Güman olunur ki, vəhylə şərəflənmiş ölkələr şərəflənməmiş ölkələrlə müqayisədə tərəqqiyə daha yaxındır, stabilliyə daha meyllidir; belə ölkələr üçün yol açıqdır, maneələr yox dərəcəsindədir və onlar gediləcək yolu işıqlandıracaq, təhlükələri dəf edəcək gücə sahibdirlər.
Amma keçmişə və bugünə dair müşahidələr bunun əksini söyləyir. Məlum olur ki, böyük kütlələr iki səbəbə görə dinin bərəkətindən məhrum qalıb: ya qəlbimiz azıb, ya da ağıllı-başlı düşünməmişik. Bəzilərimizdə isə hər iki səbəb birdən özünü göstərib.
Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, Qurani-Kərimi diqqətlə oxuyanlar görəcəklər ki, əvvəlki Kitab əhli haqqında çox söz açılır. Nə üçün? Ona görə ki, sonuncu risalətin daşıyıcıları daşqəlblilikdən, kəmağıllıqdan uzaq dursunlar, sağlam və şüurlu düşünsünlər.
Nə olardı, sonuncu vəhyin şüaları ilə bu həqiqətləri görə bilərdik. Ağıl hər dəfə yanlışlığa düşdükdə, qəlb hər dəfə nəfsin şıltaqlıqlarına qulaq asdıqda imanın təsiri azalır. Daha açıq desək, düzgün insanlar azaldıqca, duyğular daşlaşdıqca, insanın ən ali dəyərləri: düşüncəsi və vicdanı donuqlaşdıqca din cəmiyyətdə, qəlblərdə özünə yer edə bilmir. Bu nöqteyi-nəzərdən, professor Əbdülmün`im Xəllafın "İnsana inanıram" kitabı çox xoşuma gəlir.
Din səthi, dayaz düşüncə ayinlərindən ibarət olduqda ikonalara, dini nəğmələrə çevrilir. Yox, əgər tamahkarlıq və nəfsi istəyin tabeliyindəki fərasətlilikdən ibarət olarsa, qənimət toplamağa və müəyyən maraqlara xidmət edən vasitəni xatırladar.
Sokrat bu sözləri söyləyərkən səhv etmişdi: "Fəzilət - bilikdir". Şəhvətlərinin əsiri olmuş insanların nəzərində biliyin bir dəyəri varmı?
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?" (əl-Casiyə, 23).
Deməli, təkcə bilikli olmaq kifayət etmir. Həmçinin, saf niyyət və ixlas (Allahın razılığını məqsəd güdmə) tələb olunur. Erkən dövr alimlərimiz demişlər ki, xilas iki şeylə mümkündür: fiqh və qərəzsizlik. Fiqh - hökmə dair doğru bilikdir. Qərəzsizlik isə bir işdə şəxsi istəklərdən, niyyətlərdən uzaq olmaqdır, həmin şeyi sırf Allah üçün görməkdir. Məlumdur ki, hər ikisinə sahib olmaq ağır zəhmət tələb edir.
Xaricilər ixlaslı idilərmi? Çoxları hesab edir ki, onlar saf niyyətli olsalar da, ağıldanyüngül idilər, uzaqgörən deyildilər.
Düşünürəm ki, onların ağıllı insanlara, bilik sahiblərinə qulaq asmamaqları inadkarlığın bir formasıdır. Məhz bu inadkarlıq onların ixlasının üstündən xətt çəkir, etdiklərini mötəbər ictihad dairəsindən çıxarır.
Fəzilət o zaman biliklə ölçülür ki, həmin bilik Allahı razı salsın, xeyir işləyib haqqa kömək etsin, batili puça çıxarsın, xeyri xeyir, şəri də şər olaraq göstərsin. İslam dünyası bu cür biliyə sahib kişilərə möhtacdır!
İslam coğrafiyasının müxtəlif yerlərindəki dindar mühitlərə naqislik və donuqluq (ətalət) xasdır. Xəstə xarakter müsəlmanları hərəkət etməyə qoymur, onları yerə qısır. Bu dindar mühitlərin abı-havası aydınlığın, işığın, parlaqlıq və sərbəstliyin olduğu Quran abı-havası ilə heç cürə üst-üstə düşmür.
Sonuncu vəhy bizə rəbbimizlə, insanlarla əlaqələrimizi başa salıb. Öyrəndik ki, Allah təkdir, bütün məxluqat Ona tabedir, ölümə (məhv olmağa) məhkumdur. Biz bu dünyada ömrümüzü keçirdikdən sonra mütləq Ona qayıdacağıq. Dünyada necə yaşamışıqsa, axirətdə də o cür hesaba çəkiləcəyik.
Bəli, Quran bütün bunları əvvəlki fəlsəfi təlimlərdə və dinlərdə müşahidə edilməyəcək qədər aşkarlıqla bizə başa salıb.
Aristotelin təsvir etdiyi tanrı bayğın tanrıdır, kimin nə edir, nə qayırmağından xəbəri yoxdur. Amerikalı filosof U. Dürantın (1885-1981) təbirincə, bu tanrı, İngiltərə kraliçası kimi krallıq etsə də, heç bir səlahiyyətə sahib deyil! Bəlkə də, dünya ondan kimyəvi reaksiyalar vasitəsilə meydana gəlmişdir! Doğrudan da, bu, nüfuzu və əhəmiyyəti olmayan tanrılıq anlayışıdır!
Üçlü tanrı (üç üqnüm, troitsa - xristian dinində: üç sifətdə (ipostasda) birləşmiş tanrı - mütərcim) məfhumu da Aristotelin tanrı anlayışından az əcaib deyil! Bir dağı bir şüşəyə yerləşdirmək üçlü tanrı ideyasını beyinlərə yerləşdirməkdən daha asandır! Habelə, İlk Günah və Fədakarlıq (İsa peyğəmbərin bütün bəşəriyyətin günahları üçün özünü qurban verməsi - mütərcim) anlayışları da uydurmadan başqa bir şey deyil!
Bu səbəbdən elm dindən ayrılmış, hərəsi bir istiqaməti tutub getmişdir. Şair də yaxşı deyib:
O, Şərqə üz tutdu, mən isə qərbə doğru getdim
Şərq və Qərb arasındakı fərq necə də böyükdür!
Sonuncu vəhyə gəlincə - yer üzündə ondan qeyri vəhy qalmayıb, - o, insanların nəzərini Allahın mövcudluğuna dəlalət edən kainata yönəldir, əzəməti, vəhdaniyyəti təbiət və kainatda təcəlli etmiş bir ilaha yönəldir:
"Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir!)
Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" (əl-Mumin, 64-65).
Qəribədir ki, bu vəhyə sahib ümmət nə onunla düzgün yoldaşlıq etməyi bacarır, nə onun parıltısı ilə aydınlanır, nə də ondan Allah və bəndə qarşısındakı vəzifələrini öyrənir. Baxanlar da baxır, onu dünya karvanından geri qalmış görürlər; birisi ona avadanlıq, digəri də çörək verir; yaralarını sarımaq üçün verdikləri dava-dərmanı, özünü müdafiə etmək üçün də verdikləri silah-sursatı bu ümmətin başına çaxanlara da rast gəlirik... Həm özümüzə, həm də dinimizə xidmət göstərmək naminə istehsalata gəlincə, ortada quru sıfırlardan başqa heç nə yoxdur!
Fikrimcə, psixoloji və elmi məğlubiyyətlər siyasi (həm də diplomatik) və hərbi məğlubiyyətlərdən daha pisdir. Çox vaxt ikinci birincinin nəticəsi kimi çıxış edir.
Şərqi Avropada yıxılmış bütə baxıram; xalqlar kommunizm həbsxanasından qurtulmaq üçün basa-bas salıblar; dünənin liderlərini bugün təqib edən, onlara lənətlər yağdıran xalqların hayqırtısı hər yeri bürüyüb.
Hesab edirdim ki, kommunizmin Şərqi Avropadakı ayıblarının üstü açıldıqdan sonra ərəb kommunistləri də xəcalətdən qaçıb gizlənəcəklər. Amma belə olmadı. Əksinə, onlar əl-ələ verib, müsəlman ailəsi qayda-qanunlarının ləğvi üçün Əlcəzairdə qadınların nümayişlərini təşkil etdilər.
Bir dostum mənə demişdi: "Nə üçün təəccüblənirsən? Buna islamçılar özləri şərait yaradıblar. Onların təqdim etdikləri islamımı arzulayırsan? Təsəvvür et ki, həm keyfiyyətli, həm də görünüşü gözəl avtomobillərdən ibarət bir sərgi var. Və bütün gözlər maşınlardakı cazibədarlığa dikilib. Qəfildən haray-həşirlə bir qrup insan peyda olur, müştərilərə etiraz edərək, onlardan maşınları deyil, özləri ilə gətirdikləri minik heyvanlarını (atları, eşşəkləri, qatırları...) almağı tələb edirlər. Səncə, müştərilərin buna münasibəti necə olacaqdır? Təbii ki, onlar həmin adamları ələ salıb, həm onlardan, həm də minik heyvanlarından uzaqlaşacaqlar. Bax, islamçılar islamı bu cür təqdim edirlər!
Həmin islamçıların yeri mal bazarıdır, gedib orada işləsinlər. Onların islamdan danışmağa haqları çatmır. Çünki nə onu doğru-dürüst başa düşüblər, nə də onun səviyyəsinə çatıblar".
Milli.Az