Atasının məzarı üçün hazırladığı abidəni qoymağı 45 il gözləyən Mirəli Mirqasımova kim kömək etdi? - FOTO

Atasının məzarı üçün hazırladığı abidəni qoymağı 45 il gözləyən Mirəli Mirqasımova kim kömək etdi? - FOTO
16:43 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Həyat mübarizə meydanıdır və bu mücadilədə həmişə güclülər qalib gəlir. Bununla belə, bəzi insanlar bu meydanda daha çox və ciddi mübarizə aparmalı olurlar. Bir də, hər kəs bu mübarizəni özü bildiyi kimi aparır. Bu gün həyat mübarizəsini gözəlliklər, sənət, dostluq, ədalət, insanlıq naminə aparan insanlardan söhbət açacağıq.

"Report" gücünü və enerjisini birləşdirərək həyatın çətinliklərinə qarşı sinə gərən iki insanın - Azərbaycanın ilk peşəkar ali təhsilli heykəltəraşı, professor Mirəli Mirqasımov və ona dayaq olmuş xanımı Gültəkin İsrafilbəyovanın həyat yoluna nəzər salır.

Yanlış döydüyümüz qapı...

Mirəli Mirqasımov 2003-cü ildən haqq dünyasına qovuşsa da, həyat yoldaşı Gültəkin xanım 89 yaşında mübarizəsini davam etdirir. Bir neçə ay idi ki, Gültəkin xanımla görüşmək istəsək də, gah işlərinin çoxluğu, gah da səhhəti bu arzumuza mane olurdu. Nəhayət, görüşümüz baş tutdu. Onun mənzilinin 4-cü mərtəbədə olduğunu bilsək də, iki qapıdan hansını seçəcəyimizi bilmirdik. Azərbaycanın görkəmli insanlarının mənzilinin qapısının daha gözəgəlimli və səliqəli olacağını düşünərək onlardan birini döyürük. Təbii ki, ev sahibi gələcəyimizi bildiyindən bu zaman döydüyümüz qapı ilə üzbəüz olan mənzilin qapısı açılır. Qapısını yanlış döydüyümüz mənzil sahibindən üzrxahlıq edib Gültəkin xanımın evinə daxil oluruq.

Evin parket döşəməsindən tutmuş mebellərə qədər gözə çarpan nə varsa hər şey köhnədir (bəzi qədimi aksesuarları çıxmaq şərtilə). Hər tərəfdə Mirəli Mirqasımovun müəllifi olduğu heykəllərin, əl işlərinin fotoları gözə çarpır. Heykəltəraşın əl yazıları olan vərəqlər səliqə ilə servantın qarşısında dururdu. Gültəkin xanım həyat yoldaşı haqqında kitab üzərində işləyir. Ona görə də ətraf arxiv otağını xatırladır.

Bu cür mənzillər və insanlar muzey, canlı ensiklopediya təsiri bağışlayır. Belə məkanlarda Azərbaycanın tanınmış insanları ilə bağlı zəngin məlumat yatır.

Fevralın 9-da 93 yaşı olacaq

Əgər yaşasaydı, fevralın 9-da Mirəli Mirqasımovun 93 yaşı olacaqdı.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti (1945-1947), ilk azərbaycanlı alim-cərrah, böyük ziyalı Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Mirəlinin böyük qardaşı Mirmustafa çox bacarıqlı cərrah olub. 49 yaşında dünyasını dəyişib. Digər bir qardaşı Fərid Moskvada texniki elmlər üzrə ən yüksək institutu bitirib. Rüfət adlı qardaşı nüvə fizikası üzrə məşhur alimdir. Türkiyədə və Dubnada çalışır. Bütün dünyada məşhur olan alimin oğlanlarından biri Sarbonnada, digəri ABŞ-da professordur. Kiçik qardaşları isə tanınmış kinorejissor Oqtay Mirqasımovdur.

Ailənin beş oğlan övladından ikincisi olan Mirəli Mirqasımov 6 yaşında keçirdiyi miningit xəstəliyindən sonra eşitmə qabiliyyətini tamamilə itirir. Atasının gözəl həkim, xalasının yoldaşı Əbülfəz Qarayevin dövrünün ən öncül uşaq həkimi olmasına baxmayaraq, balaca Mirəlini sağaltmaq mümkün olmur. Oğlunun bu vəziyyətindən hədsiz narahatlıq keçirən Ceyran xanım bu hadisədən sonra daxil olduğu Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti - "Report") tələffüz, danışıq qaydalarının incəliklərini öyrənmək üçün Pedaqoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) filologiya fakültəsinə dəyişir. Ziyalı ana eşitmə qabiliyyətini itirən oğlu üçün xüsusi metod tapır. Daha sonra isə onun ildə iki ay olmaqla Moskvada surdopedaqogika üzrə dərs almasını təmin edir. Mirəlinin yaşında eşitmə duyğusunu itirənlər danışıq qabiliyyətlərini də itirirlər. Amma anasının səyləri və balaca Mirəlinin səbri sayəsində onda bu hal baş vermir. O, danışıq qabiliyyətini saxlaya bilir və Azərbaycanın tarixinə gözəl sənətkar kimi düşməyi bacarır.

Mirəlinin əl qabiliyyəti özünü uşaq yaşlarından göstərir. Onun hazırladığı əl işlərini görən heykəltəraş Pyotr Sabsay, Ceyran xanıma oğlunun qabiliyyətini inkişaf etdirməyin vacib olduğunu deyir. Bundan sonra Ceyran xanımla Sabsay Azərbaycan Dövlət Rəssamlıq Məktəbində heykəltəraşlıq fakültəsinin açılmasına nail olurlar.

Fakültə açılan ili oraya 16 tələbə qəbul olunsa da, müharibənin başlaması və başqa səbəblərdən Mirəli Mirqasımov həmin fakültəni bitirən tək tələbə olur. Atası Mirəsədulla onun orta məktəbi buraxmasını istəmir. Beləcə Mirəli həm orta məktəbdə, həm də rəssamlıq məktəbində təhsil alır. 1944-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və 1950-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirir.

Cəfakeş insan və həyat yoldaşı

Bizimlə üzbəüz oturub həyat yoldaşı haqqında danışan Gültəkin xanımın özünü də tanımaq istəyirik. Gültəkin xanım da kifayət qədər çətin həyat yolu keçib.

"Mən 1928-ci ildə Bakıda doğulmuşam. Atam həbs edilib sürgün olunanda 13 yaşım var idi".

Atası Abbas bəy İsrafilbəyov Gəncə bəylərindən olub və Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunda zabit kimi fəaliyyət göstərib. Əmisi oğlu Məcid bəy İsrafilbəyov isə general olub. Bolşevik Rusiyasının işğalından sonra əmisi Türkiyəyə gedir. Gültəkin xanımın atası isə Bakıya gəlir. Üç subay bacısı olduğundan onları qoyub gedə bilmir. Bolşeviklər Gəncəyə daxil olandan sonra Abbas bəyin əmiləri - çox hörmətli insanlar olan İsrafil və Mikayıl bəyi xəncərlə parça-parça doğrayırlar: "Atam bacılarını da götürüb Bakıya gəlir. Çox savadlı insan idi. Ərəb, fars, rus, erməni dillərini bilirdi. Tanış adamlar onu burada işə düzəldirlər. Müharibə başlayanda atamı həbsə atdılar. Görünür, kimsə onun hansı orduda zabit olduğunu demişdi. İyunda II Dünya müharibəsi başlamışdı, noyabrda gəlib onu evdən apardılar. Biz 4 uşaq idik. Balaca qardaşımın həmin vaxt bir yaşı vardı. Atamı əvvəl Bakıdakı həbsxanalarda saxladılar. Sonra Qazaxıstana sürgün etdilər və orada da vəfat etdi".

Gültəkin İsrafilbəyova Xarici Dillər İnstitutunu əla qiymətlərlə bitirib. Onu aspiranturaya girməsi üçün institutda saxlayırlar: "Aspiranturada ilk imtahanı verdim. İkincidə məni çağırdılar və atamın harada rəhmətə getdiyini soruşdular. Söhbət 50-ci ildən gedir. Atamın 1943-cü ildə rəhmətə getdiyini dedim. Harada rəhmətə getdiyini soruşdular... Artıq başa düşdüm ki, bundan sonrası çətindir. Mixail Qusmanın anası bizim prorektor idi. Məni çox istəyirdi və özünü aspirantı olmağımı istəyirdi. Bu sorğu-sualdan sonra mənə zəng vuraraq dedi ki, imtahan verməyə dəyməz. Onsuz da qəbul etməyəcəklər. Nəticədə işsiz qaldım. Rayona göndərmək istədilər, ora da getmədim".

Tanışlıqla dənizçilk məktəbində işə düzələn Gültəkin xanım atası ilə bağlı həqiqət ortaya çıxdıqdan sonra təkrar işsiz qalır. Daha sonra korlar məktəbində on il rus dilindən dərs deyir. Brayl əlifbasını öyrənir. Onun sinfini bitirən və universitetə gedənlərin hamısı yaxşı oxuduqları üçün imtahandan azad olunurlar.

Nəhayət, AMEA-da Xarici dillər kafederası açılır. Gültəkin xanım müsabiqədən keçir və 55 il kafedra bağlanana kimi orada çalışır: "2015-ci ilin oktyabrında kafedranı bağladılar, mən də işdən çıxdım. Elə həmin vaxtdan da ayağım tutuldu. Nə qədər akademik tələbələrim var, bir bilsəniz".

İki gözəl nəslin övladları bir araya gəlir...

Babası, dayıları əslən Bakı şəhərindən olan Gültəkin xanım Mirəli müəllimlə ailəvi tanış olsa da, bir-birilərini çox sonralar görürlər. Mirəlinin evinə isə ilk dəfə uşaq vaxtı, qardaşının qolu sınanda gedir və Mirəsədulla müəllimin tapşırığı ilə "Semaşko" xəstəxanasında onun qardaşının qolunu yüksək səviyyədə müalicə edirlər: "Ceyran xanımla yaxın dost idik. Birlikdə çox yerlərə gedirdik. Amma mən Mirəlini görmürdüm. O zamanlar Leninqradda (indiki Sankt-Peterburq) təhsil alırdı.

Mirəli Mirqasımov 1950-ci ildə Rusiyada təhsil aldığı məktəbi bitirib Bakıya qayıtsa da, laqeyd münasibət nəticəsində iş tapa bilmir. Moskvaya gedir, məşhur heykəltəraşların briqadasında köməkçi işləyərək çörəkpulu qazanır. Nadir hallarda görüşsələr də, Mirəli bir gün Gültəkin xanıma evlənməyi təklif edir: "Mən də gözüyumulu qəbul etdim. Necə insan olduğunu yaxşı bilirdim. İki övladım var idi. Onlara da öz övladı kimi baxırdı.

Sonra Aysel adlı qızımız dünyaya gəldi. Aysel rəssamdır və hazırda Şimali Kipr Türk Cümhuriyyətində universitetdə dərs deyir. Alman, ingilis, türk, rus dillərini bilir. Azərbaycanda iş tapa bilmədi.

Bizim ailə həyatımız belə başladı. Mirəlinin qulağı eşitməsə də, o qədər mədəni idi ki, bir şeyi başa düşməyəndə sual vermirdi. Üzündən nələr dediyini hiss edirdim. O eşitməsə də, yerə bir şey düşəndə hiss edirdi. Sanki havanın titrəməsindən hiss edirdi".

Mirqasımova İncəsənət İnstitutunda dərs versələr də, istədiyi qruplar olmur. Hətta burada işlədiyi bir il ərzində əməkhaqqı da ala bilmir. Bütün çətinliklərə baxmayaraq, canla-başla işini görür. Heç bir tələbəyə təzyiq göstərmir. Onları səbirlə öyrədir. Məhəbbətlə biliyini onlara çatdırır.

Mirəli müəllim həm də mərmərdə işləyən ilk azərbaycanlı heykəltəraşdır.

Həyat yoldaşının sözlərinə görə, çox istedadlı olduğundan onu həmişə incidiblər: "Əgər qarşısına maneələr qoymasaydılar, Mirəli daha çox irəli gedərdi".

Onu da qeyd edim ki, Gültəkin xanım dissertasiyasını yazır, hər şey hazır olsa da, amma müdafiə etmir. Evləndikdən sonra maneələri aradan qaldırmaq yolunda Mirəliyə kömək etməyi seçir. Əvəzində o cür sənətkara kömək etdiyindən qətiyyən təəssüflənmədiyini deyir.

Övladı kimi sevdiyi heykəlləri qoymaq üçün illərlə gözləyir

Mirəli Mirqasımov uşaqlıq illərindən könül bağladığı sənətinin peşəkarı olduqdan sonra onlarla iş üzərində işləməyə başlayır. Gültəkin xanım deyir ki, Mirəli öz əsərlərinə övladı kimi yanaşırdı, hər birini əzizləyirdi.

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin, Sumqayıtda Nəriman Nərimanovun heykəlini qoyur və s. Onun paytaxtda heykəl qoymasına maneələr yaradılır. Heykəllərini daha çox rayonlarda, gözdən iraq yerlərdə qoyurlar.

"Mənim öz paytaxtımda heykəl qoymağa ixtiyarım yoxdurmu" deyib hayqıran sənətkara bu arzusunu gerçəkləşdirməkdə Heydər Əliyev kömək edir: "Allah Heydər Əliyevə, Zərifə xanıma qəni-qəni rəhmət etsin". Söhbət boyu dəfələrlə bu cümləni işlədən Gültəkin xanım göz yaşlarını saxlaya bilmir. Sən demə, Mirəli atasının qəbirüstü abidəsini düzəltsə də, illərlə heykəlin qoyulmasına icazə verilməyib. Zərifə xanım təsadüfən Mirəlinin üzləşdiyi çətinlikləri eşidir və bu barədə Heydər Əliyevə deyir: "Zərifə Əliyeva məni çağırdı və biz görüşdük. Söhbət etdik. Bir-birimizi çox istəyirdik. Məni təriflədi. Heydər Əliyevlə Zərifə Əliyevanın bizim ailəmizə çox köməyi dəyib. Mirəlini infarktdan Heydər Əliyev xilas elədi. Mirəlini onun həkimi müalicə edirdi və hər gün onun səhhəti barəsində Heydər Əliyevə məlumat verirdi. Onlar olmasaydı, nə Mirəli, nə də Cəfər Cabbarlının heykəli olacaqdı".

1959-cu ildə atası rəhmətə gedən heykəltəraş elə həmin gecə yatmayıb atasının qəbirüstü heykəlinin eskizini hazırlayır. Amma həmin heykəl 45 il emalatxanda gözləyir. 1979-cu ildə Heydər Əliyev sənətkarın emalatxanasına gəlir və sənətkəraın üzləşdiyi çətinliklərin aradan qaldırılmasını istəyir.

Cəfər Cabbarlının heykəli böyük mübarizədən sonra qoyulur

Mirəlinin bədxahları onun yalnız rayonlarda işləməsinə imkan verdiyindən bir çox əsərlər layihələrdə və eskizlərdə, yaratdığı əsərlər isə uzun müddət emalatxanalarda qalırdı. 1959-cu ildə hazırlanan Cəlil Məmmədquluzadənin heykəli 1974-cü ildə qoyulub. Azərbaycanın tanınmış elm xadimi, akademik Mirəli Mirqasımovun qəbirüstü abidəsi isə 45 ildən sonra mərhum Fərəməz Maqsudov akademiyanın prezidenti olduqdan sonra yerinə qoyulur. Müsabiqədən uğurla keçən Cəfər Cabbarlının heykəli yalnız 22 ildən sonra Heydər Əliyevin müdaxiləsindən sonra ucaldılır. “Həyatımda mənə həmişə kömək edən yeganə insan Heydər Əliyev olub” deyən sənətkar Heydər Əliyevin sözlərindən sonra Cəfər Cabbarlının heykəlində düzəliş də edir: "O, yalnız Heydər Əliyevin iradını qəbul edirdi. Deyirdi ki, o, sənətdən gözəl anlayır".

İllərlə işlənib hazırlanmış Cabbarlının heykəli üçün Rəssamlar İttifaqı yalnız Heydər Əliyevin xeyir-duasından sonra qərar çıxarır və heykəlin qoyulması Mirqasımova həvalə olunur. Maneələr yenidən başlanır. Kombinata XI Qızıl Ordunun heykəlinin hazırlanması üçün 1330 kisə gips gətirilir. Amma Cabbarlı heykəlinin iki metrlik modelinin formasını çıxarmaq üçün lazım olan 20 kisə gips verməyə heç kəs razı olmur: "Borc istədik. Baş tutmadı. Getdim saxsı qablar fabrikindən öz pulumuza gips aldım. Hələ həmin heykəlin daşını gətirmək üçün Ukraynada nə qədər çətinliklər yaşadığımızı demirəm... Belə ki, daşı gətirmək üçün mən də Mirəli ilə birgə Ukraynaya getdim. Rəssamlar İttifaqının sədri Borodayın evinə getdik. Gəlişimizin məqsədini bildikdən sonra bu işin qeyri-mümkün olduğunu söylədi. Amma eskizi görən kimi bizə kömək edəcəyinə söz verdi: “Gedin Nazirlər Sovetinə qəbula yazılın”. Orada biləndə ki, Mirəlinin qulağı eşitmir, məni də qəbula yazdılar. Biz Borodayla çox qapılar döydük. Mümkün olmadı. Məlum oldu ki, bu iş Daxili İşlər Nazirliyindən asılıdır. Xoşbəxtlikdən daxili işlər nazirinin müavini general Katargin Borodayın dostu idi. Boroday bizi də götürüb DİN-ə getdi. Nazir işi şöbə müdiri polkovnik Popova tapşırdı. Ona hadisəni olduğu kimi danışdı. Popov razı olmadı. Nazir ona əmr etdi. Popov çığıra-çığıra dedi: "Ey fantazyorlar, siz heç bilirsiniz nə istəyirsiniz? Mümkün olmayan bir şeyi. Tutaq ki, daşı kəsdik. Necə çəkəcəksiniz? Buna bir neçə tank lazımdır. Mən dedim ki, siz razılıq verin biz nə lazımdır edəcəyik. Bədii fonda gedib maşın tutduq. Podpolkovnik Roman Mixayloviç Qrinkeli ilə Novodanilovski karxanasına gəldik. Burada da bizi başa salmağa çalışdılar ki, daşı kəsəcəyik, amma siz oradan çəkib çıxara bilməyəcəksiniz. Bizim də işimiz qalacaq. Sizinlə müqavilə bağlaya bilməyəcəyik. Axşam dustaqların barakında yatdıq. Səhər biz istədiyimiz ölçüdə daşın kəsilməsini xahiş etdik. Müdafiə naziri Ustinovdan Odessa Hərbi Dairəsindən bizə tank verilməsi üçün icazə aldıq. Mirəli ilə qərargah rəisi, general Siviridovun yanına getdik. O, bizi görcək dedi ki, mənə artıq sizin haqqınızda məlumat veriblər. Müharibədə mənim komandirim çox gözəl insan Həzi Aslanov olub. Mən sizi boş qaytara bilmərəm. Odessa Hərbi Dairəsinin generalı Sviridov bizə 7 tank verdi. Bundan başqa, Bakıdan çətinliklə əldə olunmuş troslar, qranitin altına qoyub çəkmək üçün lövhə dəmirlər ora göndərildi. Biz hara gedirdiksə, Heydər Əliyevin adından danışırdıq, dövlət sifarişi olduğunu bildirirdik. Bu ad hər yerdə köməyimizə çatırdı. Nəhayət bizə “Daş kəsilib, gedin qəbul edin” dedilər. Daş Bakıya gəlib çıxanda biz ona baxmağa getdik. Daşı bərəyə qoymuşdular. Mirəli dözməyib uşaq kimi qaçıb özünü daşa çatdırdı. Mən yaxınlaşanda Mirəlini qışqıran gördüm. Daş həmin daş deyildi. 280 tonluq daşdan 140 ton daş gəlib çıxmışdı. Daşı kəsə-kəsə tanınmaz etmişdilər. Əgər 240 tonu səliqə ilə kəssəydilər, postamentə bəs edərdi. Daşı necə gəldi qoparda-qoparda az qala yararsız etmişdilər. Mirəliyə elə gəldi ki, daşı dəyişiblər. O, çox həyəcanlı idi. Mən onu başa sala bilmirdim ki, karxananın yüz ildən bəri mövcudluğu dövründə oradan bu boyda daş çıxarılmayıb. Çarəmiz kəsildi, ustanı gözləməli olduq. Usta əvvəlcə bu işin alınmayacağını dedi. Sonra müxtəlif yerlərdən ölçə-ölçə çətinliklə mümkün olacağını qeyd etdi. Mirəli məcbur oldu ki, postament üçün yeni eskiz hazırlasın. Qısası heykəl ərsəyə gəldi. Mirəli Cəfəri öz balası hesab edirdi. O heykəl işıq üzü görməsə dözə bilmərəm", deyirdi.

Açılışda o qədər məmur vardı ki... "Nəhayət, 1982-ci ildə heykəlin açılışı oldu. Biz 50 min rubla qədər olan qonorarın son qəpiyinədək heykələ xərclədik. Cabbarlı heykəlinin iki metrlik modeli üçün "karkaz"ı belə son çörəkpuluna aldım. Mirəli heykəl üzərində işləyərkən iki dəfə infarkt keçirdi. Bizi o qədər incitmişdilər ki, irəli keçmək belə istəmədik. Heydər Əliyev ətrafa baxıb təəccüblə soruşdu: "Bəs müəllif haradadır? Kənarda təvazökarcasına dayanmış Mirəlini onun yanına gətirdilər". Heydər Əliyev yenidən soruşdu: "Bəs xanımınız haradadır?"

Mirqasımov paytaxtda qoyulan plagiat heykəlləri gördükcə çox üzülürdü. "Mənim bədbəxt şəhərim. Bu hal bütün Azərbaycan üçün biabrçılıqdır" deyirdi".

Mirəli müəllim daha çox milli obrazlar yaratmaq istəsə də, bu arzusu mümkün olmur. Xaqanini, Koroğlunu, Babəki... Hələ Rusiyada təhsil alanda diplom işinə Babəki hazırlamaq istəyir. Amma onu bu istəyinə görə "pantürkist" deyə tənqid edirlər: "Orada kim bilirdi ki, Babək kim olub. Onun kim olduğunu bizimkilər bilirdi. Mirəli deyirdi ki, tənqiddən sonra böyük ürək ağrısı ilə sovet teması işləməyə məcbur olur".

10 il Parkinson xəstəliyindən əziyyət çəkən heykəltəraş dünyasını dəyişir.

O, xalq rəssamı, əməkdar rəssam kimi adlara sahibdir. Əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib. Heydər Əliyev Vaqif Mustafayevin "Tikdim ki, izim qala" filmində deyir ki, Cəfər Cabbarlının heykəlinin ucaldılmasında Mirqasımovun çətinlikləri var idi. Mən ona kömək etdim, o da bu cür gözəl heykəl yaratdı. Xalq ona əbədi minnətdar olacaq. Bəlkə həmin minnətdarlıqdan bir tikə də mənə düşər".

Səbirli və gözəl ailə başçısı

Yaşadıqları 30 il ərzində həyat yoldaşına güldən ağır söz deməyən Mirəli Mirqasımov həddindən artıq mehriban, ailəcanlı insan olub. Hər dəfə emalatxanadan gələndə qəzetin arasında xanımına gül gətirən bu incə ruhlu sənətkarın bu gün yaşadığı yerdə xatirə lövhəsi yoxdur. Xanımı onun Rəssamlar Evində xatirə lövhəsinin açılmasını arzu edir.

Mirəli Mirqasımov düşməni belə olsa istedadlı insana obyektiv qiymət verib: "Ona deyəndə ki, nəyə görə səni sevməyənə müsbət qiymət verirsən. Deyirdi ki, nəyə görə müsbətə mənfi deməliyim. Çalışırdı ki, istedadlı insan millət üçün bacardıqlarını verə bilsin. Obyektiv insan idi".

Həyatı XlX-XX əsrləri əhatə edən Ellen Keller adında amerikalı yazıçı var. Gözləri kor olsa da, 7 kitabın müəllifidir. Həmin yazıçı Amerikada çox yüksək şəkildə təbliğ olunur. Hər il anadan olduğu gündə Ellen Keller günü keçirilir. Görmədiyi halda mübarizə aparmış və həyatda uğur qazanmış yazıçı insanlıq üçün bir nümunə rolunu oynayır. Qulaqları eşitmədiyi halda, gözəl əsərlər yaradan Mirəli Mirqasımov da həyatda kifayət qədər çətinliklərə qarşı mübarizə aparıb. Bu gün Azərbaycanda onu çox az adam tanıyır. Halbuki onun da həyatını gənclərə, fiziki qüsuru olan insanlara gözəl nümunə kimi təbliğ etmək olar.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/187120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR