Və ya Rusiya NATO sammitinə "Qarabağ sürprizi" edə bilərmi?;İşğalçı ölkə aprel döyüşləri ərəfəsindəki kimi "informasiya müharibəsi"nə start verib; politoloqların vəziyyətlə bağlı operativ şərhi

Polşanın paytaxtı Varşavada öz işinə başlayan NATO sammitində Qarabağ məsələsinə də diqqət ayrılıb. Azərbaycan prezidenti İlham Əliyevin də dəvətli olduğu toplantıdan öncə jurnalistlərin suallarına cavabında NATO baş katibi Yens Stoltenberq deyib ki, yekun sənəddə Dağlıq Qarabağ məsələsi də əksini tapacaq.

Son zamanlar Qarabağla bağlı danışıqlarda hərəkətlilik müşahidə olunsa da, qoşunların təmas xəttində gərginlik müşahidə olunmaqdadır. Bir neçə gün əvvəl Azərbaycan ordusunun əsgəri cəbhədə şəhid oldu. Bu gün isə Ermənistan Azərbaycanı təxribat-diversiya cəhdlərində ittiham edib və artıq Müdafiə Nazirliyimiz tərəfindən düşmənin iddialarını "dezinformasiya" adlandırıb. Müdafiə Nazirliyi bir daha bildirib ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq: "Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Düşmən ölkədən gələn digər xəbərə görə, Ermənistanda müxalif cərəyanlardan birinin rəhbəri Qaqerin Çukazyan, onun müavini Qurucan Avetisyan, veteranlardan ibarət "Şaqan batalyonu"nun keçmiş hərbçiləri Azərbaycana hücumla bağlı bəyanat veriblər. Məlumata görə, birinci Qarabağ müharibəsi veteranlarından ibarət 1000 nəfərlik könüllü yığılıb və onlar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq, Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı itirilmiş 800 hektar ərazini azad etməyə hazırlaşırlar.

Bu kimi hərəkətlər aprel hadisələrindən öncəki situasiyanı xatırladır. Mart ayında da Ermənistandan davamlı şəkildə Azərbaycan ordusunun guya "təxribat-diversiya hücumları" təşkil etdiyi və bunun "qarşısının alındığı" barədə düşmən mediası xəbərlər yayırdı. Paralel olaraq ermənilər Azərbaycanı "cavab zərbələri" ilə hədələyirdilər. Məhz 2-5 aprel döyüşləri də erməni təxribatları nəticəsində baş verdi. Düşmən informasiya müharibəsi apararaq Azərbaycana qarşı həyata keçirməyə hazırlaşdığı təxribatlara bəraət qazandırmağa çalışmışdı.

O zaman Azərbaycan və Ermənistan prezidentlərinin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi belə ehtimallara yol açdı ki, gərginliyin tətikçisi üçüncü qüvvə olub. Bəzi müşahidəçilər hətta olaylarda şimal qonşumuzun barmağının olduğunu da iddia edirdilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, NATO-nun Polşada iki gün davam edəcək sammitində də Azərbaycan prezidenti ilə yanaşı, erməni prezident S.Sərkisyan da iştirak edib. Bu mənada Rusiyanın tərəflərə sürpriz edə biləcəyi ehtimalı ortaya çıxır. Xüsusilə də Ermənistandan gələn son xəbərlər ehtiyatlı olmağı diktə edir. Qeyd edək ki, NATO və Rusiya arasında "soyuq savaş" davam edir. Üstəlik, NATO liderlərinin 2 günlük görüşündə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsi razılaşdırılacaq. Bu da Kremli heç cür razı sala bilməz. Eyni zamanda sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir. Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ərəfəsində NATO-nun məsələni gündəliyinə daxil etməsi məntiqlə aprel atəşkəsinə nail olan Moskvanı qane etməməlidir. Xüsusilə də bu günlərdə hava məkanını da tam nəzarətinə aldığı Ermənistanın prezidentini NATO kuluarlarında görmək Kremlə heç də xoş təsir bağışlamır. Bu mənada hesab olunur ki, həm də Ermənistanı cəzalandırmaq üçün cəbhədə silahların işə salınmasına rəvac verilə bilər.

