17 milyard dollarlıq layihə

17 milyard dollarlıq layihə
20:56 3 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan Azərbaycan, Rusiya və Qərb ölkələrinin iştirakı ilə yeni nəhəng enerji layihəsi təklif edir.

Bu layihə haqda Gürcüstanın Beynəlxalq Neft Korporasiyasının keçmiş prezidenti Georgi Çanturiya danışıb.

Çanturiya bu layihəni işləyib hazırlayanlardan biridir. O, reportiori.ge portalına müsahibəsində deyib ki, layihə Gürcüstanın Supsa limanında nəhəng energetika mərkəzinin yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 17 milyard dollardır. Çanturiyanın sözlərinə görə, layihənin həyata keçirilməsi Supsada neft emalı zavodunun tikintisi ilə başlamalıdır. Ötən əsrin 90-cı illərində Azərbaycan neftini nəql etmək üçün Bakıdan Supsaya neft kəməri çəkilib. Hazırda bu kəmər tam gücü ilə olmasa da işləyir.

Çanturiyanın dediyinə görə, layihənin ikinci mərhələsində Supsada böyük gücə malik unikal neft-kimya kompleksinin tikintisi planlaşdırılır. Çanturiya bildirib ki, bu layihə həələ 90-cı illərdə amerikalıların iştirakı ilə işlənib hazırlanmışdı, ancaq sonradan müxtəlif səbəblərə görə layihə həyata keçirilmədi. “Bu gün vaxtı çatıb ki, Gürcüstan bu layihənin həyata keçirilməsi üçün təşəbbüs irəli sürsün. Layihə faktiki olaraq hazırdır. Biz bu layihə sayəsində Qara dəniz və Xəzər dənizinin energetika mərkəzinə çevrilə bilərik”-Çanturiya bildirib.

Onun fikrincə layihənin həyata keçirilməsi Rusiya üçün də çox sərfəlidir. Eyni zamanda layihə Avropa strukturlarının energetikaya dair tələblərinə tam cavab verir. Çanturiya deyib ki, əməkdaşlıq rəqabətdən daha yaxşıdır. Çünki rəqabət “Nabukko” kimi layihəni öldürdü. Gürcüsrtan Beynəlxalq Neft Korporasiyasının keçmiş prezidentinin bildirdiyinə görə, bu gün Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft-qaz dəhlizlərinin ümumi maddi dəyəri 75 milyard dollardır.

O, deyib ki, Abxaziyadan keçməklə Novorosiysk limanından Supsaya qədər boru kəmərinin çəkilməsi layihəsi də mövcuddur. Həmin kəməri Bakı-Tiflis-Ceyhan kəmərinə birləşdirmək nəzərdə tutulur. “Biz bu dəhlizlə Qazaxıstandan və Rusiyadan böyük həcmdə neft ötürə bilərik, habelə Amerika şirkətlərinin Qazaxıstanda hasil etdiyi neft bu dəhlizlə nəql edilə bilərik”-Çanturiya bildirib.

Çanturiyanın dediyinə görə, Supsadakı layihənin reallaşması bu ilin sentyabrında başlaya bilər. Layihənin təşəbbüskarı Gürcüstan-Amerika şirkəti olan “İnter Energy Group”dur. “Şübhə yoxdur ki, bu layihənin reallaşmasına Azərbaycan və Qazaxıstan, habelə bu ölkələrdə işləyən Qərb şirkətləri də qoşulacaq”-Çanturiya bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR