Bakı, 26 fevral, AzərTAc
Prezident Vladimir Putin fevralın 25-də qabaqcadan ödəniş olmayacağı təqdirdə Rusiyanın Ukraynaya qaz nəqlini dayandıracağını bildirib. Ukrayna tərəfindən ödənilmiş qaz isə 3-4 sutkadan sonra bitəcək və bu situasiya Avropaya qaz tranzitini də təhlükə altında qoyur.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, Moskva və Kiyev arasında mübahisə Ukraynanın “Naftoqaz” şirkətinin Rusiya tərəfindən separatçıların nəzarət etdikləri bölgələrə birbaşa ötürülən qaza görə ödənişdən imtina etdiyi səbəbindən yaranıb.
Fevralın 19-dan “Naftoqaz” kompaniyası qondarma Donetsk və Luqansk respublikalarına qaz kəmərinin döyüşlər zamanı zədələnməsi səbəbi ilə mavi yanacaq nəqlini dayandırmışdı. Bundan sonra Rusiya Donbasa birbaşa olaraq qaz nəqlinə başladı.
Rusiya qazında fasilələrin yaranması ehtimalı Avropanın narahatçılığına səbəb olub.
Bu məsələlərin razılaşdırılmış “qış paketi”nə təsir etməyəcəyi barədə təminat almağa çalışdıqlarını deyən Avropa Komissiyasının Enerji ittifaqı məsələləri üzrə sədr müavini Maroş Şevçoviç Avropa Komissiyası, Ukrayna və Rusiyanın energetika nazirləri səviyyəsində tez bir zamanda üçtərəfli görüşün keçirilməsinin vacibliyini də qeyd edib.