Prosineçki: "Yığmada yeni futbolçu görəcəksiniz"

Prosineçki: "Yığmada yeni futbolçu görəcəksiniz"
11:22 4 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qəbələ" - "Sent-Etyen" oyunu izləyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, qarşılaşanın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan əvvəl Cavid Hüseynovla görüşdünüz. Sirr deyilsə, nə danışdınız?
- Bəli, Cavidlə stadionun qarşısında görüşdüm. Hal-əhval tutdum, özünü necə hiss etdiyini xəbər aldım. Vəziyyətini bilmək istəyirdim. Çox söhbət edə bilməsək də, özünü yaxşı hiss etdiyini dedi. Şadam ki, onun üçün çətin keçən günlər arxada qaldı, indi azaddır, komanda ilə birgə məşqlər edir.
 
- Necə gördünüz Cavidi - çəkisi, psixoloji durumu yerindədimi?
- Xarici görünüşü yaxşıdır. Artıq komandasında məşq edir, oyunlara çıxır. Cəmi 1-2 dəqiqə söhbət etmək imkanımız oldu. Ona görə psixoloji durumu haqda bir söz deyə bilməyəcəm. "Sumqayıt"a, "Neftçi"yə qarşı oyunlarda iştirak edib. Əgər fiziki, eləcə də, psixoloji baxımdan problemi olsaydı, baş məşqçi onu oyunlara buraxmazdı. Məncə, hər şey qaydasındadır.
 
- Cavidi formasını tam bərpa etdikdən sonra gələcəkdə millidə görə bilərikmi?
- Niyə də yox? Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Formasını bərpa etsə, onu milliyə dəvət edəcəm.
 
- Gələn həftə milli Şimali İrlandiyaya qarşı oynayacaq. Heyətdə yeni ada rast gəlmək mümkündümü?
- Çempionatın oyunlarını mütəmadi izləyirik. Kimlər hazırdır, dəvət edəcəyik. Heyəti sabah (bu gün-red.) açıqlayacam. Bir yeni futbolçu görəcəksiniz. Söhbət "Bursaspor"da çıxış edən Deniz Yılmazdan gedir. O, ilk dəfə milliyə dəvət ediləcək. Bu gün ölkə xaricində böyük klublardan birinin formasını geyinən azsaylı futbolçularımızdandır. Qalanları tanıdığınız futbolçulardır.
 
- Bu yaxınlarda dövlət başçısı millinin çıxışı haqda xoş sözlər söylədi və bunda sizin böyük əməyinizin olduğu vurğulandı. Bu sizdə həyəcan yaratmır?
- Buraya gəlməkdə məqsədim Azərbaycan futbolunu kömək etmək, mümkün qədər inkişaf etdirməkdir. Seçmə mərhələ başlayanda bizim belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi, əksinə, gülürdülər. Şükürlər olsun ki, ilk oyundakı nəticələrimiz yaxşıdır. Şadam ki, dövlət başçısı da komandanın bu uğurunu vurğuladı, əməyimizi qiymətləndirdi. Bunlar hamısı xoş anlar idi. Təbii ki, bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik. Hər bir oyuna məsuliyyətlə yanaşırıq, ancaq yaxşı nəticələr qazanmaq haqda düşünürük. Şimali İrlandiya ilə oyun asan keçməyəcək. Rəqibin əksər futbolçuları İngiltərə Premyer Liqasının ortabab klublarında çıxış edirlər. Bakıya yaxşı nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik.
 
- Bizim kimi komandalar bu cür uğurlu startın ardınca üzləşəcəyi bir məğlubiyyətlə enişə başlayır. Bu baxımdan, nə düşünürsüz, hansı tədbirləri görürsüz?
- Futboldur, uda da bilərsən, uduza da. Çalışmışıq ki, yaxşı nəticə qazanaq. Amma məğlubiyyətin qarşısını almaq üçün xüsusi tədbir gördüyümü desəm, yanlış olar. Futbol elə idman oyunudur ki, necə olacağını əvvəlcədən bilmirsən.
 
- "Qəbələ" - "Sent-Etyen" oyununun gedişi haqda nə deyə bilərsiz?
- "Qəbələ" birinci hissədə Avropa Liqasında ən yaxşı oyununu keçirdi. Komanda qol da vurdu. Amma fasilə ərəfəsində qapıçının səhvi üstünlüyün əldən getməsinə səbəb oldu. Halbuki fasiləyə öndə getsəydilər, yekun fərqli ola bilərdi.
 
- "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanmaq şansı realdırmı?
- "Qəbələ"nin durumu ortadadır. Onlar artıq mübarizəni dayandırıblar. Amma "Qarabağ"ın şansı realdır. Bunun üçün PAOK səfərindən qələbə ilə dönməlidir (müsahibə oyundan əvvəl alınıb-red). Fikrimcə, "Qarabağ" PAOK-la oyunda uduzmayacaq. Sonra səfərdə "Slovan", doğma meydanda isə "Fiorentina" ilə oyunları qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR