Bakı. 27 iyun. REPORT.AZ/ “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra “Aqrarkredit” QSC) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - “Azərbaycan Beynəlxalq Bankı” ASC ) alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların (bundan sonra - əmlaklar) satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Müsabiqə Komissiyası yaradılsın:
Komissiyanın sədri
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Komissiyanın üzvləri:
Bayram Rzayev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini
Mehman Səfərov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri
Tehran Mehdiyev - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının
özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi
Cahangir Kərimov - “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini.
2. “Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müsabiqə Komissiyasına tapşırılsın ki:
3.1. “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:
3.1.1. əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul etsin;
3.1.2. satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin;
3.1.3. əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etsin;
3.1.4. əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etsin;
3.1.5. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul etsin.
3.2. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına baxsın və tövsiyələrini versin;
3.3. işini bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yarandıqda, öz işinə dair reqlamentlər və digər tənzimləyici qərarlar qəbul etsin.
4. “Aqrarkredit” QSC-yə tapşırılsın ki:
4.1. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;
4.2. hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etsin;
4.3. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına məlumat versin;
4.4. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etsin, zərurət yarandıqda, bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etsin;
4.5. Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.
5. Müsabiqə Komissiyasına və “Aqrarkredit” QSC-yə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin və ildə 1 (bir) dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.