Qastrol səfəri aktyorlarımıza fəxri ad və mükafatlar qazandırdı - FOTO

Qastrol səfəri aktyorlarımıza fəxri ad və mükafatlar qazandırdı - FOTO
16:12 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçlar Teatrının yaradıcı heyəti Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərini uğurla başa vuraraq Vətənə dönüb. Noyabr ayının 5-dən start götürən budəfəki qastrol səfəri B.Basanqov adına Kamık Milli Dram Teatrının 80-ci yubileyinə təsadüf edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Kalmık Milli Dram Teatrının səhnəsində baş tutan yubiley gecəsinə RF-in Teatr Xadimləri İttifaqı nümayəndələrinin, RF Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, mədəniyyət müəssisələrinin və digər dəvət olunmuş teatr kollektivlərinin iştirakı ilə təntənəli şəkildə keçirilib.

Yubiley mərasimi Kalmık Teatrının yaranmasından bəhs edən videoçarxla başlayıb. Kalmıkiya Respublikasının dövlət başçısı, Xalq Xuralının (Parlament) sədri, şəhər merinin və Kalmıkiyanın nüfuzlu dövlət adamlarının çıxış etdiyi mərasimdə ADGTT-nın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kalmıkiyalı həmkarlarını 80 illik yubiley münasibətilə təbrik edərək, Rusiya-Azərbaycan teatr əlaqələrinin inkişafında müstəsna rol oynayan iki respublikanın teatr kollektivini yaradıcılıq münasibətlərini yüksək qiymətləndirib. Daha sonra ADGTT-nın rəhbəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kalmık Milli Dram Teatrına ünvanladığı təbrik məktubunu kollektivə təqdim edib. Sonra isə Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları İlham Əsədov və Səbinə Məmmədovanın ifasında ölməz Üzeyir Hacıbəyovun musiqilərindən ibarət kompozisiya təqdim edilib.
Qastrol çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan bolqar yazıçısı P.Pançevin "Dörd əkizin nağılı", ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri "Qohumlar" tamaşası göstərilib.

Ötən teatr mövsümündə Kalmık Teatrının bədii rəhbəri, RF-in və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun "Təəccüb doğuran hadisə" əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri "Qohumlar" tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunub. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık Teatrının aktyorları tərəfindən ifa edilib.
Qastrol səfərinin təntənəli bağlanış mərasimində əməkdar artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının əməkdar artisti fəxri adına, aktyor Elnur Kərimov "Stanislavski" medalına layiq görülüblər. Bundan başqa, əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı" xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar.
Mükafatlandırma mərasiminin yekununda B.Basanqov adına Milli Dram teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbər B. Mandjiyev qarşılıqlı qastrol səfərlərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar və yubiley mərasimindəki uğurlu çıxışa görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə təşəkkürlərini bildirərərk, hədiyyələrini təqdim ediblər.
Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirərək, iki ölkə teatrları arasındakı yaradıcılıq əlaqələrinin bundan sonra da davam ediləcəyini və yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini qeyd ediblər.
Məlumat üçün bildiririk ki, qastrol səfərindən dərhal sonra ADGTT-nın baş rejissoru B.Osmanovun quruluşunda Kalmık Milli Dram Teatrının truppası ilə növbəti tamaşanın hazırlanmasına start verilib.

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR