Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi” Partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı son çıxışına münasibət bildirib.

Q.Hüseynli Publika.az-a deyib ki, Levon Ter-Petrosyan sülh istəyən və praqmatik siyasətçidir:

“Erməni siyasi liderləri arasında Levon Ter-Petrosyan sülh məsələsində ən praqmatik və ədalətli mövqe tutan adamdır. Hələ Levon Ter-Petrosyan hakimiyyətdə olan zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kompromisin açıq tərəfdarı olub. Onun həmin dövrdə işlətdiyi və populyar olan “Azərbaycanın indi təklif etdiyi varianta ermənilər vaxt gələcək, yalvararaq razı olacaqlar” ifadələri bu gün özünü doğrultmaqdadır. Levon Ter-Petrosyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh sazişinin imzalanması şansları daha yaxın idi. Ancaq çox təəssüf ki, həmin dövrdə Ermənistan parlamentində məlum hadisələr baş verdi, müəyyən dövlətin təhriki ilə parlamentə silahlı hücum olundu, spiker və bir neçə deputatlar öldürüldü. Bu hadisə baş verən ərəfədə İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə ATƏT-in sessiyası keçirilirdi. Həmin tədbirdə Dağlıq Qarabağla bağlı “böyük sülh sazişi”nin əsas müddəaları bəyan edilməli idi. Ancaq Ermənistan parlamentində baş verən həmin hadisə “böyük sülh sazişi”nin imzalanmasına imkan vermədi”.

Politoloq qeyd edib ki, indi Ermənistan müxalifəti fəallaşır:

“Fəallaşan müxalifət partiya liderləri arasında Levon Ter-Petrosyan da var. Erməni müxalifəti 2017-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərində və referendumda iştirak etmək istəyirlər. Əsas məqsəd isə Dağlıq Qarabağdan gələn ermənilərin hakimiyyətdən məhrum edilməsidir. Çünki hazırda Ermənistanda bütün vəzifələrdə çalışanların əksəriyyəti Dağlıq Qarabağdan çıxmış ermənilər və onların qohumlarıdır. Bütün bunlar yerli erməniləri çox ciddi narahat edir. İrəvanda yaşayan ermənilər vəzifələrdə Qarabağ ermənilərinə üstünlük verilməsinə görə özlərini alçaldılmış hesab edirlər. Hazırda yerli və Qarabağ erməniləri arasında uzun sədd yaranıb”.

Q.Hüseynli həmçinin söyləyib ki, Levon Ter-Petrosyan Dağlıq Qarabağa xüsusi status verilməsini tələb edən şəxslərdən biridir:

“O vaxtilə deyirdi ki, əgər Azərbaycan müharibəyə başlasa, yenə də torpaq itirəcək. Ancaq bütün bunlara baxmayaraq, indi Levon Ter-Petrosyan Dağlıq Qarabağda sülhün zəruriliyini əsaslandırmağa çalışıb. Azərbaycan isə öz torpaqlarını qurban verməklə sülhə gedə bilməz. Sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi tutan tərəf hər zaman Ermənistan olub. Ermənilər bütün sülh danışıqlarını Dağlıq Qarabağın statusunu müəyyən etmək prinsipindən başlamaq istəyir. İndi Dağlıq Qarabağla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir”.

Vasif Həsənli