığını deyib. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. “Synergy Baku”nu isə cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir və bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin coğrafi nöqteyi-nəzərdən seçimini Sloveniyanın üzərində saxlayıb.
Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib. O, Azərbaycan xalqının qəhrəman oğlu, Sloveniyanın faşizm zülmündən azad olunmasında həyatını qurban verən Mehdi Hüseynzadənin xatirəsinin ölkəsində hər zaman əziz tutulduğunu vurğulayıb.
Komandanın baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov təmsil etdiyi qurumun Azərbaycan idmanına verdiyi töhfədən danışaraq kollektivin uğurlu çıxışı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini deyib. Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində “Bakı-2015” ilk Avropa Oyunlarının loqosu olan velosipedçilər “Synergy Baku”nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək ilk Avropa Oyunlarında uğurlu çıxışı və “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.