Politoloq Şahin Cəfərli mövzunu şərh edərkən bidirdi ki, Azərbaycan və Ermənistan NATO-nun tərəfdaş ölkələri qismində sammitə qatılıblar: "Bu məsələdə Rusiyanı qıcıqlandıracaq məqam yoxdur. Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazın digər iki ölkəsinin hələ ki NATO-ya üzvlük hədəfləri yoxdur. Ermənistan Rusiyanın strateji müttəfiqidir, ərazisində Rusiyanın hərbi bazaları var və belə bir dövlətin zatən NATO üzvlüyünə iddia etməsi mümkün deyil". Ş.Cəfərli qeyd etdi ki, Azərbaycanın NATO ilə münasibətləri bir az fərqlidir: "Ölkəmiz hərbi-siyasi ittifaqla fərdi tərəfdaşlıq münasibətləri quran dövlətlərdən biridir. Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında aydın göstərilmiş strateji hədəflərdən biridir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri Sülh Naminə Tərəfdaşlıq üzrə Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapıb. Bu sənədlərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təminatı, fövqəladə hallara hazırlıq, yaranan təhlükəsizlik təhdidləri ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri qeyd olunub. Azərbaycan NATO-nun Əfqanıstandakı sülhü dəstəkləmə əməliyyatında (ISAF) iştirak edir. Lakin bütün bunlara baxmayaraq, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanın hazırkı mərhələdə NATO-ya üzvlük hədəfi yoxdur".

Politoloq vurğuladı ki, rəsmi Bakı bu məsələdə Rusiya amilini nəzərə alır: "Ona görə də hələ ki Azərbaycan-NATO əməkdaşlığı Moskvanı narahat edəcək səviyyədə deyil. NATO-nun Dağlıq Qarabağ münaqişəsinə münasibətinə gəldikdə isə, qeyd etməliyik ki, ittifaq münaqişənin həllində iştirak etməsə də, onun dövlətlərin ərazi bütövlüyü və suverenliyinə münasibəti hər zaman birmənalı olub. NATO zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyünə həmişə aydın dəstək ifadə edilib. Varşava sammitinin yekun sənədində də Azərbaycanla bağlı məqamlar var. Baş katib Yens Stoltenberq münaqişə tərəflərini gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağıracaqlarını bildirib. Ümid edirəm ki, ərazi bütövlüyü məsələsi sənəddə bir daha vurğulanacaq".

Politoloq Elxan Şahinoğlu isə vurğuladı ki, Azərbaycan və Ermənistan onsuz da NATO-dan məsafə saxlayırlar: "İki ölkə prezidentlərinin Varşavada iştirakları nominal xarakter daşıyır. Ona görə mən inanmıram ki, bu, çox da Kremli qəzəbləndirib". Qoşunların təmas xəttində baş qaldıran gərginliyə gəldikdə, politoloq "Lavrov bazar ertəsi Bakıya gəlir. Yəqin tərəflərdən hər hansı biri gedişatdan narazıdır"-deyə, bildirdi.

Ermənistandakı fəallaşmanın arxasında müdafiə naziri S.Ohanyanın da yer aldığı Sərkisyan əleyhdarlarının dayandığını da istisna deyil. Müharibə tərəfdarları olan bu qüvvələr guya Sərkisyanın Qarabağı Azərbaycana qaytarmaq istədiyi barədə son zamanlar hay-küy salır və apreldə itirilmiş əraziləri də geri qaytaracaqları barədə sərsəm bəyanat verirlər. Bu mənada artıq mərkəzi hakimiyyətin nəzarətindən kənar fəaliyyət göstərən rusiyameylli qüvvələr cəbhədə hər cür təxribatlara əl ata bilərlər...

Milli.Az