"Avrokuboklarda mübarizə aparırıq, amma Avropanın tanınmış komandalarını öz meydanımızda qəbul edə bilmirik. Hazırkı vəziyyətdə bu, imkansız görünür. Ancaq ümidimizi itirmirik". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


Antalyada toplanışda olan komandanın çalışdırıcısı Türkiyənin Anadolu Agentliyinə müsahibə verib. Qurbanov torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən ələ keçirildiyini və komandanın 24 ildi Bakıda oynamaq məcburiyyətində qaldığını xatırladıb: "Ölkə prezidenti işğal olunmuş torpaqlarımızın qaytarılması üçün çox çalışır. İnşallah, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Buna çox inanırıq. İnşallah, doğma torpaqlarımızda yaxşı stadion və güclü komanda ilə azarkeşlərimizin qarşısına çıxarıq".


Torpaqların işğal altında olması səbəbi ilə azarkeşləri ilə aralarında heç bir komandada olmayacaq bağ olduğunu vurğulayan Qurbanov bunları deyib: "Sağ olsun azarkeşlər, bizi heç vaxt yalnız buraxmırlar. Məğlub olanda belə, yanımızda olurlar və Qarabağ adını yaşıl meydanlarda yaxşı mənada daşımağımıza kömək edirlər. Avrokubok matçlarında isə bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələlərindəki oyunlarımız zamanı Azərbaycan və Türkiyə bayraqları tribunalarda daim yan-yana idi. Bu amil futbolçularımıza da əlavə motivasiya verir. Hər kəs "Qarabağ”a milli komanda kimi sahib çıxır, böyük coşğu ilə bizi dəstəkləyir".


Azərbaycanda Türkiyə futboluna böyük marağın olduğunu xatırladan Qurbanov türk klublarının böyük coşqu ilə dəstəkləndiyini qeyd edib. 45 yaşlı mütəxəssisin türk klubları ilə yoldaşlıq oyunu da olsa, qarşılaşmanın sevinci gətirəcəyini vurğulayıb: "Həm Türkiyədə, həm də bizdə çempionat çox çətin keçir. Öz aramızda oyun təşkil etmək üçün təqvim müəyyənləşdirmək asan deyil. Amma iki qardaş ölkənin komandaları arasında oyunlar olarsa, bu iki ölkənin futbol münasibətləri daha yaxın olar. Türkiyədə "Beşiktaş”lılar, "Fənərbaxça”lılar, "Qalatasaray”lılar olduğu kimi, bizdə də belədi. Azərbaycanlılar bu üç komandaya daha çılğın azarkeşlik edirlər. Azərbaycanda "üç böyüklər”ə qarşı olacaq oyunlar böyük maraq doğurar. Azərbaycanlılar bu 3 komandanın fanatıdı. Bu səbəbdən "üç böyüklər”i ölkəmizə dəvət edirəm. Əlbəttə ki, onlarla avrokubok çərçivəsində qarşılaşmaq daha mənalı olar. Futbolumuz gündən-günə inkişaf edir. Yaxın müddətdə Türkiyənin aparıcı klubları ilə Avropa arenasında qarşılaşacağımıza inanıram".

Qurbanov cari mövsümlə bağlı hədəflərindən də söz açıb: "Çempionatda "Qəbələ”dən 1 xal öndəyik və turnir cədvəlinə başçılıq edirik. Hədəfimiz ardıcıl 4-cü dəfə çempionluğu qazanmaq və Çempionlar Liqasında təsnifat mərhələlərini keçərək, qrupa düşməkdi. Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla Azərbaycanda ilkə imza atmaq istəyirik”.

"Qarabağ”ın baş məşqçisi "Qalatasaray”ın PAOK-dan transfer etdiyi Qarri Rodriges barədə də danışıb. O, bu mövsüm Avropa Liqasında üz-üzə gəldikləri oyunçunu tərifləyib: "Qarri Rodrigesdə bir futbolçuda tələb olunan bütün keyfiyyətlər var. Çox bacarıqlı, sürətli və texnikalı futbolçudu. Topla olarkən çox sürətlidi. Qarri Rodrigesin "Qalatasaray”ı gücləndirəcəyini düşünürəm”.

Qurban Qurbanov Türkiyə Superliqası ilə bağlı fikirlərini də bölüşüb. O, lider "Başakşəhər”in çempionluğunu arzulasa da, ən çox izlədiyi komandanın "Beşiktaş” olduğunu vurğulayıb: "Başakşəhər” çox yaxşı performans ortaya qoyur. Onlara uğurlar arzulayıram. "Başakşəhər”in çempion olması Türkiyə futboluna böyük xeyir verər. Çünki yenilik olar. Daha çox "Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli məşqçiləri var. Təbii ki, "üç böyüklər”in çempionluq təcrübəsi onları ön plana çıxarır. Amma futbol hər zaman sürprizlərlə dolu olur”.

Qurbanov sonda ən çox bəyəndiyi türkiyəli futbolçunun "Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu olduğunu bildirib.


Fanat.Az