Elə bil ki, bu küçə yol polisinin yadından çıxıb... - FOTO

Elə bil ki, bu küçə yol polisinin yadından çıxıb... - FOTO
17:12 24 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu Yeni Yasamal yaşayış massivinin sakini olan sürücülər Milli.Az-a müraciət edərək Əsəd Əhmədov küçəsində yaranmış bərbad vəziyyətdən şikayət ediblər. Onların sözlərinə görə, sözügedən küçədə xüsusən də "bazarın qabağı" deyilən ərazidə, yəni Əsəd Əhmədov küçəsinin Dadaş Bünyadzadə küçəsinin iki qolunun kəsişməsi arasındakı təxminən 200-300 metr ərazidəki yolda süni tıxac əlindən hərəkət etmək olmur.
Şikayətçilər qeyd ediblər ki, həftənin istənilən günündə, hətta bayram günlərində təxminən axşam saat 22:00-a qədər bu ərazidən avtomobillə rahat keçmək olmur:

"Bir tərəfdən taksi sürücüləri yol kənarlarını, avtobus dayanacağını zəbt edir, digər tərəfdən də həmin ərazidə yolboyu yerləşən ofislərə, çoxlu ticarət və məişət obyektlərinə gələnlər və ya orada işləyənlər minik avtomobillərini küçə boyu necə gəldi, hətta ikinci, üçüncü sırada saxlayırlar. Xüsusən də Əsəd Əhmədov küçəsinin Dadaş Bünyadzadə küçəsinin bir qolu ilə kəsişməsindən, yəni "Bizim Market"in yanındakı işıqfordan tutmuş o biri qoluna, yəni "Azza"nın yanına kimi bütün yol, demək olar ki, işğal edilib. Elə bu səbəbdən də bu yolda gün boyu süni tıxac yaranır. Bəzən elə olur ki, xüsusən də pik saatlarda "Günəş Petrol" tərəfdən Yeni Yasamala doğru və ya əks istiqamətdə 5 dəqiqəlik yolu yarım saata qət etməli oluruq. Dərdimizi heç kimə də deyə bilmirik. Çünki bu ərazidə, demək olar ki, heç vaxt yol polisi olmur. Elə bil ki, bu küçə ya onların yadından çıxıb, ya da bu ərazidə görünmək onlara sərf eləmir. Bəzən elə olur ki, yola əks istiqamətdən girən "ağıllı" sürücülər ucbatından yol tamam bağlanır. Bu zaman adi vətəndaşlar düşüb yol hərəkətini tənzimləməli olurlar. Ərazidə nəzarət kamerası da yoxdur ki, bu cür sürücülər qorxub bir az çəkinsinlər".

Məsələ ilə bağlı Milli.Az Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə (BPİ DYPİ) sorğu ünvanlayıb. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı Milli.Az bildirib ki, bu cür bərbad vəziyyət təkcə Əsəd Əhmədov küçəsində deyil, paytaxtın bir neçə ərazisində var:

"Belə özbaşınalıqlar həqitədən də var və bizim əməkdaşlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin axı hər küçədə də yol polisi təhkim etmək mümkün deyil. Bunun üçün qayda-qanun, yol nişanları var. Sürücülər də buna əməl etməlidirlər. Amma konkret şikayətə gəlincə, bununla bağlı olaraq, bir neçə gündən sonra tərəfimizdən həmin ərazidə xüsusən də dayanma-durma, parklama qaydalarını pozanlara qarşı reyd keçiriləcək, qayda-qanunu pozan sürücülər cəzalandırılacaqlar".

İlkin İzzət

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR