Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 20-də betonvuran (pompa) nəqliyyat vasitəsinin yararsız vəziyyətə saldığı Bakı yük - Liman mənzilinin 16-cı km-də, M.Mehdizadə küçəsinin üzərində yerləşən körpüdə qatarların hərəkəti dayandırılıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, hazırda körpünün bərpa olunması üçün tədbirlər görülür.
S.Qədirova qeyd edib ki, həmin gün saat 22:00-da körpüdə Ə.Əhmədovun idarə etdiyi 90-ZF-209 dövlət nömrə nişanlı betonvuran (pompa) nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib: "Buna səbəb nəqliyyat vasitəsinin M.Mehdizadə küçəsi ilə şəhər istiqamətində sürətli hərəkəti və sürücünün yol nişanlarının tələblərinə riayət etməməsi olub. Körpü əndazə nişanının tələbinə görə, onun altından 3,5 m-dən hündür nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - deyə S.Qədirova əlavə edib.
Xatırladaq ki, iki aşırımlı körpünün ümumi uzunluğu 30,6 metridi. Hər bir aşırımın uzunluğu 8,54 m-dir. Körpü 1935-ci ildə tikilib və sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub.