"Qəbələ"nin hücumçusu Sergey Zenyovun xanımı Svetlana Zenyova futbolinfo.az saytına müsahibə verib. Milli.Az həmin müsahibəni təqdim edir:

- Azərbaycanda yaşamaq necədir? Özünüzü necə hiss edirsiniz?

- Tam fərqli mədəniyyətdir. Bəzi anlarda çətinliklərlə rastlaşıram. Ancaq biz - estonlar üçün əla iqlimdir. İstidir, çoxlu meyvə-tərəvəziniz var. Müsbət məqamlar o qədərdi ki, saymaqla bitməz.

- Vətəninizə mütəmadi baş çəkmək imkanınız olur?

- Sergey Estoniya millisinə hər dəfə dəvət aldıqda mən də onunla birlikdə vətənə baş çəkirəm.

- Gəncsiniz, müttəfiq olduğumuz zamanları görməmisiniz. Estoniya Avropa, Azərbaycan isə Şərq ölkəsidir. İlk dəfə eşidəndə ki buraya gələcəksiniz, üsyan etmədiniz?

- Bu söhbətdən xeyli əvvəl evdə demişdim ki, istənilən diyara köçməyə hazıram, bircə müsəlman ölkəsi olmasın. Ancaq bu seçim edildikdə, anladım ki, ən önəmlisi ərimin yanında olmaqdır. Bax, bu üzdən də şok yaşamadım.

- Buna baxmayaraq, həyat elə gətirdi ki, müsəlman ölkəsində yaşamalı oldunuz...

- Qismət beləymiş.

- Nəyə görə müsəlman ölkəsinə gəlməyin əleyhinə idiniz?

- Fərqli mədəniyyət, yaşam tərzi... Həm də təbiətcə özüm bir az qorxağam.

- Düşünürdünüz ki, Azərbaycan terrorçularla doludur və hər tərəfdə güllə səsləri gəlir, qan axıdılır?

- Yox, elə deməzdim. Düşünürdüm ki, bu insanlarla dil tapmaq mənim üçün çətin olacaq. Siz azərbaycanlılardan nə gözləməli olduğumu bilmirdim. Ancaq burada olduğum müddətdə anladım ki, yanılırdım.

- Nə gözləyirdiniz, nə gördünüz?

- Düzünü deyirəm, Azərbaycanın gözəl ölkə olmadığını düşünürdüm. Bakını gördükdən sonra isə ağzım açıq qaldı. Müasir, gözəl və istədiyin hər şeyi tapmaq mümkün olan paytaxtınız var.

- Belə başa düşdük ki, "Qəbələ" paytaxt komandaları ilə oyunlara gedərkən, fürsəti qaçırmırsınız...

- Adətən, bəli. Nadir hallarda Qəbələdə qalırıq.

- Təsəvvür edin, Sergey karyerasının sonunadək Azərbaycanda qaldı və butslarını mismardan asdıqdan sonra Azərbaycanda yaşamağı təklif etdi...

- (Gülür) Yooox, inanmıram Seryoja belə qərar versin. Axı bizim orada evimiz var. Elə qohumlarımız, dostlarımız da hamısı Estoniyada yaşayırlar.

- Bir az geriyə qayıdaq. Tanışlığınız necə baş tutub?

- Gülməli səslənsə də, internetdə tanış olduq. Bir müddət sonra isə görüşdük və bir-birimizi bəyəndik. Yekunda isə gördüyünüz kimidir. Tanışlığımızdan 10 il ötür. O vaxt 16 yaşım var idi. Ailə qurmağımızdan isə 5 il ötür.

- Azərbaycan mətbəxinə münasibətiniz necədir?

- Lülə-kabab üçün sino gedirəm. Heç vaxt bu təamdan dadmamışdım. İndi isə Azərbaycanın harasına getməyimizdən asılı olmayaraq, rastıma çıxan kimi, mütləq yeyirəm.

- Lülə-kabab yağlı yeməkdir. Kökəlməkdən qorxmursunuz?

- Xeyr, genetik olaraq kökəlməyə meylli deyilik. Həm də 10 il ərzində yüngül atletika ilə məşğul olmuşam.

- Futbola münasibətiniz necədir: Sergeyə görə azarkeşlik edirsiniz, yoxsa bu idman növünü sevirsiniz?

- Ərimə görə azarkeşlik edirəm. Futbol fanatı deyiləm. Heç onunla tanışlığa qədər bu idman növü barədə düz-əməlli anlayışım da yox idi.

- Bəs futboldan kənarda Zenyov necədir? Amma xahiş edirəm, səmimi cavab verin.

- O, çox yaxşı atadır. Mövcud vəziyyətdə bu, ən vacibidir. Övladımıza çox diqqət yetirir. Sergey ailəmizin müdafiəçisidir. Onun kürəyi sanki divardır və özümüzü arxayın hiss edirik. Nəhayət, ərim çox mehribandır.

- Bəs kürəkən kimi necədir?

- Super! Açığı, heç ağlıma da gəlməzdi ki, valideynlərimə belə isti münasibəti olacaq. Axı onlar bir-birlərinə yaddılar. Görünür, məni elə sevir ki, bu, valideynlərimə də sirayət edir.

- Eyvanda olarkən oğlunuzun adını eşitdik. Nikita orta məktəbə burada gedəcək?

- Ona hələ çox var. Cəmi 2 yaşındadır. Bizdə orta məktəbə 7 yaşında gedirlər. Qarşıda 5 ilimiz var.

- Deyirsiniz ki, futbolu bir o qədər də sevmirsiniz. Stadionun eyvanında dayanmaq darıxdırıcı deyil?

- Deməzdim ki, futbolu sevmirəm. Sadəcə, ərim oynamadığı oyuna baxmayacam.

- Bəs Azərbaycanla Estoniya üz-üzə gəlsə və Sergeyə hansısa milli oyunçumuz xəsarət yetirsə, reaksiyanız necə olacaq?

- Bu, futboldur, həmin oyunçunu boğmaq eşqinə düşmərəm.

- Sergey özünü sizinlə tanış olarkən daha xoşbəxt hiss edirdi, yoxsa rəqib qapısına qol vurduqda?

- Ooo... Düşünürəm ki, bu, fərqli emosiyalardır. Tanış olarkən, 6 ay - 1 il insan eyforiyada olur, hər dəqiqə sevdiyin insan barədə düşünürsən. Yox, qərar verə bilmərəm. Gəlin belə edək, bu sualı ona verərsiniz (ürəkdən gülür).

- İlk görüş təşəbbüsü kimdən gəldi və hansı şəraitdə baş verdi?

- Təqribən 1 aya yaxın internetdə söhbət etdik. Bundan sonra Segey görüş təklif etdi.

- Sosial şəbəkə vasitəsi ilə tanış olub, sonra ailə quranlara son zamanlar çox rast gəlirik. Buna münasibətiniz necədir? İnsanlar xoşbəxtliyi internetdə axtarmalıdırlarmı?

- Tanış olduğumuz vaxt 16 yaşım var idi. Əlbəttə, indi - 26 yaşımda ikən bunun əleyhinəyəm. Düşünürəm ki, məhəbbəti internetdə yox, başqa sahələrdə axtarmaq lazımdır. O zaman bu, müasir addım sayılırdı və mən bununla razılaşdım. Şükür Allaha, hər şey uğurlu alındı.

- Oğlunuz sabah gəlib desə ki, internetdə qızla tanış olmuşam və onunla ailə qurmaq istəyirəm, - buna münasibətiniz necə olacaq?

- Yəqin ki, internetdəki tanışlıq real həyata keçmiş olacaq. Estonlarda nikaha gedən yol Azərbaycandakından daha uzun zaman kəsiyini əhatə edir. Əlbəttə, seçimi uğurludursa, niyə də yox? Həyatda hər şey ola bilər.

- Sergey sizə evlənməyi təklif edərkən valideynləriniz buna qarşı çıxmadılar?

- Xeyr, qətiyyən.

- Sergeyi seçməkdə futbolçu olması nə dərəcədə rol oynadı? Axı sirr deyil ki, futbolçular heç də pis pul qazanmırlar.

- Tanışlığımız zamanı o, Estoniya klubunda çıxış edirdi. Bizdə isə futbolçuların məvacibləri elə də yüksək deyil. Həm də 16 yaşım var idi. O dərəcədə düşüncə qabiliyyətinə malik deyildim.

- Gələcək həyat yoldaşınızın hansı xüsusiyyəti seçiminizdə həlledici oldu?

- Xeyirxahlığı, ürəyinin təmiz olması. Bağışlamağı bacarır.

- Bəs siz necə, xəyanət etsə, bağışlayarsınız?

- (Gülərək) Təxribata sürükləyirsiniz. İndi "yox" demək istəyirəm. Ancaq belə bir hal baş verəcəyi təqdirdə, necə qərar qəbul edəcəyimi söyləyə bilmərəm.

- Futbola olan sevgisi sizə olan münasibətdən üstün olsa, bunu xəyanət hesab edəcəksiniz?

- Yox, axı bu idmandır. Qoy elə futbolla mənə xəyanət etsin.

- Sergey zədəyə meylli oyunçulardandır. Bu hal baş verərkən hansı hissləri keçirirsiniz?

- Bilirsiz, Sergey daim futbolun içərisindədir. Axı əksər komanda yoldaşları istirahət etdiyi vaxt da o, yığmanın düşərgəsinə gedir. Yollar da üzücü olur, oyunların sayı da çoxdur. Bax, bu üzdən də zədələr onu təqib edir. Yığma düşərgəsindən qayıtdıqdan sonra isə yenidən klubdakı məşqlər.

- Zenyov məğlubiyyətdən sonra necə olur, qalib gəldikdə hansı əhval-ruhiyyədə olur?

- Baxır oyunun əhəmiyyətinə. Qələbədən sonra xoşbəxt olur. Məğlubiyyətdən sonra isə üzgün və yorğun görünür. Ancaq bu cür hallarda çalışır ki, futbolu evə buraxmasın.

- Ötənilki "Panatinaikos" zəfərini, yəqin ki, unutmamısınız. Final fitindən sonra sizə zəng edib, sevincini bölüşdü?

- Xeyr, belə adətimiz yoxdur. Mən onu Bakıda gözləyirdim.

Milli.Az

Əcnəbi gəlin: "Lülə-kabab üçün sino gedirəm..."  - FOTO
Əcnəbi gəlin: "Lülə-kabab üçün sino gedirəm..."  - FOTO