Türkiyə və Yunanıstan arasında uzun müddət münaqişə
mövzusu olan adalar məsələsi yenidən gərginliyə səbəb oldu. Kardak
qayalıqları üzərində başlanan qarşıdurmanın hansı nəticələrə səbəb
olacağı diqqətlə müşahidə olunur. Müharibə, yoxsa sadəcə güc
nümayişi? Ümumiyyətlə, Yunanıstanın Türkiyəyə qarşı baş
qaldırmasının arxasında hansı səbəblər dayanır?
Bu və digər məsələləri Ankarada fəaliyyət göstərən Qafqaz Strateji
Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli
politoloq Hasan Oktay Publika.az-a müsahibəsində şərh
edib.
- Türkiyə və Yunanıstan arasında adalarla bağlı
qarşıdurmanın tarixi əvvəllərə gedib çıxır. Gərginliyin yenidən
başlamasının səbəbi nədir?
- 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bəzi
hərbiçilər uğursuzluğa düçar olduqlarını görərək, helikopterlə
Yunanıstana qaçdılar. Türkiyə dövləti bu hərbiçilərin təhvil
verilməsi məsələsində Yunanıstan rəsmiləri ilə təmaslar qurdu.
Yunanıstan isə hərbiçiləri verməkdən imtina etdi. Bəzi yuna
siyasətçilər Türkiyədə təhlükəsizliyin və demokratiyanın olmadığını
iddia edərək, hərbiçilərin qaytarılmadığını deyir. Türkiyə və
Yunanıstan arasında uzun müddət mövcud olan münaqişə bu hadisədən
sonra təkrar gündəmə gəldi. Yunanıstan Ermənistan kimi layihə
dövlətidir. Şərq və qərb sərhədlərimizdə qurulan bu iki dövlət
Türkiyənin xarici dünyaya açılan qapılarını bağlamaq üçün davamlı
olaraq ölkəmizə qarşı istifadə olunur. Türkiyə Kipr hərəkatından
sonra Yunanıstanla əlaqələrində sülh yaratmaq üçün çox mübarizə
apardı. Lakin Yunanıstan üzərindən Türkiyəyə qarşı hərəkət edənlər
davamlı olaraq, Afinanı Ankaranın üzərinə qaldırırlar. Yunanıstan
və Türkiyənin müzakirə edilərək, həll edə biləcəyi məsələlər
çətinləşdirildi, problemlər yaradıldı və həllolunmaz vəziyyətə
gətirildi. Sahil suları və adalar məsələsi də həmişə problem olaraq
istifadə olundu.
- Hazırda iki ölkə arasında müharibənin başlaya biləcəyi
ehtimalı varmı?
- Yunanıstan və Ermənistan kimi layihələşdirilmiş dövlətlər
müstəqil şəkildə müharibə qərarını verə bilməzlər. Verəcəkləri
müharibə qərarı da ən çox 2 saat çəkə bilər. Yəni Yunanıstan
hansısa dövlətə güvənərək, başlaya biləcəyi müharibənin qalibi ola
bilməz. Ona görə də bu gərginlik daha da artırıla bilər, lakin
müharibəyə gətirib çıxarmaz. Yaxın zamanda, Yunanıstanın
arxasındakı Avropa dövlətləri hərəkətə keçəcəklər və məsələni
müzakirə səviyyəsinə endirəcəklər. Yox, əgər Yunanıstan Türkiyəyə
qarşı hücum mövqeyini davam etdirərsə, nəticələrə davam gətirməyə
şansı olmaz.
- Bu gərginliyin sonunu necə görürsünüz?
- Türkiyənin Suriyada yürütdüyü siyasətdən narahat olan Qərb
dünyası Türkiyəni cəzalandırmaq üçün bu böhranı fürsət bilib
Yunanıstanla Türkiyəni qarşı-qarşıya gətirə bilərlər. Lakin bundan
Yunanıstan ziyan çəkəcək. Ümumiyyətlə, Türkiyənin Suriya cəbhəsində
apardığı mübarizəsini beynəlxalq hüquq çərçivəsinə salmasından və
Suriyada olmasından narahat olanlar Türkiyə əleyhinə fəaliyyəti
artıracaqlar. Görünən odur ki, indi Yunanıstanı da Türkiyəyə qarşı
hərəkətə keçirəcəklər. Lakin bundan ən çox zərəri Yunanıstanın özü
görəcək.
Asif Nərimanlı