Mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ-ın yeni prezidenti Donald Trapın andiçmə mərasimi ilə bağlı "sürpriz" hazırlayıb. Təşkilat yanvarın 20-də, inuaqurasiya mərasiminə bir neçə saat qalmış bəyanat yayıb. Bəyanatda, ənənənin əksinə olaraq, yeni prezident üçün təbriklər yox, barəsində ittihamlar yer tutub, həmçinin ona xəbərdarlıq mesajı verilib.
BJF Donald Tarmpın prezidentliyə namizəd olduğu dövrü müşahidə edib. İl yarım ərzində monitorinq aparan təşkilat təmsilçiləri kampaniya dövründə Trampın mediaya qarşı "kobud davranışını", "təhqir və təhdidlərini ehtiva edən hərəkətlərinin" siyahısını hazırlayıblar. Bu siyahı dünən, yanvarın 20-də açıqlanan bəyanatda yerləşdirilərək andiçmə mərasimindən öncə yeni prezidentin ünvanına göndərilib.
Hadisələri təhlil edən BJF bu qərara gəlib ki, Trampın mediaya qarşı davranışı demokratik ölkə ənənələrinə zidd, antidemokratik olub. Təşkilat narahatdır ki, "dünyanın ən güclü dövlətinin rəhbəri bu tip davranışlarını davam etdirəcək, onun pis nümunələri ABŞ sərhədlərini aşacaq, başqa ölkələrin siyasətçiləri üçün örnəyə çevriləcək və yekunda qlobal səviyyədə medianın durumunun pisləşməsinə yol açacaq".
Baş verənlərdən təəssüf hissi keçirən BJF rəhbərliyi Trampa mesaj ünvanlayıb ki, onun mediaya qarşı davranışları üzərində monitorinqləri davam etdirəcək: "Mediaya qarşı antidemokratik yanaşma davam edərsə, cavab tədbirləri görüləcək".
Məlumat üçün bildirək ki, BJF 140 ölkədə mövcud olan 170 üzv təşkilatı vasitəsilə 600 min nəfərə qədər jurnalisti birləşdirən dünyanın ən böyük media təşkilatıdır. Hadisələrə obyektiv, tam ciddiyyəti ilə yanaşan bu təşkilat ənənələrinə sadiq qalıb, Tramp haqqında hazırladığı hesabatda da sözçülüyə yol verməyib, onun 2015-ci ilin yaz aylarından etibarən mediaya qarşı yol verdiyi bütün hərəkətlərin dəqiq statistikasını hazırlayıb. Siyahı Respublikaçı namizədin 2015-ci ilin mayında keçirdiyi mətbuat konfransında ABŞ-da ispan dilində yayımlanan ən böyük telekanalın - "Univision TV"-nin meksikalı əməkdaşı Corc Ramosunu zaldan qovmasını əks etdirən skandalla başlayır. Ramosunun suçu Trampa qaçqınlarla bağlı sual verməsi olmuşdu. Siyahı ən xırda detalların belə qeydə alınması ilə davam etdirilir, Trampın mediaya baxışını əks etdirən çıxışları ilə zənginləşdirilir. Burada, həmçinin 2016-cı ilin noyabrın 22-də baş vermiş skandal da var. Prezident seçkilərində qalib gəlmiş Tramp 22 noyabrda jurnalistləri görüş üçün dəvət etsə də, bu görüş yeni prezidentin KİV-ləri hədələməsi və təhqir etməsi ilə yadda qalmışdı. CNN telekanalının rəhbəri Ceff Zukerə səslənib "Mən sizin kanala nifrət edirəm, CNN ancaq yalançılardan ibarətdir, sizə ayıb olsun" deyən Tramp görüş müddətində digər KİV-ləri də pisləməyi yaddan çıxarmamışdı: "Biz yalançılar, ikiüzlülər, hər şeyi kökündən yanlış təqdim edən şərəfsiz KİV-lərlə bir zaldayıq".
Rusiya kəşfiyyat qurumlarının, hakerlərin ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmələri, Trampın qalib gəlməsinə dəstək vermələri barədə xəbərlərin yayılmasından sonra yeni prezidentin mediaya qarşı münasibəti daha da pisləşib. Nyu-Yorkda keçirdiyi mətbuat konfransındakı çıxışında CNN-i "rəsmi Kremlin (Rusiya) milyarderlə bağlı kompromatı var" xəbərini yaydığına görə təhqir edib. Tramp nəinki CNN-nin jurnalisti Cim Akostu ona sual vermək imkanından məhrum edib, həmçinin ümumilikdə CNN-i və bütün KİV-ləri təhqir edib: "Belə xəbərləri yayımlamaq ayıbdır... Mən bunu təhqiramiz hesab edirəm. Bu üsuldan Alman faşistləri istifadə ediblər. Onlar da sizin kimi ictimaiyyətə yalan məlumat verirdilər".
Xatırladaq ki, Amerikanın əksər nüfuzlu KİV-ləri Trampın prezident seçilməsinə qarşı olublar. Bunun səbəblərindən biri də Trampın söz azadlığına münasibətinin mənfiliyidir. O, tənqidə qarşı dözümsüz olduğunu dəfələrlə göstərib, jurnalistlərlə münaqişəyə girib, KİV-ləri və ümumilikdə jurnalistikanı pisləyən açıqlamalar verib. Bu münasibət onun namizəd olduğu dövrdə də, prezident seçildikdən sonra da, hətta inauqurasiya mərasimində də özünü göstərib. Amma bütün bunlara rəğmən, ABŞ KİV-ləri Trampa qarşı sistemli, təşkilatlanmış müqavimət qurmayıblar, həssaslıq göstərərək məsələləri qabartmamağa, "ABŞ-ın demokratik imicini" zədələməməyə çalışıblar. ABŞ KİV-lərinin "səbrli davranışları" həddi aşdığı üçün, beynəlxalq təşkilatlar missiyanı öz üzərlərinə götürüblər, Trampa müqavimət göstərməyə qərar veriblər. BJF-nin bəyanatı, KİV-lərə "Trampı nəzarətdə saxlamaq" çağırışı etməsi bu yöndə ilk təşkilatlanmış hərəkatdır.
Diqqət çəkən məqamlardan biri də budur ki, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri saniyə fərqilə izləyən ABŞ-ın beynəlxalq statuslu hüquq müdafiə təşkilatları, Trampla ABŞ KİV-ləri arasında yaranmış tragik duruma münasibət bildirməyə tələsmirlər. Trampın namizəd olmasından keçən il yarım müddətlik bir dövr və yaşanan dramatik hadisələr "Freedom House", Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) və digər onlarca ABŞ yönlü hüquq müdafiə təşkilatları üçün nəticə çıxarmağa "kifayət etməyib". Onlar bu hadisələri görməzdən gəlir, səhifələrində qabartmamağa çalışırlar.
Müşfiq Ələsgərli
Milli.Az