Milli Məclisin Qərbi Azərbaycandan olan deputatı Musa Urud və sabiq millət vəkili Sabir Rüstəmxanlı “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovun “Azərbaycanın ağır günləri başlayanda erməniləri ölkədən çıxarmaq lazım deyildi” açıqlamasına etiraz edib.
M.Urud Publika.az-a açıqlamasında deyib ki, hərdən Hacı Əbdül məntiqə sığmayan bu cür bəyanatlar verir, fikirlər söyləyir:
“Görünür bu adam indi reallıq hissini tamamilə itirib. O nəzərə almır ki, həmin dövrdə Ermənistanda və Azərbaycanda ümumi situasiya necə idi, konfliktlər milli düşmənçilik səviyyəsinə çatmışdı. Həmin dövrdə Azərbaycan hökuməti və ictimaiyyətinin, xüsusilə də xalq hərəkatının ən böyük qoçaqlığı ermənilərin ölkəmizdən sağ-salamat getməsini təmin edə bilməsi idi. Halbuki Ermənistandan deportasiya edilən azərbaycanlıların təhlükəsizliyi bu cür təmin olunmamışdı. Hacı Əbdülün məntiqi ilə yanaşsaq, o zaman bu cür çətin dövrdə ermənilərin əlinə silah verib orduya yollanmaq qəti məntiqə və ağılı sığmayan hərəkət olardı. O zaman həmin ermənilər azərbaycanlıları qırardılar. Digər tərəfdən isə bu cür ağılasığmaz addımı kim ata bilərdi? Heç biz o dövrdə özümüzü müdafiə dəstələri üçün silah-sursat tapa bilmirdik. Sovet “KQB”si Azərbaycanda hər kəsin silahını almışdı. Hətta, Qarabağ bölgəsində polislərin silahları da əllərindən alınırdı. Bu cür vəziyyətdə necə özünümüdafiə dəstəsi yaratmaq olardı? Yaxud da erməniləri Azərbaycan ordusuna cəlb etmək olardı?”

Deputat qeyd edib ki, həmin ermənilər Azərbaycanda qalmış və dövlət müstəqilliyimizi tanımış olsaydı, sonrakı dövrlərdə onlar orduya da cəlb olunardı:
“Amma həmin dövr üçün nə ordu yaratmaq, nə də erməniləri həmin orduya cəlb etmək mümkün deyildi. Həmin vaxtı özünümüdafiə batalyonlarını çox çətinliklə yaradırdıq. Belə bir zamanda erməniləri Azərbaycan ordusuna cəlb etmək tamamilə absurd məsələdir. Bunu ancaq məsuliyyət və reallıq hissini tamamilə itirən adam söyləyə bilər”.
M.Urud söyləyib ki, o dövrdə ən doğru addım Ermənistandan deportasiya edilən azərbaycanlıları Qarabağa yerləşdirmək idi:
“Ancaq çox təəssüf ki, biz bu imkanı qaçırdıq. Yəni, o dövrdə SSRİ rəhbərliyinin dedikləri ilə oturub-duran Əbdürrəhman Vəzirovun dövründə Azərbaycan rəhbərliyi bu imkandan yararlana bilmədi. Əgər bunu edə bilsəydik, o zaman Ermənistanla Azərbaycan arasında sülh də bərpa olunardı, Dağlıq Qarabağ konflikti də bu qədər dərinləşməzdi. Çox təəssüf ki, Əbdürrəhman Vəzirov bunu etmədi”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı isə bu cür fikirləri “Azərbaycanda erməni və rus sevgisi” adlandırıb:

“Deyəsən, zaman keçdikcə bu millətin yaddaşı xarab olur. Sanki Azərbaycanda yenidən rus və erməni sevgisi başlayıb. Elə bil ki, ermənilərin, rusların başımıza gətirdiyi müsibətləri unudublar. Birincisi, həmin erməniləri Azərbaycandan rəsmi dairələrimiz çıxartmayıb. Qərbi Azərbaycandan 200 min azərbaycanlı deportasiya edilmişdi. Onlar Bakıya gələn zaman buradakı bir çox ermənilər onlarla evlərini dəyişdilər. Burada xalqın heç bir günahı olmayıb. Ermənilərin Bakıdan çıxmasının bütün məsuliyyətini o zamankı Azərbaycan hakimiyyəti deyil, Ermənistan hakimiyyəti daşıyır. Əgər Qərbi Azərbaycandan 200 min soydaşımız deportasiya edilməsəydi, Bakıdakı ermənilər də çıxıb getməzdilər. Sumqayıt hadisələrinin də məsuliyyətini Ermənistan hakimiyyəti daşıyır. Çünki Qərbi Azərbaycandan ilk köç dalğası Sumqayıta gəlmişdi. Necə ola bilər ki, bir insanın qohum-əqrəbası ermənilər tərəfindən gözünün qabağında öldürülür, qovulur, həmin azərbaycanlı isə Azərbaycana gəlib küçələrdə qalır, ancaq ən gözəl evlərdə ermənilər yaşayır. Bu cür ədalətsizliyə Azərbaycan xalqı göz yuma bilməzdi. Ona görə də Bakıda və Sumqayıtda yaşayan ermənilərin bir çoxu Ermənistana qayıdıb”.
S.Rüstəmxanlı bildirib ki, sözügedən məsələnin çox şişirdilməsinə ehtiyac yoxdur:
“Bu məsələni çox şişirdilər. Azərbaycanda ermənilərə qarşı heç zaman ciddi təzyiq olmayıb. Ola bilər ki, tək-tək kimsə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla evlərini dəyişərək, Ermənistana qayıdıb. O zaman Azərbaycan ziyalıları da bilirdilər ki, burada hər hansı təxribat ola bilər. Ona görə də biz bunun qarşısını alırdıq. O dövrdə ermənilər sakitcə qatara, avtobusa oturub istədikləri yerə getdilər. Yadıma gəlir, o zaman zavod direktorları, iş adamları da getmək istəyən ermənilərə avtobus köməkliyi göstərirdilər. Xeyli ermənilər isə Bakıdan getmədilər, burada qaldılar. Buna görə də bu məsələdə o vaxtkı Azərbaycan hakimiyyətinin heç bir günahı yoxdur”.
Xatırladaq ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Moderator.az-a açıqlamasında Azərbaycanın ağır günləri başlayanda ermənilərin ölkədən çıxarılmasının doğru addım olmadığını bildirib:

“O vaxtlar meydanlarda belə şuarlar səsləndirilirdi ki, ermənilər, ruslar, yəhudilər, ümumiyyətlə başqa xalqların nümayəndələri Azərbaycandan çıxarılmalıdır. Mən bu fikrin əleyhinə olmuşam. Hələ o vaxt bildirmişəm ki, onları Azərbaycandan çıxarmaq lazım deyil. Ona görə ki, onlar Azərbaycanın sakit, gözəl, şən günlərində Azərbaycan vətəndaşı idilər, gözəl yaşayırdılar. Azərbaycanın ağır günləri başlayanda isə onları ölkədən çıxarmaq lazım deyildi. Mən o zaman təklif etmişdim ki, onları Azərbaycan vətəndaşı kimi silahlandırmaq və Qarabağın müdafiəsinə göndərmək lazım idi. O vaxt ölkəmizin ağır günlərində onları ölkədən çıxartdılar, xoş günündə isə yenidən Azərbaycana dəvət edirlər. Xeyir ola, pis günümüzdə çıxıb gedirdilər, indi yaxşı gündə niyə qayıdırlar? Görürsünüzmü, mənim sözüm indi gəlib yerinə düşdü”.
Vasif Həsənli