"Qalatasaray" qış transfer pəncərəsi dövründə heyətinə ilk futbolçunu qatıb. Fanat.Az xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Harri Rodrigesin transferi ilə bağlı PAOK-la anlaşma əldə olunub. "Qalatasaray" futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

İstanbul klubu Kape Verde yığmasının üzvü üçün PAOK-a 3,5 milyon avro ödəyəcək. Bunundan başqa futbolçunun başqa kluba satışı zamanı əldə olunacaq gəlirin 20 faizi yunanlara veriləcək.

"Qalatasaray" Rodrigesin maaşını da açıqlayıb. 26 yaşlı hücumçu cari mövsümün qalan hissəsində 675 min avro maaş alacaq. O, qalan 4 mövsümdə 1,35 milyon avro qazanacaq.

Bundan başqa "Qalatasaray" Super Liqa və avrokuboklarda qazanacağı hər bir xal üçün futbolçuya 4 min avro mükafat verəcək. Bu mükafat futbolçunun ilk "11-lik"də oynayacağı matçlar üçün 100, meydana sonradan çıxacağı halda 50, "18-lik"də yer alıb oynamayacağı halda 25 faiz ödənəcək.

Beləliklə, mükafatlar nəzərə alınmasa, Rodrigesin transferi "Qalatasaray"a 9 milyon 575 min avroya başa gəlib.

Qeyd edək ki, Rodriges POAK-a 2015-ci ildə "Elçe"dən 250 min avroya transfer olunub. "Transfermarkt" hazırda ona 3,5 milyon avro qiymət qoyub. O, PAOK-un heyətində 58 rəsmi oyuna çıxıb və 13 qol vurub.

Rodriges bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. O, hər iki matçda start heyətində yer alaraq sonadək oynayıb.

Fanat.Az