Ötən gün axşam saatlarında Şəmkir şəhəri 5 saylı uşaq
bağçası-körpələr evində baş verən hadisə zamanı tərbiyə
müəssisəsində heç kim olmayıb. Yanğınsöndürənlərə xəbər verildikdən
sonra hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin
canlı qüvvəsi və texnikası cəlb olunub.
Şəmkir şəhəri 5 saylı uşaq bağçası-körpələr evinin gözətçisi Əsəd
Əmiraslanov deyib: “Gördüm, yanğınsöndürən maşını gəldi. Mən
məəttəl qaldım ki, bu nə məsələdir. Bir də gördüm ki, çəpərdən bu
tərəfə keçdilər. Tez gəlib baxanda gördüm ki, yanır”.
Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, ümumi sahəsi 525 m2 olan
birmərtəbəli, 8 otaqdan ibarət uşaq bağçasının anbarı, eləcə də
qrup otağı və bir kabinet sıradan çıxıb.
Tərbiyə müəssisəsində alov ilkin olaraq anbardan başlayıb. Daha
sonra isə qısa zaman kəsiyində digər otaqlara keçib. Geriyə isə
bağçanın tam yararsız hala düşdüyü görüntülər qalıb.
Alov o qədər güclü olub ki, bağçaya məxsus xeyli sayda inventar da
yararsız hala düşüb. Ancaq tərbiyə ocağına məxsus sənədlərə heç nə
olmayıb.
Şəmkir şəhəri 5 saylı uşaq bağçası-körpələr evinin müdiri Aybəniz
Əliyeva deyib: “Bizim bağçada 3 otağa ziyan dəyib. Əşyalardan 2
soyuducu, 1 televizor, musiqi avadanlığı yanıb. Digər stol, stul və
yataq dəstlərinin isə dəqiq sayı hələ bilinmir”.
İkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma
səbəb olub. Araşdırmalar bunun nə dərəcədə doğru olub-olmadığını
aşkara çıxaracaq. (ARB)