Məşhur aktyorun qızı: "Hamının toyunu etdi, amma bizim toyumuzu görmədi" - FOTO

Məşhur aktyorun qızı: "Hamının toyunu etdi, amma bizim toyumuzu görmədi" - FOTO
21:17 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dosye: Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il mayın 9-da Bakı şəhərində anadan olub. İlk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayan aktyor 1977-1988-ci illərdə Musiqili Teatrda, 1988-1996-cı illərdə Bakı Bələdiyyə "Tənqid və Təbliğ" Teatrında çalışıb. Sonradan yenidən Musiqili Teatra qayıdıb və ömrünün sonuna qədər həmin teatrda çalışıb. Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olub. 25 oktyabr 2005-ci ildə işə gəlməyə hazırlaşarkən qəflətən evində ürək tutmasından vəfat edib.

Uşaqların da çox sevdiyi sənətkar olan Ağarəfi Rəhimov yaşasaydı, bir neçə aydan sonra 65 illik yubileyini qeyd edəcəkdi. Yumor hissi ilə yanaşı, həm də insanlığı onu həmkarlarından fərqləndirən əsas keyfiyyəti idi. Hər halda sənət yoldaşları da bunu etiraf ediblər. Aktyorun yaxınları onun haqda xatirələrini bizimlə bölüşüblər:

Aktyorun qızı Günel Rəhimova:

"Atam qayğıkeş, mülayim, zəhmətkeş, şirindil bir insan idi. Hamıya əl tutmağı, çörək verməyi sevən biri idi. Onun Elvan adlı bir sənət dostu var idi. Biz ölümündən sonra bilmişdik ki, atam hər ay maaşından ona pul verirmiş. Həmişə komik rollar yaradan atam evdə o qədər də komik deyildi. Amma ciddi də deyildi. Atamı heç vaxt əsəbləşən, bağıran, çığıran görməmişəm. Əsəbi olanda da heç vaxt xətrimizə dəymirdi. Nə istəyirdik, nə deyirdik, o dəqiqə ən yaxşısını alıb gətirirdi. Heç vaxt bizə acıqlanmayıb, həmişə nazımızla oynayıb. İş həyatını evə gətirməyi sevməzdi. Hacıbaba Bağırov, Xanım Qafarova, Gülnar Salmanova, Nahidə Orucova, Novruz Qartal, Rəsmiyyə Nur, Gülçöhrə Abdullayeva onun ən yaxın sənət dostları idi. Yadıma gəlmir ki, bunlarla o nə vaxtsa küsülü qalsın. Bu da onun çox mülayim xarakterə malik olduğunu göstərir".

Aktyorun qızı atasının qəfil ürək tutmasından rəhmətə getdiyini söyləyir:

"Son günü heç vaxt yadımdan çıxmaz. Səhər saat 7-də yuxudan durub, dükana çörək almağa getdi. Təzə çörək o vaxt gəlirdi. Necə ömrü boyu ailəsi üçün, bizim üçün çalışmışdısa atam, son anında da bizə çörək verib getdi. Çörəyi alıb stolun üstünə qoyaraq yataq otağına getdi. Birdən bərk tappıltı səsi gəldi. Qaçıb gördük ki, yerə yıxılıb. Birtəhər özünə gətirdik, amma rəngi ağappaq idi. Bizim hamımızı bir-bir süzdü. Təcili yardım gələndə xahiş etdi ki, ayağa durmaq istəyirəm. Bayıra çıxmaq istəyəndə yıxıldı və quş kimi uçub getdi (kövrəlir). Atam uzun illər şəkər xəstəsi olub, ürəyindən heç vaxt şikayət etməzdi. Sənət dostları indi də atamı xoş xatirələrlə xatırlayırlar. O çay içməyi çox sevirdi, kaş yenə də "Ata, sənə çay süzüm?" deyə bilərdim. Kaş yenə işdən gələrdi, qucağına qaçardıq. Bir də istərdim ki, nəvəsindən "baba" sözünü eşitsin. Hamının toyunu edib, şad günlərini aparan atam, heyf ki, öz övladlarının şad gününü görmədi".

Aktyorun yeganə bacısı Gülçöhrə Kərimova evin sonbeşiyi olan Ağarəfini bu cür xatırlayır:

"Ağarəfi ailəmizin sonbeşiyi idi. O hələ uşaq vaxtından hamıdan seçilirdi. 5 yaşı olanda əlifbanı əzbər bilirdi. Bir əhvalatı sizə danışım. Anam onu məktəbə yazdırmağa aparıb. Yaşı çatmadığına görə direktor onu qəbul etməyib. Onlar söhbət edərkən görüblər ki, Ağarəfi stolun üstündən qəzeti götürüb, səlis oxuyur. Məktəb direktoru bunu görüb, onu məktəbə qəbul edib. O, 182 saylı məktəbin 1-ci sinfindən 10-cu sinfinə qədər əlaçı olub. Bir gün də Binəqədi Mədəniyyət evində Mir Cəlal Paşayevin əsərini səhnələşdirirlər. Tamaşaya gələn Mir Cəlal Ağarəfini bəyənir və tamaşanı hazırlayan rejissora deyir ki, əgər bu uşaq aktyor olmasa, deməli, təqsir səndədir. Valideynlərimiz onu həkim kimi görmək istəyirdilər. Ancaq səhnəyə olan həvəsi onu İncəsənət Universitetinə apardı. Hələ orta məktəbdə oxuyarkən məktəb tamaşalarında çıxış edirdi. Universiteti bitirdikdən sonra Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Şəki Teatrına təyinat aldı. Bir neçə il tamaşalarda iştirak etdi. O, "Papaq" filmində Poçtun müdiri, "Ömrün akkordları" filmində çəkilib. Axır illərdə Musiqili Teatrda çalışıb. Onun həyatdan getməsi ailəmiz üçün ağır zərbə oldu".

Həmkarları onun insani xüsusiyyətlərini sadalamaqla yanaşı, bir aktyor və rejissor kimi keyfiyyətlərindən də söhbət açıblar.

Əməkdar artist Nahidə Orucova:

"Ağarəfi çox gözəl insan, tərəf-müqabil idi. Həqiqətən də o öz işini canla-başla yerinə yetirirdi. Bir neçə tamaşanı bərpa etmişdi. Həm aktyor kimi, həm də rejissor kimi çox böyük həvəslə çalışırdı. Çox tez getdi aramızdan, qalsaydı, çox işlər görərdi. Ürəyim doludur, bilmirəm ki, nələr danışım. Hacıbaba Bağırova müavin kimi çox köməklik edirdi. Tərəf-müqabillərinə qarşı çox diqqətli idi. Görkəmli aktyorlarımızın unudulması məni çox narahat edir. Biz yaxşı ki, varıq, onları yada salırıq. Biz də olmasaq, sabah onları yada salan olmayacaq. Çünki gənc nəsil onları görməyib".

Uzun illər aktyorla televiziya tamaşalarında və teatrda tərəf-müqabil olan Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva aktyorla tanışlığını bu cür xatırlayır:

"Ağarəfi ilə Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid və Təbliğ" Teatrında tanış olmuşam. Onunla birlikdə konsert səfərlərində, teatr tamaşalarında, televiziya proqramlarında çıxış etmişəm. Evinə get-gəlim vardı, yoldaşı Mənsurəni tanıyırdım. Bacısının adı Gülçöhrə olduğu üçün, özü də mənə həmişə "bacı" deyirdi. Ağarəfi qızını da o vaxt konsertlərə gətirirdi, o, səhnədə olanda yeməyini mən yedirdirdim. Bacım rəhmətə gedəndə də gəlib mənə başsağlığı verdi. Mənə çox ürək-dirək verirdi ki, darıxmayım. Demək olar ki, həftədə 3 dəfə mənimlə əlaqə saxlayırdı. Bir müddət ondan zəng gəlmədi. Sənət yoldaşım Rəsmiyyə zəng etdi ki, Ağarəfi rəhmətə gedib. Bu xəbər onun ailəsi ilə yanaşı, bizim üçün də gözlənilməz oldu. Çox yaxşı dost idi, itiriləsi insan deyildi. Teatrda hamıya kömək edirdi, hamıya əl tuturdu. Biz onun ölümünə inanmırdıq. Ağarəfi rəhmətə gedəndən sonra onun qızının toyunda necə lazımdırsa iştirak etdik. Ara-sıra ailəsi ilə əlaqə də saxlayıram. Çox təəssüf edirəm ki, onun kimi insan aramızda yoxdur".

Aktyorun sənət dostu Rəsmiyyə Nur onun ölümünə hələ də inanmadığını bildirib:

"Ağarəfini 1990-cı ildən tanıyıram. Ölümünə kimi onunla eyni teatrda çalışdıq. Çox sadə, mülayim, ailəsini sevən bir insan idi. Heç kimlə dava etməzdi, sözündə, əməlində düzgün insan idi. "Tənqid və təbliğ" Teatrında, Musiqili Teatrda truppa müdiri kimi çalışmışdı, bir çox uşaq tamaşalarını yenidən bərpa etdi. Nə vaxt baxırdım, görürdüm ki, əlində çanta var. Soruşurdum ki, "Ay Ağarəfi, bu nədir belə?" Cavab verirdi ki, "Qızlarıma məktəbə yemək aparacağam, ac qalmasınlar". Çox zaman onun ayağı ağrıyırdı, deyirdim ki, həkimə get. Deyirdi ki, gedəcəm, narahat olma. Onunla mərhum Ələkbər Kazımovskinin iki hissəli "Kənddən gələn var" televiziya tamaşasında da tərəf-müqabil idik. Özünə elə baxırdı ki, heç ağlımıza da gəlməzdi ki, qəfil ölüm onu bizdən ayıracaq. Ölümündən 1 gün əvvəl zəng edib dedi ki, maaşlar verilir, gedin alın. Bu onun son sözü oldu... Yasına gedəndə balaca qızı mənə yaxınlaşıb dedi ki, "Rəsmiyyə xala, ata daha qayıtmayacaq?" Bu sözlər hələ də qulağımda cingildəyir (kövrəlir)".

Ömrünü teatr sənətinə həsr etmiş sənətkarın bu gün gec-gec xatırlanması sənət yoldaşları ilə yanaşı, təbii ki, onun ailəsini də üzən səbəbdir. Qədirbilən tamaşaçılar sizi hər zaman sadə Ağarəfi kimi xatırlayacaqlar. Ruhun şad olsun, sənətkar!

Əli Rəhimoğlu

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR