“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

14:33 16 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində dörd nominasiya üzrə üç yaş qrupunda həyata keçirilən “Vətənin pərvəri ol!” yaradıcılıq müsabiqəsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, martın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) müsabiqə qaliblərinin mükafatlandırılması və ədəbi yaradıcılıq, rəsm, foto və əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov iştirakçıları təbrik edərək müsabiqə barədə ətraflı məlumat verib. Bildirilib ki, Bilik Fondu tərəfindən ötən ilin dekabrından başlanılan müsabiqə dörd ay davam edib. Azərbaycanın bütün bölgələrindən yaradıcı insanlar iştirak etdikləri müsabiqəyə müxtəlif yaş qrupları üzrə 700-dən çox əsər təqdim olunub. Bunlardan 292-si şeir, esse, hekayə, 295-i rəsm əsəri, 73-ü əl işi, 72-si isə fotodur.
O. Səmədov müsabiqəyə təqdim olunan əsərlərin çoxunun vətənpərvərlik və Qarabağ mövzularına həsr olunduğunu söyləyib.
Sonda Fondun icraçı direktoru sərginin yüksək səviyyədə təşkil edilməsinə görə ADRA-nın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Mərasimdə ADRA-nın rektoru, akademik, xalq rəssamı Ömər Eldarov çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, gənclərin milli ruhda böyüməsində, onların yaradıcılıq istedadlarının üzə çıxarılmasında bu cür tədbirlərin vacibliyini xüsusi qeyd edib.
Sonra qaliblərə mükafatlar təqdim olunub. Üç nominasiya üzrə müxtəlif yaş qruplarından on iştirakçı birinci, 15 nəfər ikinci, 20 iştirakçı isə üçüncü yerlərə layiq görülüblər. On nəfərə isə həvəsləndirici mükafatlar verilib.
Daha sonra iştirakçılar sərgi ilə tanış olublar. 300-dək foto, rəsm, yaradıcılıq və əl işlərinin nümayiş olunduğu sərgi üç gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vetenin_perveri_ol_musabiqesinin_qalibleri_mukafatlandirilib-839630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR