Azarkeşlər "Qarabağ"ı niyə sevir: ad, yoxsa oyun?

Azarkeşlər "Qarabağ"ı niyə sevir:   ad, yoxsa oyun?
16:27 22 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Natiq Muxtarlı: "Qarabağ" Azərbaycan azarkeşlərini bir bayraq altında birləşdirən yeganə komandadı"

Ölkəmizi Avropada uğurla təmsil edən “Qarabağ” futbol klubu oktyabrın 20-sı axşamı bizləri növbəti dəfə sevindirdi. Avropa Liqasının qrup mərhələsindəki üçüncü oyununda təmsilçimiz Yunanıstanın PAOK klubunu Tofiq Bəhramov adına Respublika stadionunda sınağa çəkdi və 2-0 hesablı inamlı qələbə qazandı. 

Bu nəticə ilə “Qarabağ” qrupdan çıxma şanslarını növbəti turlara saxladı. Son üç ildə ardıcıl Avropa Liqasının qrup mərhələsində mübarizə aparan və oyunları ilə adından söz etdirən klubumuz PAOK oyununu da möhtəşəm azarkeş dəstəyi ilə keçirdi. 90 dəqiqə ərzində 30 minə yaxın azarkeş “Qarabağ”ın yanında oldu. Sosial şəbəkələrin də əsas mövzusu klubumuzun qələbəsi oldu. 
Ümumilikdə son illərdə “Qarabağ”ın oyunlarına diqqət yetirdikdə, bütün Avropa oyunlarında stadionun tamamən dolduğunun şahidi oluruq. Buna səbəb kimi fikir yürüdənlər arasında mövqelər fərqlidi. 

Bir qisim hesab edir ki, klubumuzun oyunlarında möhtəşəm azarkeş dəstəyinin olması Qarabağ adı ilə bağlıdı. Bunun əksini söyləyərək, stadionun dolmasına səbəb kimi “Qarabağ”ın nümayiş etdirdiyi stabil, baxımlı oyunu önə çəkənlər çoxluq təşkil edirlər. 

İdman jurnalistli Natiq Muxtarlı bildirib ki, Azərbaycanda futbola maraq daim olub: “SSRİ dövründə ölkəmizdə ”Neftçi"nin oyunlarında stadionlar tamamilə dolu olardı. O zamanın fotolarına baxanda görürük ki, Azərbaycan ziyalıları, mədəniyyət xadimləri, artistləri “Neftçi”yə azarkeşlik ediblər. Həmin ənənə bu gün də davam edir.  1990-cı və 2000-ci illərlə bağlı deyə bilərəm ki, Azərbaycan millisi heç vaxt azarkeş cəhətdən korluq çəkməyib. Daim millinin oyunlarını 30 minə yaxın azarkeş izləyib. Amma sonradan, xüsusilə Berti Foqtsun dönəmində millimiz o qədər zəif çıxış etdi ki, milliyə münasibət dəyişdi və bu da klublarımıza ciddi təsir etdi. Azarkeşlər sanki futboldan incik düşdülər. Amma son 7 ildə “Qarabağ”ın uğurlu oyunları azarkeşləri stadionlara qaytardı. 7 il öncə “Qarabağ”ın Norveçin “Rosenburq” klubu ilə oyunda qazandığı uğuru unutmaq olmaz.


Rəqibi ilə səfərdə heç-heçə edən klubumuz Bakıda qələbə qazanaraq dünyaya səs salmışdı. Həmin oyunda Bakıda stadion tamamilə dolmuşdu. Məhz uğurlu oyunlar seriyasi o zamandan başladı. Bu baxımdan, demək mümkündür ki, “Qarabağ”ın qəlblərdə yer tutmasına səbəb ilk növbədə göstərilən baxımlı oyundur. “Qarabağ” indi Avropa futboluna yaxın oyun göstərir. Oyunçular meydana candərdi çıxmır və qələbə üçün can qoyurlar, xüsusilə beynəlxalq oyunlarda. Burada bir amil də Qarabağ adının xalqımız üçün olan dəyəridi. 

Bu adın hansı mənanı kəsb etdiyi məlumdu. Xarici arenada bu adla olan klubumuzun uğurlarının ölkəmiz üçün əhəmiyyətini sözlə ifadə etmək çətindi. Bütün bu amillər birləşəndə istər-istəməz “Qarabağ”ın oyunlarına maraq daha da artır. Hətta fikir verəndə görürük ki, “Qarabağ”ın oyunlarında ölkəmizin digər klublarının azarkeşləri də iştirak edirlər. Məsələn, avrokuboklarda “Xəzər Lənkəran” oynayanda ora “Neftçi”nin azarkeşləri getməzdi, həmçinin rəqib klub da belə edirdi. Amma “Qarabağ”ın oyununda tamamilə bu amil aradan qalxıb. Hazırda Azərbaycan azarkeşlərini bir bayraq altında birləşdirən yeganə komandadı. Sizləri əmin edirəm ki, digər klublarımız da Avropada uğurlu çıxış etsələr, azarkeşlərimiz həmin klublara da möhtəşəm dəstək verərlər. Bu dəstəyi əldə etmək üçün mütləq “Qarabağ”ın keçdiyi yolu keçmək lazımdı. Bunu baxımlı futbol nümayiş etdirmək nöqteyi-nəzərindən deyirəm. Bütün bunlara görə “Qarabağ”ın azarkeşlər arasında bu dəstəyi qazanması təbii haldı".


Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa azarkeşlərin “Qarabağ”ın oyununa maraq göstərmələrini bu səbəblərlə izah edib: “Baxımlı oyun olmasa, azarkeşlər də gəlməz. Gözəl, stabil oyun oynayan komanda formalaşdırılıb. Qarabağ adına görə cəmiyyət yığışmır. ”Qarabağ"a münasibət də belədi. Zəif oyun olsa, getməyəcəklər. Bu baxımdan, “Qarabağ”ın oyununa görə azarkeşlərin stadionlara axışdığını demək daha doğrudur. Əslində zəif oyun olsa belə, Qarabağ adına görə dəstək olmaq lazımdı. Kimsə oyuna gedə bilmirsə, bilet alıb yaxınlarını göndərməlidir. Biz də belə edirik. Kömək etmək lazımdır ki, bilet alınsın, komandaya pul gəlsin, daha yaxşı transferlər edib, daha da möhtəşəm oyun nümayiş etdirsinlər".(Yeni Musavat)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarkelr-quotqarabaquot-niy-sevir-t53545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR