“Bank VTB (Azerbaijan)”ın rəhbəri: “Kreditlərin əvvəlki məzənnə ilə ödənilməsinin heç bir hüquqi əsas yoxdur” - MÜSAHİBƏ

“Bank VTB (Azerbaijan)”ın rəhbəri: “Kreditlərin əvvəlki məzənnə ilə ödənilməsinin heç bir hüquqi əsas yoxdur” - MÜSAHİBƏ
12:02 17 Mart 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Mart 2015 11:54 ]

Bakı. İlkin Əhmədov - APA-Economics. “Bank VTB (Azərbvaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlevin “APA-Economics”ə müsahibəsi.

- Artıq 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirdiyiniz üçün istərdim söhbətimizi bankınızın 2015-ci illə bağlı planlarından danışaraq başlayaq. Mətbuat konfransında qeyd etdiniz ki, “Bank VTB (Azərbvaycan)” cari ili 7 milyon manat həcmində mənfəətlə başa vurmağı planlaşdırır. Rubl, o cümlədən, manat ətrafında dövr edən proseslər planlarınıza təsir edə bilərmi? Ümumiyyətlə, manatın devalvasiyası bankla bağlı proqnozlara necə təsir edir?

 

- Bəli, həqiqətən də, mənfəətlə bağlı planlarımızda 7 milyon manat əsas yer tutur. Əvvəldən bankın strategiyası ilə bağlı göstəricilərdə əhəmiyyətli artımın olması planlaşdırılmışdı və bankın inkişafının aktiv fazası təyin edilmişdi. Lakin son zamanlar baş verən proseslər, devalvasiyadan sonra Azərbaycan bazarında baş verən dəyişiklərlə əlaqədar, o cümlədən, Rusiyadakı iqtisadi vəziyyətin heç də yaxşı istiqamətə dəyişmədiyini nəzərə alsaq, 2015-ci ildə filial şəbəkəsində kredit portfelinin həcmi ilə bağlı məsələyə daha konservativ yanaşacağıq. Hələ ki mənfəət, gəlir, filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məqsədlərimizi bir kənara qoymuşuq. Görək, nə baş verəcək...

 

Rublun məzənnəsinə gəlincə, biz ötən ilin avqust-sentyabr aylarında rubl vəsaitləri ilə bağlı eksperiment keçirdik. Biz həm rublla nağd kreditlər, həm də Azərbaycan şirkətləri üçün kreditlər təklif etdik. Və təəccüblü olsa da, təcrübəmiz çox uğurlu alındı. İki ay ərzində biz 27 milyon dollardan da çox kredit verdik. Bundan sonra, rublun məzənnəsi kəskin düşdü, və rublla kredit götürənlər xeyli irəli düşdülər.

 

Manatın ucuzlaşması bizim üçün də olduqca həssas məqamdır. Təbii ki, biz müştərilərimizə güzəşt edəcəyik, hal-hazırda 35%-ə qalxan borc yükünü yumşaltmağa, güzəştli yanaşma tətbiq etməyə çalışacağıq.

 

Rublda olan məhsullarımızı aktivləşdirmək niyyətindəyik. Artıq son 2 aydır ki, rublun məzənnəsi demək olar ki, sabitdir. Düşünürəm ki, rublun pis günləri artıq geridə qaldı. Təbii ki, müəyyən tərəddüdlər ola bilər. Bazarda volatillik ilk növbədə dolların və neftin qiyməti ilə bağlı olacaq. Bunlar əsas faktorlardır, ona görə də, spekulyativ faktorlar artıq ikinci plana keçib.

 

Təxminən 2 həftə bundan qabaq Gəncədə “Bank VTB (Azerbaijan)”ın ikinci filialını açdıq. Bu bizim regional filialımız olacaq. Gəncə Rusiya ilə münasibətlərinə görə tanınır və burada bizim müştərilərimizə təklif edəcəyimiz rubl aktivlərinə, vəsaitlərinə maraq var.

 

“Bank VTB (Azərbvaycan)” “Moody`s” reytinq agentliyi tərəfindən yüksək reytinq əldə etmiş iki yerli bankdan biridir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, Rusiya ilə birlikdə, böyük maliyyə təşkilatı olan “VTB Group”, o cümlədən, “Ata Holding”in simasında güclü yerli səhmdar bizim arxamızda durub. Siz bilirsiniz ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Bank VTB”nin böyük səhm paketinin sahibidir. Biz deyə bilərik ki, bizim arxamızda iki güclü dövlət və fərdi investorlar dayanır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşü zamanı “Bank VTB”nin İdarə Heyətinin sədri Andrey Kostin bir daha qeyd etdi ki, biz Azərbaycanda inkişaf edəcəyik və “Bank VTB” Azərbaycandakı yarımşöbəsinə hər zaman istənilən dəstəyi verməyi hazırdır. Prezidentə o da bildirilib ki, “Bank VTB” Azərbaycanda böyük işlər görür. Belə deyə bilərik ki, biz burda da sığortalanmışıq və Azərbaycanda ən etibarlı banklardan biri sayılırıq.

 

- Gəlin rublla bağlı söhbətimizi davam etdirək. Bildirmişdiniz ki, bank rublla plastik kartların buraxılmasını planlaşdırır...

 

- Hesab edirəm ki, bu çox perspektivli istiqamətdir. Sirr deyil ki, Azərbaycan əhalisinin 9 milyonundan 1,5-2 milyon nəfərə qədəri Rusiyada yaşayır və ya Rusiya ilə hər hansı əlaqələri ilə bağlı Rusiyaya səyahət edirlər. Bu müştərilər üçün rublla olan kartlar maraq kəsb edir, çünki bu kartlardan onlar həm Azərbaycan, həm də Rusiyada istifadə edə bilərlər. Üstəlik, biz müştəriyə “VTB Group”un xaricdəki strukturlarında istifadə edə bilməsi üçün bu kartları daha sərfəli komissiyalarla təklif edə bilərik. Biz bu məhsulu genişləndirməyi düşünürük. İstəyirik ki, kifayət qədər ciddi həcmdə kartlar buraxaq və Rusiya ilə əlaqələri olan müştərilər cəlb edək.

 

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, yaxın vaxtlarda İnternet Bank sisteminə başlamaq istəyirik. Sistem müəyyən müddət sonra ümumi sistemə inteqrasiya olunacaq. Bu sistemdən müştərilər Azərbaycanda da istifadə edə biləcəklər, belə ki, uzaq yerlərə ödənişlər, pul köçürmələri həyata keçirə biləcəklər. Bu, Rusiyada da mümkün olacaq. Biz bu məsələ üzərində işləyirik. Hal-hazırda sistemin maketi hazırlanıb. Qarşıda duran məsələ isə sistemi Azərbaycanda daha yaxşı inkişaf etdirməkdir. Düşünürəm ki, bu kifayət qədər perspektivi olan bir layihədir, buna görə də, fəal şəkildə bu sistem üzərində işləyəcəyik.

 

- Manatın devalvasiyasından dərhal sonra Mərkəzi Bank qorunan əmanətlər üzrə faiz dərəcəsini 12%-ə qədər artırdı. Müştəriləriniz Mərkəzi Bankın bu addımından nə gözləyə bilər və ya gözləməlidir?

 

- Bank üçün bu, sərfəlidir. Müştərilər üçün də son hadisələr fonunda bu, haradasa əvvəldən müəyyən dərəcədə sakitləşdirici vasitədir. Bundan başqa, biz 12%-lə depozitlərin qəbuluna başlamışıq. Düşünürəm ki, bu, Mərkəzi Bankın doğru və düşünülmüş bir addımıdır ki, bu da bazarda vəziyyəti sakitləşdirməyə imkan verəcək.

 

- Təbii ki, qorunan əmanətlər üzrə faiz dərəcəsinin artırılması kredit faizlərinə də təsir edəcək...

 

- Sözsüz ki, bu proses kredit faizlərinin artmasına səbəb olacaq. Pul bahalaşdıqca, onun bazarda yerləşdirilməsi də bir o qədər baha başa gəlir. Düşünürəm ki, kredit faizlərinin o qədər də güclü yox, amma müəyyən yüksəlişi baş verəcək. Bu da ilk növbədə bazarda manatın son devalvasiya prosesindən asılıdır.

 

- Təxminən neçə faizə qədər artım ola bilər?

 

- Müxtəlif məhsullar üzrə haradasa 1-2% həcmində. Hələ ki bunu gözləməyə dəyməz. Onsuz da kredit faizləri yüksəkdir. Hökumət də, Mərkəzi Bank da artıq uzun illərdir bildirir ki, xüsusilə də real sektorun inkişafı üçün faiz dərəcələrini aşağı salmaq lazımdır. Əlbəttə ki, banklar birdən-birə faiz dərəcələrini qaldıra bilməzlər. Müştərilər də bu resursları götürə bilməz. Digər tərəfdən biz anlamalıyıq ki, bank zərərlə işləyə bilməz, çünki bizim səhmdarlar qarşısında öhdəliklərimiz var. 

 

- Manatın devalvasiyası fonunda kredit siyasətində hər-hansı dəyişiklik etməyi düşünürsünüzmü?

 

- Təbii ki, manatın devalvasiyası bankımızın kredit siyasətinə təsir edəcək. Hazırda əhali dollarla verilən kreditləri götürməkdə maraqlı deyil, təbii ki, bu da portfelimizə təsir edəcək. Biz yaranmış vəziyyəti manat və rublla olan yeni məhsullarımızın hesabına  dəyişmək niyyətindəyik.

 

Mənə elə gəlir ki, insanlara sadəcə yaranmış vəziyyətə adaptasiya olmaq üçün vaxt lazımdır. Ticarətçilər, xaricdən məhsul idxal edən idxalçılar kreditləri xarici valyuta (dollar və ya avro) ilə götürəcəklər. Rusiya şirkətlərinə gəlincə isə, onlar yenə də rubla maraq göstərəcəklər. Onlar bizdən rubl götürür, rublla da Rusiyalı ixracatçıya pul ödəyirlər. Bu Rusiya tərəfinin də marağındadır.

 

Bizim digər valyutalarda, məsələn, avro, hətta Çin yuanında olan ehtiyatlarımız var. Bundan başqa Şanxayda filialımız fəaliyyət göstərir. Lakin Azərbaycan bazarında yuan işləmir (gülür – red.).

 

Devalvasiyanın həcminə gəlincə, manatın devalvasiyasından sonra ictimaiyyət və müştərilər, xüsusi və fiziki şəxslər, artıq kredit məsələsinə daha ehtiyatlı yanaşmağa başlayacaqlar. Fiziki şəxslər tərəfindən götürülən kreditlərin artım tempində müəyyən müddət azalma müşahidə edəcəyik. Bu normal, təbii, post-şok reaksiyasıdır. Bir qayda olaraq, bir neçə ay ərzində bazar bu vəziyyətə uyğunlaşacaq və kreditlərə olan maraq yenidən əvvəlki vəziyyətinə qayıdacaq.

 

- Ölkə banklarına bu yaxınlarda Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun adından məktub daxil olub. Məktubda Mərkəzi Bankın banklar üçün açıq valyuta limitini ləğv etməsi qeyd olunub. Bu, bankların fəaliyyətinə, və ayrılıqda “VTB Bank (Azerbaijan)”ın fəaliyyətinə  necə təsir edəcək?

 

- Düşünmürəm ki, bu, bank sisteminə mənfi təsir göstərəcək. Bu, banklara müəyyən manevr imkanları yaradır. Biz Mərkəzi Bankın bu addımını müsbət qarşıladıq və hazırkı şərtlərlə daha asan işləməyə davam edəcəyik. İlin sonuna kimi məhdudiyyətlər ləğv edilib və görək, bazarda vəziyyət necə inkişaf edəcək.

 

- Əhalinin, KİV-in bir çoxunu bir sual daha çox maraqlandırır: devalvasiyadan əvvəl verilən kreditlər necə ödənməlidir?

 

- Misal üçün, borcalan avtomobil almaq üçün 15 min dollar dəyərində kredit götürüb. Maşını alıb və istifadə edir. Əgər o gedib indi o avtomobili alsa, onda bu maşının qiyməti ona 35% baha başa gələcək, çünki avtomobil xaricdən idxal olunub və alıcı daha çox pul ödəməli olacaq. Əgər bankımızdan dollarla kredit götürərək alınan malın qiymətinə nəzər salsaq, müştəri heç nə itirməyib. Bu proses xaricdə müalicə almaq və ya bahalı məişət avadanlıqları, texnikası almaq üçün sərf olunan pullara da aiddir. Yəni, borcalan heç nə itirmir.

 

Digər tərəfdən, manatla ödənilən borc yükləri də artıb. Hər kəs manatla maaş alır və kreditin aylıq ödəniş hissəsi artıb. Biz artan yüklərin azaldılması məqsədilə müştərilərə güzəştə gedəcəyik - ödənişlərin vaxtını uzadacağıq, onların əlavə imkanlar qazanmasına kömək edəcəyik. Düşünürəm ki, birgə səylərlə həll yolu tapmağa çalışacağıq. Bundan başqa, böhranın aradan qaldırılması üçün müştərilərə fərdi yanaşma üslubundan istifadə edirik.

 

Kreditlərin əvvəlki məzənnə ilə ödənilməsinin heç bir hüquqi əsas yoxdur. Üstəlik, biz hər zaman müştərilərlə müqavilə bağlayarkən məzənnənin dəyişməsi ilə bağlı bəndi orada qeyd edirik. Biz ödənişlərin həyata keçirildiyi vaxt mövcud olan məzənnəni nəzərə alırıq.

 

Əhali başa düşməlidir ki, banklar da çətin vəziyyətdədir. Uzun müddətdir ki, manatın dollara nisbətən daha möhkəm olmasını nəzərə alaraq, kimsə dollarla kredit götürməyə üstünlük verib. Vəziyyətdən çıxış yolu tapmaq və yeni qaydalara uyğun şəkildə işləmək lazımdır.

 

- Əgər sirr deyilsə, devalvasiya ilə əlaqədar banka nə qədər zərər dəyib?

 

- Gəlin banka dəyən zərərdən yox, devalvasiya nəticəsində yaranan çətinliklərdən danışaq. Bu çətinliklər isə xarici valyuta ilə olan kreditlərə tələbatın azalması, kredit portfelinin keyfiyyətinin pisləşməsindən ibarətdir. Bəzi müştərilər manatın məzənnəsi ilə bağlı gəzən şaiyələrə əsaslanaraq kredit ödənişlərini dayandırıblar. Lakin bu, düzgün deyil. Sadəcə sakitləşmək və mövcud vəziyyəti qəbul etmək lazımdır. Biz müştəriləri sakitləşdirmək üçün müxtəlif maarifləndirmə işləri aparırıq.

 

- Mütəxəssislər bildirir ki, neftin qiyməti 40-50 dollara qədər düşsə, devalvasiyanın ikinci dalğasını yaşana bilər. bankınız buna hazırdırmı?

 

- Bəzi ekspertlər deyir ki, neftin qiyməti 40-50 dollar olacaq, bəziləri də deyir ki, yenidən 100 dollara təşkil edəcək. Axı biz neftin qiymətinin 15 dollar olduğu vaxtda da yaşamışıq. Biz sanki bir az ərköyünləşmişik və asan pul qazanmağa öyrəşmişik. Lakin bundan sonra asan pul qazanmayacağıq, əksinə pulu ağır zəhmətlə qazanmalı olacağıq.

 

- Bizdə olan məlumata görə, filial şəbəkənizi genişləndirməyi düşünürsünüz. Bu istiqamətdə gələcək planlarınız nədən ibarətdir?

 

- Bəli, filial şəbəkəmizi genişləndiririk. Yaxın vaxtlarda  Bakıda da 2 filial açmaq istəyirik. Biri Elmlər Akademiyası metro stansiyasının yaxınlığında, digəri isə Gənclikdə. İlin ikinci yarısında isə regional mərkəzlərə baxacağıq. Baxacağıq, görək, Gəncədəki filialımızda işlər necə gedir. Burdan əldə etdiyimiz təcrübə sayəsində gələcək planlar haqqında düşünəcəyik. Biz filial şəbəkəmizin genişləndirilməsi ilə bağlı bizi dəstəklədiyinə görə Mərkəzi Banka minnətdarlığımızı bildiririk. Bizim bütün təşəbbüslərimizə və  ərizələrimizə tez bir zamanda və operativ baxılıb.

 

Bununla yanaşı, biz İpoteka Fondu, həmçinin, Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığın aktiv fazasına daxil oluruq. Bu təşkilatların ehtiyatlarından müştərilərimizin maliyyələşdirilməsi üçün istifadə edəcəyik.

 

Biz üçün daha bir əhəmiyyətli məqam var: yaxın günlər ərzində biz qiymətli metallarla işləmək üçün Mərkəzi Bankdan və Maliyyə Nazirliyindən lisenziyanın alınmasını gözləyirik (müsahibə lisenziyanın alınmasından öncə alınıb - red.). Azərbaycan əhalisinin valyutaya etibarı azalıb. Məhz buna görə, qiymətli metallara maraq arta bilər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR