İstənilən halda Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi çox böyük hadisədir. Bakıda keçirilən Formula 1 yarışları ilə bağlı gözləntilər nəinki özünü doğrultdu, hətta reallıq gözlənilənlərdən də yüksək səviyyədə oldu. Çünki heç kim yarışlara hazırlığın bu qədər yüksək səviyyədə olacağını, belə səviyyədə keçiriləcəyini gözləmirdi.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev belə deyib.

Millət vəklinin sözlərinə görə, Formula 1 yarışlarının keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi ki, bu da müsbət qiymətləndirilməlidir: "Ola bilər ki, Azərbaycanda buna maraq azdır, çünki bu çox bahalı bir idman növüdür. Ancaq Formula 1 yarışları bütün dünyanın aparıcı dövlətlərinin intelligensiyasının, elitasının maraq dairəsindədir. Ona görə də bu cür yarışların Bakıda keçirilməsini, ona ev sahibliyi etməsini alqışlayıram və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!"

A.Əliyevin fikrincə, bu yarışın nəticələri, onun təsiri özünü daha çox hələ bundan sonra göstərəcək: "Azərbaycana gəlmək istəyən, tanımaq istəyənlərin sayı bu idman yarışından sonra daha çox olacaq. Çünki insanlar daha çox reklamlara yox, ölkəni görən insanların dediklərinə inanırlar, Azərbaycanı görən və onu məsləhət bilənlərin vasitəsilə buraya gəlirlər".
.jpg)
Qeyd edək ki, iyunun 17-dən Bakıda 21 Qran-pridən ibarət "Formula 1" üzrə dünya çempionatının sayca 8-ci Avropa Qran-prisi yarışlarına start verilib.
İyunun 19-dək davam edən və hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparan yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası isə Formula 1 təqviminə ən yeni əlavədir. Bakı Şəhər Halqası mövcud treklər arasında ən uzun məsafəli, mümkün sürət həddinə görə isə ən sürətlisidir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
İlkin İzzət
Milli.Az