"Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bir sıra diaspora təşkilatı nümayəndələri işlərini düzgün qurmurlar, onlara ayrılan vəsaiti mənimsəyirlər. Nəticədə də Azərbaycanın diaspora işi istənilən nəticəni verə bilmir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu ayrı-ayrı ölkələrdə diaspora fəaliyyətimizin qənaətbəxş olmadığını söyləyib:

Diaspora təşkilatlarımızın işi qənaətbəxşdirmi? – Ziyalılardan ETİRAZ

“Azərbaycanın dövlət büdcəsindən bu sahəyə milyonlarla vəsait ayrılır. Ancaq bütün bunların müqabilində əksər diaspora təşkilatlarımızın hər hansı ciddi fəaliyyətini görmürük. Fikrimcə, bizi xaricdə təmsil edən nümayəndələrin bir çoxu düzgün seçilmir".

Milli Məclisin deputatı Vahid Əhmədov isə Publika.az-a deyib ki, son vaxtlar diaspora təşkilatlarının fəaliyyəti ilə bağlı mətbuatda müxtəlif müzakirələr gedir.

Diaspora təşkilatlarımızın işi qənaətbəxşdirmi? – Ziyalılardan ETİRAZ

Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılandan sonra bu sahədə müəyyən qədər uğurlu işlər görülsə də, bəzi ölkələrdə diaspora fəaliyyətimiz istənilən səviyyədə deyil:

“Hazırda elə ölkələr var ki, orada güclü diaspora təşkilatlarımız var. Ancaq elə diaspora təşkilatlarımız da var ki, onlar çox zəif fəaliyyət göstərir. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında problemlər yaradır”.

V.Əhmədov qeyd edib ki, son vaxtlar ölkə Prezidenti tərəfindən diaspora quruculuğu sahəsində xeyli işlər görülüb:

“Cənab Prezident mütəmadi olaraq dünyada yaşayan soydaşlarımızla görüşür, yığıncaqlar keçirir və onlara diaspora quruculuğu ilə bağlı göstərişlər verir. Azərbaycan yeni müstəqillik qazanan dövlətdir. Bizim dövlət müstəqilliyimizin 25 yaşı var. Bunu daha da təkmilləşdirməyə ehtiyac var. Ona görə də Azərbaycanın diaspora təşkilatlarının fəaliyyətini daha da gücləndirmək və onlarla daha sıx işləmək lazımdır”.

Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı Publika.az-a deyib ki, bəzi şəxslər xarici ölkələrdə “Azərbaycan diasporu nümayəndəsi” adı altında dələduzluqla məşğul olur, soydaşlarımızdan pul alaraq onları aldadırlar:

Diaspora təşkilatlarımızın işi qənaətbəxşdirmi? – Ziyalılardan ETİRAZ

“Bu cür adamları diaspora nümayəndəsi hesab etmək olmaz. Mənim tanıdığım diaspora təşkilatlarından heç biri bu cür xoşagəlməz işlərlə məşğul olmur”.

S.Rüstəmxanlı deyib ki, son vaxtlar Azərbaycandan gedən miqrantların sayı artığı üçün həmin dələduz şəxslər xaricə üz tutan soydaşlarımızı oturum almaq adı ilə aldadırlar:

“Soydaşlarımızdan oturum almaq adı ilə pul alırlar. Həmin şəxslər bir-iki nəfəri aldadandan sonra, onları hər kəs tanıyır və yaxın durmur. Lakin bütün bunlar bütövlükdə Azərbaycanın imicinə xələl gətirir. Bu cür dələduz şəxslərə diaspora nümayəndəsi demək doğru deyil. Bu kimi problemlərin həlli yolu odur ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri vətənpərvər və təcrübəli olmalıdırlar. Diaspora rəhbərləri soydaşlarımıza təmənnasız yardım etməlidir”.

Sabiq deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdəki bir sıra dioasporalarının təşkilatlanması işi də zəif gedir:

“Diaspora təşkilatlarımız qənaətbəxş fəaliyyət göstərər bilmir. Bunun üçün də müəyyən zaman lazımdır”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev də Publika.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə diaspora nümayəndəsi və ya sədri Azərbaycan naminə pul müqabilində hər hansı iş görməməlidir:

Diaspora təşkilatlarımızın işi qənaətbəxşdirmi? – Ziyalılardan ETİRAZ

“Əgər diaspora sədri soydaşımızdan pul alıb nə isə iş görürsə, bu onun vicdanının ləkəli olduğunu göstərir. Diaspora nümayəndəsi soydaşlarımıza təmənnasız xidmət etməlidi. Eləmirsə, adını “diaspora” qoymasın, gedib başqa işlərlə məşğul olsun. Şəxsən mən bəzi hallarda soydaşlarımız tərəfindən edilən müraciətlər əsasında onlara təmənansız köməklik göstərirəm. Hətta, elə olur ki, cəriməsi olan soydaşımızın pulunu cibimdən ödəyirəm, sənədlərini hazırlatdırıram, istədiyi yerə yola salıram. Təyyarəyə qədər yol yoldaşlığı edirəm. Bu cür hallar tez-tez olur, mən də öz vəzifəmi yerinə yetirirəm. Bütün bunların müqabilində isə heç kəsdən zərrə qədər pul almıram. Kimsə pul təklif etsə belə, götürmərəm”.

Vasif Həsənli