"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı (FHN) Anar Hüseynov, təqsirləndirilən şəxsin qonşusu Knyaz Yusifov, F.Hüseynovun qardaşları - Hüseyn Hüseynov, Nuru Hüseynov, Vahid Əsgərov və Rauf Babayev ifadə verib.
FHN əməkdaşı olan A.Hüseynov bildirib ki, idarəyə yanğınla bağlı məlumat daxil olub: "İki mərtəbəli yaşayış evinin birinci mərtəbəsi yanırdı. Oranı söndürəndən sonra evdə heç kəsin yaşamadığı məlum oldu".
K.Yusifov ifadəsində V.Əbilhəsənovaya torpaq almaq üçün 18 min manat verdiyini deyib: "2014-cü ildə 3 torpaq sahəsi aldım. Pulu Vəsilə xanımın özünə verdim. Vəsilə xanımın göstərişi ilə Fədai həmin torpaq sahələrini mənə göstərib".
H.Hüseynov qeyd edib ki, hadisə vaxtı səhhəti ilə əlaqədar Türkiyədə olub: "Mən də ümumilikdə 94 min manat pulu Vəsilə xanıma vermişəm. Lakin torpağın yalnız birinin sənədlərini ala bildim".
V.Əsgərov isə bildirib ki, 3 hektar torpaq sahəsi üçün hissə-hissə V.Əbilhəsənovaya 170 min manat pul verib: "Həmin pulları Fədainin yanında Vəsilə xanıma verdim, lakin sənədləri ala bilmədim, torpaq sahəsini də həmçinin..."
Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.