Bu həll variantı atəşkəsin təmin olunmasını, işğal altındakı torpaqların qaytarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını və gələcəkdə statusla bağlı referendum keçirilməsini nəzərdə tutur
Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub. Səfər çərçivəsində Sankt-Peterburq şəhərində Azərbaycan dövlət başçısı ilə Rusiya prezidenti arasında təkbətək görüş olub. Bunun ardınca isə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib. Hər üç prezident görüşün yekunlarına dair birgə bəyanat qəbul ediblər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər.
Prezidentlər münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu da ifadə ediblər. Cari ilin aprel hadisələrindən sonra prezidentlər İlham Əliyev və Serj Sarkisyanın sayca ikinci görüşünün nəticələri barədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri pozitiv fikirlər bildiriblər. Azərbaycan xarici işçlər naziri Elmar Məmmədyarov görüşün konstruktiv şəkildə keçirildiyini, Azərbaycan tərəfinin görüşün nəticələrini müsbət qiymətləndirdiyini söyləyib. Onun erməni həmkarı Edvard Nalbəndyan da prezidentlərin görüşünün olduqca faydalı olduğunu, konstruktiv atmosferdə keçirildiyini vurğulayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də adəti üzrə özünün "Tvitter" səhifəsində Sankt-Peterburq şəhərində keçirilmiş görüşü, eləcə də birgə bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımlar kimi dəyərləndirib.
Rəsmi şəxslərin mətbuata açıqladığı fikirlərdən də aydın olur ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü konstruktiv şəraitdə keçib. Aprel döyüşlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Danışıqlar prosesinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri, dünya ictimaiyyəti bir daha əmin oldu ki, bu, dondurulmuş münaqişə deyil, hər an yenidən alovlana, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna və faktiki, müharibə başlaya bilər. Artıq ATƏT-in Minsk qrupu həmsədrləri qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Eyni zamanda, Ermənistan da anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesinin uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyildir, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Bu baxımdan, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.
Ümumilikdə bu yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, ATƏT Minsk qrupu həmsədrlərinin fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir. Rəsmilərin və vasitəçilərin də açıqlamalarından görünür ki, Sankt-Peterburq görüşü konstruktiv şəraitdə keçib. Görüş danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa əsas verir. ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər. Onu da vurğulamaq yerinə düşər ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı isə atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.
Millət vəkili Sahib Alıyev Snakt-Peterburq görüşündən sonra prezidentlərin birgə bəyanatını, orada görüşlərin bu formatda davam etdiriləcəyinin anons olunmasını, xarici işlər naziri E.Məmmədyarovun danışıqların konstruktiv keçdiyini vurğulamasını, onun substantiv xarakter daşımasını əsas gətirərək, yaxın gələcəkdə münaqişənin tənzimlənməsində irəliləyişin mümkünlüyünü qeyd edib. O, ortalıqda bununla bağlı hansısa planın varlığını da ehtimal edib: "Cəbhədə beynəlxalq izləyicilərin sayının artırılmasına razılıq verilməsi o deməkdir ki, erməni tərəfin aprel döyüşlərində itirdikləri torpaqları geri qaytaracaqları haqda səsləndirdikləri gurultulu vədlərin üstündən, artıq möhkəm bir xətt çəkilib və bunun mümkünsüzlüyü onlara başa salınıb. İzləyicilərin sayının artırlması eyni zamanda həm də o deməkdir ki, Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yolu ilə çözümü üçün ermənilərə qısa sürəli bir şans verir. Bunu ona görə edir ki, torpaqların azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmasın. Deməyə söz qalmayanda isə ordu nə etməli olduğunu yaxşı bilir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə görüşdə problemin əsas məğzini iki cümlə ilə ifadə etməsinə diqqət çəkib. Bildirib ki, Azərbaycan dövlət başçısı, "Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzdir və erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır" - fikrini səsləndirməklə, münaqişənin həllinə dair qəti mövqeyini bir daha ortaya qoyub: "Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırkı sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas açar dövlət hesab edir. Vladimir Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa Putin simasını itirəcək, sözü yerə salınmış kimi görsənəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi. Nəzərə alınmalıdır ki, Sankt-Peterburqda heç bir hüquqi sənəd imzalanmayıb və Azərbaycan üzərinə hansısa hüquqi öhdəlik götürməyib".
Politoloq Fikrət Sadıxov da prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv formatda keçdiyini söyləyib. Qeyd edib ki, 3 ölkə rəsmilərinin apardığı danışıqların arxasında Azərbaycanın maraqlarına uyğun addımların atılacağı gözləniləndir: "Bu addımların nədən ibarət olacağını indidən demək tezdir. Müəyyən məqsədlərdən irəli gələrək hələlik atılacaq addımlar ictimaiyyətə açıqlanmır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin optimist bəyanat verməsi də bəzi səbəblərlə əlaqədardır. Azərbaycan tərəfi real optimist bəyanat verir. Biz başa düşürük ki, münaqişənin tənzimlənməsində Rusiyanın mövqeyi Azərbaycanın maraqlarına daha da yaxınlaşır. Son zamanlar, xüsusən də aprel savaşından sonra bu, açıq-aydın hiss olunur. Vladimir Putinin danışıqlarından, səsləndirdiyi fikirlərdən də bunu hiss etmək mümkündür. Ola bilsin ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi işğal altındakı torpaqlarımızın azad edilməsi prosesi başladılsın. Bu, hal-hazırda bizim əsas strateji məqsədimizdir. Ermənistan xarici işlər nazirinin optimist fikirlərinə gəlincə, burada incə bir məqam var. Edvard Nalbəndyanın söylədikləri protokol naminə dilə gətirilən optimist sözlərdir. Azərbaycan tərəfinin optimist açıqlamalarından sonra rəsmi İrəvan pessimist fikirlər səsləndirərsə, bu, erməni cəmiyyətində birmənalı qarşılanmaz. Elə başa düşülər ki, danışıqlarda hər şey Azərbaycanın mənafeyinə və marağına uyğun şəkildə davam edir. O baxımdan erməni nazir diplomatik manevr edir, protokol naminə optimist fikirlər bildirir. Bu isə formal xarakter daşıyan bəyanatdır. Çünki, danışıqların nəticəsi olaraq, gec-tez işğal olunmuş Azərbaycan torpaqları boşaldılmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalmaqdadır. Azərbaycan Prezidenti ölkə daxilində keçirdiyi görüşlərdə, eləcə də Sankt-Peterburqda Vladimir Putinlə görüşəndə bu barədə birmənalı mövqeyini bir daha ortaya qoydu. Bu baxımdan elə hesab edirəm ki, prezidentlərin son görüşündə bu istiqamətdə hansısa razılıq əldə olunub".
"Kaspi"