Dağlıq Qarabağdakı cinayətkar rejimin "müstəqillik"lərinin 25 iliiyini qeyd etməsi və forpostbaşı Serj Sarkisyanın da oraya getməsi açıq-aydın göstərdi ki, ermənilər heç bir güzəştə getmək istəmirlər və danışıqlar yoluyla məsələnin həlli son dərəcə qəlizdir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Millət vəkili xüsusilə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlamalarına cavab olaraq belə davam edərsə, savaş ehtimalının artacağını qeyd edib:

"Ceyms Uorlikin, yumşaq desək, adekvatlıqdan tam uzaq tvitləməsini nəzərə almasaq, həmsədr dövlətlər həmişə olduğu kimi yenə də Ermənistan rəhbərliyinin savaşa təhrik kimi qiymətləndirilə biləcək bu hərəkətinə heç bir reaksiya vermədilər.
Sentyabrın 3-də, yəni "yubiley" tədbirlərindən bir gün sonra nədənsə vəcdə gələrək "Dağlıq Qarabağda sülh mümkündür" yazan amerikalı həmsədr, görəsən, nə demək istəyir? Aprel döyüşlərindən sonra düşmənə və havadarlarına düşünmək üçün verilən vaxt limitinin bitmək üzrə olduğunu doğrudanmı o anlamır?
Xeyr, cənab Uorlik, vasitəçilik missiyasını daha çox tvitterdə bu cür ikibaşlı şərhlər yazmaqda görən sizin kimi biriləri həmsədr olaraq qaldıqca Dağlıq Qarabağda sülh mümkün deyil, əksinə, hər ötən gün orada savaş ehtimalı artır".
İlkin İzzət
Milli.Az