Bir sevginin acı sonluğu - TƏNHALIĞA QAPANAN XALQ ARTİSTİ - FOTO/VİDEO

Bir sevginin acı sonluğu - TƏNHALIĞA QAPANAN XALQ ARTİSTİ - FOTO/VİDEO
23:18 14 Noyabr 2016
269 Şou
Ölkə mətbuatı
A- A+

Heç bir tamaşaçıya sirr deyil ki, xalq artisti, teatr və kino incilərimizindən biri sayılan Səfurə İbrahimova uzun illərdir qapalı həyat tərzi keçirir. Amma bu, o demək deyil ki, aktrisanın həyatda heç kimi yoxdur. Xeyr, onun qohumları və yaxınları var, amma onlar bugünkü gündə də aktrisa ilə görüşə bilmirlər. Əslən şağanlı olan aktrisa evin ortancıl övladı olub. Bundan başqa onun 2 bacısı və 3 qardaşı olub. Bugünkü gündə də əzizlərindən xəbəri olmayan aktrisa tənhalığa qapanmasını Milli.Az-a izah edib. Əməkdaşımızın telefon zənglərinə cavab verib, həmişə xoş danışan aktrisa bu dəfə də ənənəsinə sadiq qaldı.

"Mənim anam xəstə olanda bacılarım ona baxmırdı. Hər birinin imkanı da vardı. Mən evli ola-ola anamı yanıma gətirdim. Ona baxdım, qulluğunda dayandım. Bir gün o, məni tərk etdi, dünya başıma dağıldı. Onu çox sevirdim, bir yandan da şəxsi həyatım gətirmədi. Anam rəhmətə gedəndən sonra bacılarım mənlə mülk davası etdilər. Onlar anamdan qalan mirası məndən almaq istəyirdilər. Ona görə yaxınlarımın heç birini evimə buraxmıram. Ümumiyyətlə, mənim evimdə heç kim qonaq olmayıb. Kimliyindən, vəzifəsindən asılı olmayaraq gələn qonaqları qapıdan yola salmışam. Mən təkliyə alışmışam. Yeməyimi də özüm hazırlayıram, çörəyimi də özüm alıram. Kimsəyə ehtiyacım yoxdur, öz problemimi özüm həll edirəm", - deyə bildirib.

Milli.Az kiçik araşdırma nəticəsində aktrisamızın dayısı qızı Nailə xanımı tapmağa müəssər olub. O, Səfurə xanımı uzun illərdir görmədiyini bildirib:

"Səfurə o vaxtı ailə həyatı quranda gəlinlik geyinmədi. Çünki yaşından utanırdı. "Kubinka"da qadınlar arasında qız toyu oldu. Bir az gec ailə həyatı qurmuşdu. Həyat yoldaşı prokuror idi. Səfurənin 1 nömrəli fanatı idi, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi. İş elə gətirdi ki, Rəcəbi Ukraynaya göndərdilər, amma Səfurə onunla getmədi. Bircə onu dedi ki, teatrı qoyub gedə bilmərəm. Həyat yoldaşı onu atmayıb, sadəcə, Səfurə onunla getmədi. O, həyat yoldaşından sonra heç vaxt evlənmədi və ömrünün axırına kimi tək qaldı. Bəlkə də vaxtında sənəti yox, ailəsini üstün tutsaydı, bugünkü gündə o tənhalığa qapanmazdı. Onun bir bacısı rəhmətə gedib, o biri bacısı Mənsurə yaşayır. Amma illərdir gediş-gəliş yoxdur. Səfurə o qədər gözəl qadın idi ki, onu teatrda hamı sevirdi. Həsən Turabovdan tutmuş Eldəniz Zeynalova qədər hamı ona evlənmə təklifi etmişdi. Səfurə, həqiqətən, əxlaqlı, hamıya köməklik edən bir insan idi. Çox heyf ki, onunla istəsək də, əlaqə saxlaya bilmirik".

Səfurə İbrahimovanın dayısı nəvəsi olan məşhur müğənni Samirə Yusifqızı isə saytımıza onunla bağlı bir neçə məsələyə aydınlıq gətirib:

"Əvvəla onu qeyd edim ki, Səfurə mənim bibim yox, mənim anamın bibisi qızıdır. Bəzi saytlar məlumatı düzgün yazmırlar. 30 il əvvəl mən onunla birlikdə qalırdım. Teatrdan gələnə kimi yeməyinə qədər hazırlayırdım. Onda psixoloji vəziyyəti normal idi. Universitetdə və teatrda ona qarşı böyük hörmətsizlik oldu. Buna görə də xalqın sevimli aktrisası olan Səfurə tərkidünyalığa qapandı. Qardaşları onun aktrisa olmasını istəmirdilər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta çıxarmışdı. Uşaq idim, yadımdadır ki, o, qardaşından gizlənib, bir müddət bizim evdə qaldı. Bugünkü gündə də istəyirəm ki, yanına gedim, amma o, heç kimə qapı açmır. Hətta bacısı Rübabə rəhmətə gedəndə də gəlməmişdi. Rəhmətə gedən bacısının qızı onu çox istəyir. Amma buna baxmayaraq yenə də onlarla görüşməkdən imtina edir".

Aktrisanı sevənlərdən biri də tələbə yoldaşı, xalq artisti Tariyel Qasımov olub:

"Səfurə ilə 4 il Rza Təhmasibin kursunda oxumuşuq. Səfurə kursumuzda ən gözəl qız idi. Rəhmətlik Nurəngiz Gün də bizimlə oxuyurdu. Kursumuzda 12 oğlan, 12 qız var idi. Rza Təhmasib deyirdi ki, sizi özüm bu qədər sayda götürmüşəm ki, bir-birinizlə ailə həyatı qurasız. 4-cü kursun sonunda Səfurəyə evlənmə təklifi etdim. Gözlərinə inanmadı, amma hiss etdim ki, ürəyincədir. Onun qabağında şərt qoydum ki, mənimlə ailə həyatı qurandan sonra aktrisalıq sənətini yarıda qoyacaqsan. Səfurə inadla dedi ki, mən heç vaxt bu sənətdən əl çəkməyəcəyəm. Mən də dedim ki, onda heç vaxt səni almayacağam. Dedi ki, almırsan alma, heç mən də sənə ərə gələn deyiləm. Səfurənin sonradan yaşayışı mənə çox pis təsir etdi. Onu heç vaxt belə görmək istəməzdim. 40 ildən sonra bizi ATV-də yayımlanan "10-dan sonra" verilişinin "Avtoqraf" layihəsinin müxbiri, jurnalist Əli Novruzəliyev görüşdürdü. Sözün düzü, kövrəldim, bir o qədər də sevindim. Çünki illərdir heç kimə qapı açmayan Səfurə bu dəfə qapını bizə açdı. Ondan sonra bir dəfə də görüşdük. Çox şad oldum, Anasından danışanda uşaq kimi gözləri dolurdu. Vallah onun kimi aktrisalar incəsənətə çox az hallarda gəlirlər. İllər keçəcək, amma Azərbaycan incəsənəti heç bir vaxt Səfurə kimi aktrisa yetişdirməyəcək".

Xalq artisti yaxınına yeganə bir insanı buraxırdı ki, bu da Akademik Milli Dram Teatrının bilet satışına nəzarət edən Rəfiqə xanım idi. Onların uzun illər ana-bala kimi münasibətləri olub. Amma son zamanlar aktrisa onunla da yollarını ayırıb. Hal-hazırda vəziyyəti ağır olan Rəfiqə xanım danışa bilmədiyindən Səfurə xanım haqda bir şey söyləyə bilmədi. Münasibətlərinin nə üstündə pozulması heç kimə məlum deyil. Onu da bildirək ki, Rəfiqə xanım xalq artisti Aygün Kazımovanın doğma xalasıdır.

Aktrisa müsahibələrində övladsızlıq dərdindən də söhbət açıb:

"Əvvəllər arzum olurdu, övlad istəyirdim. Amma həkim mənə dedi ki, övladınız olmayacaq. Mən bunu özümə dərd etmədim. Deməli, Allah alın yazımı bu cür yazıb. Bu, mənim tale ömürümdür"

Adının çəkilməsini istəməyən sənət dostu bir faktı da söyləyib:

"Bir dəfə rayondan istirahətdən gəlirdim. Yolun kənarında maşını saxlayıb, bir restorana daxil olduq. Yorulmuşduq, çay içmək istədik. Aktrisa olduğumu bilib cavan bir oğlan mənə yaxınlaşdı. O, mənə dedi ki, mən Səfurə İbrahimovanın oğluyam. Amma o, məni qəbul etmir. Oğlan həmin restoranda müğənni kimi çalışırdı. Amma bu faktın nə dərəcədə düzgün olub-olmamasını bilmirəm. Hər halda oğlanın mənə dediklərini deyirəm".

Qeyd edək ki, aktrisa müsahibəsində ona olan haqsızlıqdan dolayı teatrı tərk etdiyini bildirib. 2003-cü ildə son tamaşasını oynayan sənətkar bugünkü günə qədər tənha yaşayır və heç kimlə görüşmür. Onun çəkildiyi filmlər Azərbaycan incəsənətində xüsusi yer tutur.



























Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR