Azərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər.
Bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər
turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər”
cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları
və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər
olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.
Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq
üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza”
sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə
tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması
barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında”
qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada
ödəməlidirlər.
Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (apa)