Cari ilin 23 dekabr tarixində, Azərbaycan Xalça Muzeyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində keçirilən ustad dərslərin iştirakçılarının təltifetmə mərasimi keçirilib.
Milli.Az 24 oktyabr - 14 dekabr tarixlərində Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi təşkil olunmuşdur. Layihə çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən ustad dərslər keçirilmişdir.
Tədbirin açılışını edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikova, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, Azərbaycan Xalça Muzeyinin Elmi bərpa və konservasiya üzrə direktor müavini Yalçın Səlimov, Muzey Sərvətləri və Xatirə Əşyalarının Respublika Üzrə Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın çıxışları zamanı "Azərbaycanın mədəni sərvəti" layihəsinin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir. Parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərslər bu layihənin bir proqramıdır. Proqramın məqsədi unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahə üzrə yeni kadrların yetişdirilməsinə və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasına nail olmaqdır.
"Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində keçirilən ustad dərslər ümumilikdə 41 gün davam etmişdir. Bu ustad dərslərdə həm muzeyin bərpa və konservatorları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr də iştirak etmişdilər. Bu cür keçirilən ustad dərslərdə xüsusi dəvət olunmuş mütəxəssislər iştirakçılar ilə öz bilik və bacarıqlarını bölüşmüş, təcrübə mübadiləsi aparmışdılar.
Tədbirin sonunda Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova lahiyədə iştirak edən Azərbaycan Xalça Muzeyi, İncəsənət Muzeyi, Tarix Muzeyi, Bərpa Mərkəzi əməkdaşları və digərləri diplomla (sertifikatla) təltif olunublar.
Milli.Az

