Son baş vermiş intihar hadisəsi ölkədə əməlli-başlı bədbinlik yaradıb. Onsuz da intihar xəbəri, təbii ölüm xəbərindən daha çox toplumu neqativ yükləmək gücünə malikdir. Amma bu intiharın, intiharın həddindən artıq pis bir hal olduğu haqqında onlarca müsahibə verən, cəmiyyəti düşüncə pozuntularından, depressiyalardan arındıran insanın həyata keçirməsi toplumu nihilist bir ab-havaya salıb. Az qala hər kommentdə: "Bunu hətta psixoloq da edirsə, bəs adi adamlar nə etsin?", "Sonumuz necə olacaq" kimi bədbin cümlələrə rast gəlirik...
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əslində hadisənin motivinin bu şəkildə qiymətləndirilməsi və insanlara çatdırılması daha təhlükəlidir. Çünki, bu tip nihilist rəylər yazmaqla, daimi stress və depressiyadan əziyyət çəkən insanlara həyatın hər üzünü qara göstərməklə, onların bilmədən bir gün bu həyatdan imtina etməklərinə kömək etmiş olarıq! Birmənali olaraq, istənilən intihar hadisəsini həm topluma çatdırarkən və həm də öz şüurumuza təqdim edərkən "Səhv etdi! Heç bir halda etməməli idi!" kimi təqdim etməliyik. Çünki, birincisi bütün dinlərdə intihar günahdır və qadağan olunub. Olmazların ən olmazıdır! İkincisi isə, intihar ümumibəşəri bir cinayətdir. Çünki, əgər cəmiyyətdə hətta bir intihar hadisəsi baş verirsə, bu, sonrakı üçün vasitə olur, sonrakı intiharlar üçün açılış olur, başlanğıc olur... Və intiharlara iqtisadi böhranın yol açdığı üçün haqq qazandırmaq olmaz, çünki, istər ümumən bəşəriyyətin və istərsə də Azərbaycanın bundan da kasıb günləri olub!
Aydın məsələdir, həyat çətindir... İnsan bəzən elə bir vəziyyətə düşə bilər ki, nəfəs belə alması çətinləşər... Bütün insani ümüdləri qırıla bilər, xəyalları yıxıla bilər... Amma inanın ki, bu medalyonun bir tərəfidir. O biri tərəfində isə işıqlı bir həyat var, yeni ümüdlər var, həyatın ətri var...
Ancaq çox təəssüf ki, biz medalyonun o biri tərəfini görərək də, o üzünə çevirə bilmirik. Adi bir stresdən elə bir vəziyyətə qalırıq ki, günlərlə heç güzgüdə özümüzü belə görmürük... Bəzən ən pis hallarımızda birtəhər suyun dibindən əlimizi çıxardıb imdad diləyirik, tanışlarımızdan psixoloq ünvanı axtarırıq... Qurtuluşumuzun yalnız o psixoloqda olduğunu düşünürük... Halbuku, dünyagörmüş adamlar bizə deyir, ay bala, nə psixoloq, o da sənin kimi bir insandır. Hətta bilmirsən, onun öz psixoloji durumunu, bilmirsən onun ruhunda nə hadisələr baş verir...
Otur bir dəfə çağır "Ya Allah!", denən "Ay Allah, çıxart məni quyunun dibindən"... Bəli, məhz bu andan sonra bizim üçün medalyonun o biri, görünməyən tərəfi görünər. Görərik, ki, bizim uğrunda ölməyi belə gözə aldığımız bir şey, əslində çox adi imiş... Biz onun uğrunda nə qədər göz yaşı tökmüşdük, nə qədər yuxusuz gecələr keçirmişdik, sən demə heç dəyməzmiş... Hətta üstündən bir neçə il keçəndən sonra isə, bəlkə də heç yadımıza düşməyəcək qədər adi imiş... Halbuki, biz onun intizarı ilə nə qədər həsrət çəkmişik, halbuki, biz onun intizarından, həsrətindən alışanda, yanımızdakı bizim məhəbbətimizə ehtiyacı olan əzizlərimizi incitmişik, onların qiymətini vaxtında bilməmişik, bəzilərini o dünyaya yola salmışıq...
Hər kəsin bir "İsmail"i var... Və bizi çox vaxt depressiyaya salan da o "İsmaillərimiz" olur. Qurban vermək istəmirik onları. Başa düşməliyik ki, bu həyatda problemsiz insan yoxdur. Hərə bir cür çəkir, kiminin dərdi üzdədir, görünür, kimininki isə qəlbini qabar edib... Bir problem həll edilirsə, sabah digəri baş qaldırır... Bütün bunlar bizim həqiqi insani gövhərimizin ortaya çıxmasından ötrüdür və bütün bu problemlərin həlli, əgər biz Allahı yaxın bilməsək - qeyri-mümkündür. Çünki, Allahı yaxın bilən insan nəinki intihar edər, hətta depressiya və stressə də düşməz. Hətta o hadisələr ki, insanı əsəbiləşdirir, o hadisələrə də səbir edər.
Fikir vermisinizsə, o insanlar ki, Allahla həqiqi rabitəni tapıblar, onlar,ən ağır həyati müsübətlərə də qarşı dözümlülük nümayiş etdirirlər. Eynilə Xanım Zeynəbin (s.ə) "Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" deməsi kimi. Amma Allahla həqiqi rabitəni tapmayan bir insan, hətta küləyin əsməsindən, geyindiyi paltardan getdiyi məclisdə bir başqa adamın geyinməsindən də depressiyaya düşə bilir...
Söz yox ki, psixologiya və bu kimi elmlər insan ruhunu arındırmaqda köməkçi rola malikdirlər. Amma heç bir elm, insanı təkbaşına ayağa qaldıra bilməz. İnsan ən ağır depressiv vəziyyətdən öz iradəsilə ayağa qalxa bilər və o, bunu psixoloqsuz da bacarar!
Həyat gözəldir. Vallah gözəldir... Yaşamağa dəyər... Təki medalyonun o biri tərəfini çevirək. Bu, bizim öz əlimizdədir...
Allahdan hər birimizin ömrünü uzun və bərəkətli etməsi diləyi ilə...
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində