Bakının bəzi mərkəzi yolları genişləndirilir - FOTO

Bakının bəzi mərkəzi yolları genişləndirilir - FOTO
12:27 15 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası prezidentinin sərəncamlarına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisinin 26 hektarında, Füzuli meydanından Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır.

"Azəravtoyol"  ASC-dən Milli.Az-a verilən məlumata görə, bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Məqsəd hələ ötən əsrdə paytaxtın inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.  

Sözügedən ərazilərdə ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik, bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 m-dir. Küçənin əvvəlki eni 7-8 m olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 m-ə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 m təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 m enində piyada səkiləri inşa edilir.

Hazırda yol yatağının genişləndirilməsi və tikintisi işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 m təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Yolun hərəkət hissəsinin eni 7-15 m arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 m olmaqla küçə 19 m-ə qədər genişləndirilir. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 m uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturu yaradılır. Prospektin hərəkət hissəsinin hazırki eni 7 m təşkil edir. Layihəyə əsasən, 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7-17.5 m-ə çatdırılacaq. Bunun üçün hazırda prospektin genişləndirilməsi istiqamətində işlər aparılır. Qeyd edək ki, hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 m təşkil edəcək.

Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzağa Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 m təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 m təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 m-ə çatdırılır. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 m enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.

Yenidən qurulan küçələrdə mühəndis-kommunikasiya xətləri ( su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə ) dəyişdirilərək müasir tələblər səviyyəsində qurulur.

Layihə çərçivəsində 3 laydan ibarət 25 sm qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığından, 34,5 min kub.m optimal qırmadaş qarışığından, 13 min m-dək səki daşları və 24.4 min kv.m səki hissəsində isə bəzək daşlarından istifadə ediləcəkdir. Yenidən qurulan küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək.

Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda "cib"liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yol cizgilərinin, yolgöstərici xətlərin çəkilməsi də nəzərdə tutulur.
 

Yusif Nəsirli
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR