Xaricə axışan istedadlar: Telekanallar niyə musiqi yarışmaları keçirmir? - ARAŞDIRMA

Xaricə axışan istedadlar: Telekanallar niyə musiqi yarışmaları keçirmir? - ARAŞDIRMA
15:38 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

2000-ci illərin əvvəllərində Azərbaycan telekanallarında musiqi yarışmaları keçirilirdi. Məsələn ATV-də “Yeni ulduz”, “Xalq ulduzu”, Lider TV-də “Sing Your Song”, Space-də “Azəri star” və digər yarışmalar çox populyar idi. İndi Azərbaycanda məşhur olan bir çox müğənnilər məhz həmin yarışmalardan çıxıb. O yarışmalardan çıxan Safura, Səmra, Elnur Hüseynov, Aysel Əlizadə Azərbaycanı “Eurovision” kimi nüfuzlu yarışmalarda təmsil edib, bayrağımızı dalğalandırıb. Bu gün isə telekanallarımızda musiqi yarışmaları keçirilmir. Buna görə də istedadlı gənclərimiz Ukrayna, Türkiyə, Rusiya və digər ölkələrə üz tutmaq məcburiyyətində qalır. Olmazmı ki, gənclərimiz elə öz ölkəmizdə parlasın?

Publika.az bunu araşdırmağa çalışacaq.

“Yarışmada 40 nəfər seçilib, 40-ı da bərbad olacaqsa…”

Xalq artisti, vaxtilə musiqi yarışmalarının münsif heyətində təmsil olunan Mübariz Tağıyev həmin müsabiqələrin yenidən bərpa olunmasının tərəfdarıdır: “Baxın, görün həmin yarışmalardan nə qədər istedadlı gənc müğənni çıxdı, hansı ki, bu gün onlar sənət aləminin çox sevilən musiqiçiləridir. Gənclər o müsabiqələrə böyük həvəslə qatılırdı. Yaxşı olardı ki, yenidən bu ənənə davam etdirilsin. Müsabiqələrin nəyi pisdir ki? Bizim gənclər indi Türkiyə və digər ölkələrin musiqi yarışmalarına qatılır. İnanın ki, heç bir ölkə özününkündən başqasını qabağa çəkmir, onu birinci eləmir. Yenə də həmin ölkələrdə bir uğur əldə edə bilmədiyi üçün Azərbaycana qayıdır.

İstərdim bu müsabiqələr paytaxt və bölgədəki musiqi məktəblərini, konservatoriya tələbələrini əhatə etsin. Əgər bu yarışmada 40 nəfər seçilib, 40-ı da bərbad olacaqsa, o müsabiqə keçirilməsə yaxşıdır. Amma 10 nəfər istedadlı uşaq tapılıb ortaya çıxarılacaqsa, keçirilməsinin tərəfdarıyam. Sözümün canı budur ki, obyektivlik mütləq qorunmalıdır. Belə müsabiqələr kommersiya məqsədi daşıdığı üçün sərmayə də lazımdır”.

“Bilmirəm, hamı oxuyub qurtarıb, ya da…”

Əməkdar artist, bəstəkar Vüqar Camalzadə musiqi yarışmalarının əhəmiyyətini belə dəyərləndirib: “Əvvəllər bu yarışmalar mütəmadi olaraq keçirilirdi. Gənclər arasında bir canlanma yaranmışdı. O yarışmalardan çıxan Aysel Əlizadə, Safura, Səmra “Eurovision” yarışmasında Azərbaycanı təmsil elədi. Nədənsə son vaxtlar bu yarışmalar dayanıb. Bilmirəm, hamı oxuyub qurtarıb, ya da maddi sıxıntılar üzündən layihələr reallaşmır. Hər halda, bu ənənənin yenidən davam etməsi gözəl olardı. Bütün dünyada belə yarışmalar keçirilir, bizdə niyə olmasın?”

“MTRŞ heç vaxt belə laiyhələrin keçirilməsinə qadağa qoymayıb”

MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov heç də belə yaraşmaların əleyhinə olmadıqlarını deyib: “Dediyiniz o musiqi yarışmaları telekanalların kommersiya layihələri idi və bu layihələrdən həm televiziyalar qazanc götürürdü, həm də gənclər səhnə həyatına atılırdı. İndi situasiya başqadır, belə kommersiya layihələrini həyata keçirən yoxdur. MTRŞ heç vaxt belə layihələrin keçirilməsinə qadağa qoymayıb. Ola bilər efir pozuntuları və layihələrin səviyyəsi ilə bağlı iradlar bildirilsin, amma musiqi yarışmaları keçirilməsin deyə qurum tərəfindən onlara təzyiq göstərilməyib. Bu gün də istənilən telekanal sponsor layihələri həyata keçirib, qazanc götürə bilər. Bu onların hüququdur. Qaldı ki, gənclərin Azərbaycandan kənarda - xarici ölkələrdə musiqi yarışmalarına qatılmaq istəyinə, buna özləri qərar verir. Onlar da istəyir ki, ölkə hüdudlarından kənarda tanınsınlar”.

“Eyni müğənniləri görməkdən tamaşaçı da bezib”

Mədəniyyət Kanalının direktor müavini Əməkdar incəsənət xadimi Nadir Axundovun məsələyə belə münasibət bildirdi: “Vaxtilə keçirilən musiqi yarışmalarının yenidən reallaşdırılmasının tərəfdarıyam. Ən azı iki ildən bir belə yarışmalar keçirilməlidir. Çünki efirdə eyni simaları görməkdən tamaşaçı da bezib. Özünü ulduz adlandıran müğənniləri gah bu kanalda görürük, gah o biri kanallarda. Bu da yeknəsəqlik yaradır. Estrada sahəsində yeni simalar ortaya çıxmalıdır. Onları da yalnız musiqi yarışmaları üzə çıxara bilər. Bu gün opera sənətçiləri yetişir, çünki mütəmadi olaraq Bülbül adına müsabiqə keçirilir və istedadlı gənclər seçilərək sənət aləminə vəsiqə qazanır. Estrada musiqisində də belə simaların yetişməsi vacibdir. Amma belə müsabiqələr SMS-siz keçirilməlidir. Münsiflər qərar verib istedadlı gənci seçməlidir. Çünki SMS olan yerdə qohum-qardaş, tanışlıq mütləq işə düşəcək və əsil istedad bir qıraqda qalacaq. Əvəzinə istedadsızlar üzə çıxarılacaq”.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/174616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR