[ 26 Fevral 2015 16:53 ]
Bakı. Məlahət Nəcəfova - APA. “Xocalı qətliamı yaxın tarixdə və müasir dövrdə insanlığa qarşı işlənmiş böyük cinayətdir”.
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hakim Ədalət və İnkişaf Partiyasının Tokatdan millət vəkilliyinə namizədi Hulusi Kılıç Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı yaydığı bəyanatda səsləndirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət də bu qətliamı lənətləməli və araşdırmalıdır: “Leyla xanım Əliyeva tərəfindən yürüdülən “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir və gözlənən ədalətin yerinə gətirilməsini səbirsizliklə gözləyirik. Xocalı qətliamı nəticə etibarilə bölgənin sülh, əmin-amanlıq və müstəqilliyinə təhdid edir və regional inkişafı əngəlləyir. Tarixin küllərini qarışdıraraq içində günahkar axtaranların və başqalarına böhtan atanların əvvəlcə öz yaxın tarixlərinə baxmalarını və törətdikləri cinayətlərin cavabını vermələrini gözləyirik”.
Keçmiş səfir bildirib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi heç kimə qarşı deyil, regional, dünyəvi sülh və əməkdaşlığa bir töhfə kimi qiymətləndirilməlidir: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün olması davam edir. Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarmaq gücünə sahibdir. Ancaq Azərbaycan münaqişənin sülh yolu ilə həllini gözləyir. ATƏT-in Minsk Qrupu üzərinə düşən öhdəliyi tərəfsiz şəkildə tez bir zamanda yerinə yetirməli, əks halda, ləğv edilməlidir”.