Trampa səs verərək qələbə qazananlar - Türkiyəli politoloq

Trampa səs verərək qələbə qazananlar - Türkiyəli politoloq
12:54 12 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

İstanbuldakı Bahçeşehir Universiteti Amerika Araşdırmaları Mərkəzinin baş  koordinatoru Elif Sümervalın APA-ya müsahibəsi

 

- Donald Trampın prezident seçilməsindən sonra dünyanın bu başından o başına saysız-hesabsız dəyərləndirmələr ortaya çıxdı. Siz hansı nöqtədən baxırsınız: ABŞ-ın yeni prezidenti dünyadakı “qloballaşma və liberallaşma” məfhumlarının iflasının nəticəsidirmi?

 

- 25 dekabr 1991-ci ildə SSRİ-nin rəsmən dağılmasından sonra meydana çıxan təkqütblü dünyada ABŞ ön plana yerləşdi. “Liberalizm və neoliberalizm” məfhumlarını Bill Klinton dönəmində ABŞ-ın siyasətində yaxından gördük. Oğul Buşun hakimiyyətə gəlməsindən sonra isə “yeni konservatizm” məfhumu ABŞ siyasətinin paradiqması oldu. 2008-ci ildəki seçkidə Buşun Orta Şərq siyasətini sərt tənqid edən, ABŞ-ın artıq müharibələrə girməsinin gərəksiz olduğunu vurğulayan Obama iqtidara gəldi və İraqdan qoşunları çıxarmaqla birlikdə Suriyadakı vətəndaş müharibəsinə də aktiv şəkildə hərbi müdaxilə etmədi. Trampın 8 noyabrdakı qələbəsini heç kim gözləmirdi. ABŞ və bütövlükdə Qərb mediası təbliğat dönəmində Hillari Klintonun zəngin dövlət təcrübəsi olduğunu irəli sürərək onun prezident seçiləcəyinə daha çox ehtimal verirdi. Ancaq ABŞ xalqı böyük sürpriz etdi.

 

- ABŞ-ın siyasət arqosunda buna “qırmızı yaxalılar”ın revanşı da deyirlər...

 

- Bugünkü araşdırmalara baxanda Trampa kimlərin səs verdiyinə dair 2 cəhəti görə bilirik: seçkidən əvvəl ali təhsilli insanların Klintona səs verəcəyi təxmin edilmiş və o seçici kütləsinin seçkidə daha fəal iştirak edəcəyinə ehtimal verilmişdi. Ancaq 8 noyabrdakı seçkinin nəticəsi göstərdi ki, ABŞ siyasətində təhsildən də, dindən də daha vacib faktor varmış. Nəticələrə baxanda Trampın kənd və qəsəbələrdəki səslərin 62%-ni aldığını görürük. O, illik gəliri 30 min dollar və ondan aşağıda olan seçicilərin rəğbətini qazana bildi. Bu durumun semantikasını bu şəkildə dəyərləndirməliyik: ABŞ-da uzun müddətdən bəri siyasətçilərin əhəmiyyət vermədiyi, sanki sistemin üyüdərək ən alt təbəqələrinə itələdiyi insanlar Trampa səs verərək qələbə qazandılar.

 

- Yəni Tramp, bir növ, sosial-demokrat kimi hərəkət etdi? Türkiyədə sosial-demokratların səs almalı olduğu yerlərdən sağ-mühafizəkar AKP səs alır.

 

- Bəli. “Qırmızı yaxalı” deyilən o kütləni ölkənin şimal-şərq bölgələrində Demokrat Partiyası özünə daim yaxın görürdü, Obama onların dəstəyini almışdı. Demokrat Partiyasının əsas qalalarından biri olan Pensilvaniya ştatı belə çox az fərqlə də olsa, Trampa səs verdi. Bunun əsas səbəbi kampaniya dönəmində Klintonun o bölgələri “çantada kəklik” kimi görməsiydi. O bölgələrdə xalqla lazımi dialoq aparılmadı. Ohayo, Virciniya kimi bəzən demokratlara, bəzən də respublikaçılara səs verən kütlələrlə işləmək daha uyğun görülüncə başqa bölgələr unuduldu. Buna baxmayaraq, adını çəkdiyim ştatlarda da Tramp qalib gəldi. Lisey təhsili belə olmayan seçicilər Trampa səs verdiyi kimi, Florida ştatı da onu dəstəklədi. Halbuki oradakı “latino” deyilən seçici təbəqəsinin Klintonu dəstəkləyəcəyinə ehtimal verilmişdi. Tramp  o bölgədəki insanlarla fərdi şəkildə əlaqələr yaradaraq seçkiyə getmələrinə və ona səs vermələrinə nail oldu.

 

- Təbliğat kampaniyasındakı sərt açıqlamalarına baxmayaraq, Tramp dönəmində ABŞ-ın xarici siyasətində radikal dəyişikliklər olmayacağına dair Ağ Evin və Dövlət Departamentinin ilk açıqlamaları oldu. Siz necə düşünürsünüz?

 

- Təbliğat dönəmindən indiyə qədər Trampın xarici siyasətə dair verdiyi heç bir konkret mesajı və vədi yoxdur.

 

- Xarici siyasəti bilmədiyi üçün demir, yoxsa başqa səbəblər var?

 

- Arxasında böyük bir müşavirlər qrupu var.

 

- Seçkidən sonrakı təşəkkür nitqində komandasında təxminən 200 generalın olduğunu da demişdi. O generallar Trampın komandasında hansı işləri görəcəklər?

 

- Əslində bu, ABŞ siyasətinin üslubuna uyğun deyil. Pensiyaya çıxmış və ya hal-hazırda iş başında olan generalları başqa aktiv vəzifələrə təyin edə bilməzsiniz. ABŞ siyasəti bizim xaricdən gördüyümüzdən daha ənənəçidir. Bunun bəzi istisnaları olub: məsələn, Buşun İraq və Orta Şərq siyasətini yazan, seçki dönəmində Obamanın ən çox tənqid etdiyi Robert Geyts daha sonra Obama tərəfindən müdafiə naziri təyin edildi. Tramp Rusiyaya qarşı həmişə mülayim sözlər işlətdi...

 

- Duma üzvləri onun seçilməsini bu səbəblə ayaq üstündə alqışladılarmı?

 

- Eynilə. Çinin bölgədəki siyasəti ilə bağlı şərhlər verməkdən qaçan Tramp konkret vədlər irəli sürməyərək hamını yanıltdı. Baş müşavirinin dünən verdiyi açıqlamadan Trampın Türkiyə ilə daha isti münasibətlər qurmağa meylli olduğunu anlayırıq. Bizim hökumətimizin haqlı şəkildə tənqid etdiyi bəzi məsələlərin Tramp dönəmində həllini tapa biləcəyini ümid edə bilərik. Trampın Çin və ya Rusiya ilə aşıq atacağına inanmıram. Onun öz seçicilərinə vəd etdiyi “ABŞ-ı yenidən böyük və güclü yapaq” - şüarını həyata keçirmək üçün çalışacağına inanıram.

 

- Trampın gəlişi dünya siyasətinə rəng qatdımı? Çünki dünyada siyasət sanki bütün ölkələrin vətəndaşlarını yorub, hətta bezdirib...

 

- Trampın gəliş tərzi və qələbəsi dünyanın hər yerində siyasətə bu və ya digər dərəcədə maraq göstərən hər kəs üçün çox önəmlidir. Artıq dünyada hər şeyin boz olduğuna dair fikir aradan qalxıb. ABŞ mediası tərəfindən belə aşağılanan insanlar Trampa səs verərək qələbə qazandılar. Dünyanın hər yerində investisiyaları olub, heç bir dövlət təcrübəsi olmayan bir adamın ABŞ prezidenti seçilməsi ənənəvi siyasətlərin dəyişməsinin lüzumunu göstərib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR