Qriqorçuk: "Mən azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram"

Qriqorçuk: "Mən azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram"
23:12 2 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Qalib gəldik və bizə lazım olan 3 xalı qazandıq. Uşaqlar bu gün gözəl oyun sərgilədilər. İdeal oyun olmasa da, bu, mənim arzuladığım futboldur".
"Report" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"la keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının ilk dövrəsinin son turunda 2:0 hesablı ilə qalib gəldikləri ev oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:
Bu qələbə sizi Ukraynaya aparmır ki?
- Xeyr. İstirahət vaxtını Qəbələdə keçirəcəyəm. Ailəm də burada olacaq.
İlk hissədə "Qəbələ” hücum etdi, "Qarabağ” müdafiə olundu. İkinci hissədə isə tam əksi oldu. Bu, sizin tapşırıq idi, yoxsa rəqib sizi müdafiə olunmağa məcbur etdi?
- Birinci hissədə çox gözəl oyun nümayiş etdirdik. İstəyimizə uyğun oynadıq. İkinci hissədə "Qarabağ” üstün olsa da, bu o demək deyil ki, onlar bizi müdafiə olunmağa məcbur etdi. Bugünkü oyuna görə futbolçulara "afərin” deyirəm.
Ozobiçin qolu daha uzaq görünürdü, yoxsa "Qəbələ”nin çempionluğu?
- Bizim planımız dəyişməz olaraq qalır. Oyundan oyuna inkişaf etmək.
Komanda hazırda yaxşı formadadır. Fasilənin komandaya nə kimi ziyanı ola bilər?
- Əksinə, fasilənin bizə xeyiri olacağını düşünürəm. Çox sıx qrafikdə oynayırdıq. Bu fasilədən özümüz üçün faydalanacağıq.
İlk hissədə tamamilə hücum futbolu oynayan "Qəbələ”nin ikinci hissədə çatdırmadığı görünürdü. Xüsusilə, Dabo və Uiks fiziki cəhətdən sanki hazırlıqlı deyildilər. Onlar bir hissəlik oyunçulardır?
- Bu suala necə cavab verəcəyimi bilmirəm. Bundan öncəki oyunda Dabo 60 metrlik məsafəni qət edərək, qol vurmuşdu. Düşünmürəm ki, onların fiziki cəhətdən problemi var.
Franyiçi bu gün meydanda görmədik. Buna səbəb nə idi?
- Bizdə kim daha hazırdısa, o da meydana daxil olur. Özümü öldürsəm də, 14 nəfərdən artıq oyunçunu meydana buraxa bilməzdim. Bu gün şans qazanmayan başqa oyunçular da oldu.
Səmimi cavab verin. Legioner limiti olmasa, bu gün meydana azərbaycanlı oyunçu buraxardınız?
- (Gülür) Son Avrokubok oyununda mən meydana 3 yerli futbolçu buraxdım. Bu sual bir qədər düzgün deyil. Siz bura mənim əhvalımı korlamaq üçün gəlmisiz? (gülür). Mən azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram. Futbolçuların pasportuna baxmıram. Kim layiqdirsə, o da oynayır. Azərbaycanda yaxşı futbolçular var. Bu gün hər iki komandada kifayət qədər yerli futbolçu çıxış edirdi. Bizim heyətimizdə yaxşı azərbaycanlı oyunçular var. Məsələn, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov və Rəşad Sadiqov. Rəşad mənim üçün fenomendir. Elvin Camalov da bu gün çox yaxşı çıxış etdi. Asif Məmmədov isə get-gedə artırır.
Bəzi futbolçular məhz sizin rəhbərliyiniz altında öz oyununu tapdı. Bunun üçün onlarla fərdi söhbətlər aparırsız?
- Mənim xüsusi proqramım yoxdur. Futbolçuların hamısı ilə eyni proqram əsasında çalışırıq. Təbii ki, futbolçuların fərdi keyfiyyətlərinə də baxırıq. Bəzi futbolçularla fərdi məşğul oluruq.
Hazırkı "Qəbələ” sizin futbol fəlsəfənizi nə dərəcədə həyata keçirir?
- İdeal heç nə yoxdur. Birinci hissədəki oyun mənim istəyimə yaxın idi. Ancaq ideal olmaq üçün öz üzərimizdə işləməliyik.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qriqorcuk-men-azerbaycanli-ve-legioner-futbolcular-arasinda-ferq-qoymuram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR