Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyə tərəfi avqustun 31-də Antalyada baş tutacaq futbol üzrə Türkiyə və Rusiya milli komandalarının oyunu zamanı rusiyalı futbolçuların və azarkeşlərin təhlükəsizliyinə zəmanət verir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Əlbəttə, Rusiya milli komandasının və rusiyalı tərəfdarların təhlükəsizliyinin tam təmin ediləcəyinə əminik. Bildiyiniz kimi, Türkiyədə beynəlxalq görüşlər, o cümlədən Çempionlar Liqası və Avropa Liqası qarşılaşmaları heç bir problem olmadan keçirilir. Son 10 ildə Türkiyəyə səfər edən klub və yığmaların təhlükəsizliklə bağlı heç bir problemlə üzləşməməsinə nail olmuşuq", - mətbuat xidmətindən bildirilib.
Federasiyadan qeyd edilib ki, Türkiyə tərəfi oyun zamanı təhlükəsizliyin təmin olunması məqsədilə polis və xüsusi təhlükəsizlik xidmətlərini cəlb etməklə bütün zəruri tədbirləri görəcək: "Antaliyadakı matçın problemsiz keçəcəyinə əminik."