Karib dənizi hövzəsində tüğyan edən "Mettyu" qasırğası Haiti və Dominikanda 8 nəfərin ölümünə, 3 nəfərin itkin düşməsinə səbəb olub.
Qasırğa Kubanı da vurub.
Milli.Az CNN-ə istinadən bildirir ki, "Mettyu" Haitinin Cənub, Cənub-Şərq və Qrand-Ans departamentlərində 10 şəhərdə daşqınlar, sellər və torpaq sürüşmələri yaradıb. Ans-Milye şəhərində güclü torpaq sürüşmələri başlandığından oradan 7 min sakin təxliyə olunub. Daşqınlar altında qalmış Jeremi şəhərindən 9 min sakin və 300 məhbus çıxarılıb.
Dominikan Respublikasında 4 nəfər həlak olub, 17500 insan təxliyə edilib.
Kubanın şərq bölgələrindən isə 200 min insan çıxarılıb.
Kubanın dövlət başçısı Raul Kastro təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı işlərə şəxsən rəhbərlik edir.
Son on ilin ən güclü qasırğası sayılan "Mettyu"nun episentrində küləyin sürəti 220 km/saata çatır. Bu isə Saffir-Simpson şkalası ilə 5-ci kateqoriyadır. Qasırğa hazırda 15 km/saat sürətlə şərqə, ABŞ-ın Florida ştatına doğru hərəkət edir.
"Mettyu" hazırda Baham adalarının yaxınlığındadır.
ABŞ prezidenti Barak Obama Florida ştatına səfərini təxirə salıb. Obama Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintona dəstək mitinqinə və tədbirlərə qatılmaq niyyətində idi.
Floridanın qubernatoru Rik Skott isə Twitter-də yazıb: "Əgər "Mettyu" Floridanı vursa, son illərdə görünməmiş dağıntılara səbəb olacaq".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:





































