"Bakı"nın sabiq futbolçusu: "O epizodda özümüzü günahkar bilmirəm"

"Bakı"nın sabiq futbolçusu: "O epizodda özümüzü günahkar bilmirəm"
01:32 18 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bakı"nın sabiq futbolçusu Aleksey Savinov 2010-cu ildə qalibi olduqları Azərbaycan kubokundakı final oyununu xatırlayıb.
37 yaşlı veteran müdafiəçi "Report"un Moldovaya ezam olunmuş əməkdaşına açıqlamasında "Xəzər Lənkəran"la 6 il öncə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş həlledici matçda Kamran Ağayevin qapısına vurduqları mübahisəli qolla bağlı fikirlərini açıqlayıb.
Savinov qarşılaşmanın əlavə vaxtında xorvatiyalı komanda yoldaşı Ernad Skuliçin topu rəqib qapısına göndərdiyi epizodda ədalətli oyun qaydalarının pozulmadığını vurğulayıb: "O epizodda heç bir halda özümüzü günahkar bilmirəm. Prinsipcə, düşünmürəm ki, ədalətli oyun qaydalarının pozulma halları var idi. Əksinə, "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev səhvə yol vermişdi. Bu, biz tərəfdən qəsdən, bilərəkdən edilməmişdi. Digər tərəfdən, biz futbolçular istənilən qərara hazır idik. Amma bu vəziyyətlə bağlı qərar verən məşqçilərimiz var idi.
Həmin vaxt baş məşqçimiz olan Cüneyt Biçər "davam edin" dedi. O, "fair-play" qaydalarının pozulduğunu hesab etmədi. Açığı, oyunu geri qaytarmaq mümkün olsaydı, elə mən özüm də düşünməzdim ki, bu, ədalətli oyun qaydalarının pozulması idi. Bununla belə, həmin qoldan sonra biz bir müddət çaşqın halda idik. Çünki heç kim topun tora qovuşacağını gözləmirdi. Qoldan sonra üzümüzü məşqçilərə tərəf çevirdik. Onlar da "davam edin" dedilər".
"Siz ikinci topu da vurduqdan sonra "Xəzər Lənkəran"dan təsəlli qolunu qəsdən buraxdınız?" sualına isə Savinov belə cavab verib: ""Xeyr, bu, doğru deyil. Sonuncu qol əlavə vaxtın birinci uzatma dəqiqələrində vuruldu. Cərimə zərbəsindən sonra çox gözəl qol alındı. Biz top buraxmaq istəmirdik".
Həmin oyunda "Bakı"nın baş məşqçisi olmuş Cüneyt Biçer sonradan bir müddət "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Savinov hesab edir ki, həmin vaxt Biçər nə vaxtsa Lənkəran komandasına rəhbərlik edəcəyini bilməyib. Hətta bilsəydi belə, düzgün qərarından dönməyəcəkdi: "Biz son turda "Xəzər Lənkəran"ı məğlub edərək, çempionluqdan məhrum etmişdik. Eyni zamanda, bu rəqibi ölkə kubokunun finalında yenmişik. Buna görə də bir daha "fair play" qaydalarının pozulduğunu hesab etmədiyimi və Biçerlə razı olduğumu bildirirəm. Məncə, o, həmin situasiyada düzgün qərar vermişdi. Ədalətli oyun qaydaları o halda pozulmuş sayılardı ki, Ernad Skuliç bilərəkdən qol vurardı. Amma biz topu Kamran Ağayevə verdiyimiz halda, o, səhvə yol verdi və qol buraxdı. Biz hadisələrin istənilən axarına hazır idik. Amma məşqçilər heyəti "oynayın" dedi. Məncə, bu məsələ ilə bağlı uzun müddət mübahisə etmək olar. Hər halda oyunda iştirak edənlər gözəl gördülər ki, 60 metr məsafədən qapıçıya top atılmışdı. Amma qolkiper səhvə yol verdi və topu buraxdı".
Qeyd edək ki, artıq məşqçiliyə başlayan Savinov "Bakı"da çıxış etdiyi dövrdə eyni zamanda Azətbaycan çempionu olub. Sözügedən oyunda isə əsas vaxt qolsuz tamamlanıb. Amma əlavə vaxtda "Bakı" 2:1 hesabı ilə qalib gəlib.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/baki-nin-sabiq-futbolcusu-o-epizoddaozumuzu-gunahkar-bilmirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR