Azərbaycanlı əfsanə 71 yaşında

Azərbaycanlı əfsanə 71 yaşında
09:42 23 Fevral 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün adını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdıran Anatoli Banişevskinin 71 illiyidir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolumuzun tarixinə əbədi ən yaxşı kimi düşən əfsanə 1946-cı il fevralın 23-də Bakıda anadan olub.

1997-ci ildə ağır xəstəlikdən sonra 51 yaşında dünyasını dəyişən Banişevski təxminən yarım əsrlik ömrü ərzində milyonların sevimlisi olmağı bacarıb. Futbolçu karyerası boyu yalnız bir komandanın - "Neftçi"nin şərəfini qoruması, onun Azərbaycana, Bakıya və "ağ-qaralar"a sadiqliyinin təcəssümüdür.
 
1964-cü ildə "Neftçi"nin əsas komandasına cəlb olunan 18 yaşlı hücumçu nəinki əsas heyətdə möhkəmlənməyi bacarıb, hətta bu komandanın liderinə çevrilib. Parlaq oyunu, xüsusilə də, baş zərbələri ilə ad çıxaran forvard artıq növbəti ildən, 19 yaşından SSRİ yığmasına da dəvət almağa başlayıb. "Neftçi" tarixinin ən yaxşı illərində - ötən əsrin 60-cı illərində komandasının lideri, azarkeşlərin sevimlisi olan Banişevski 1966-cı ildə SSRİ çempionatının bürünc medalına yiyələnməyin əsas səbəbkarlarından olub.
 
1978-ci ilədək "ağ-qaralar"ın şərəfini qoruyan hücumçu komandası I dəstəyə yuvarlananda da paytaxt təmsilçisinə sadiq qalıb. Həmin vaxt da, diskvalifikasiya olunduğu zamanda da SSRİ nəhənglərinin cəlbedici təkliflərinə "yox" deyən Banişevski 32 yaşında karyerasını başa vurub. Bu müddətdə 288 oyun keçirdiyi komandada 136 qol vurmağı bacarıb. Bu göstəricidə klub tarixinin ikincisi olan əfsanə SSRİ çempionatlarında 81, kubokunda 15, I liqasında 40 qol vurub.
 
1965-72-ci illərdə şərəfini qoruduğu SSRİ yığmasında 50 oyunda 19 qol vuran hücumçu 1966-cı ildə dünya çempionatının yarımfinalçısı, 1972-ci ildə Avropa çempionatının finalçısı olub. Yığmada keçirdiyi 3-cü oyununda het-trik edən əfsanənin Braziliyaya "Marakana"da vurduğu qol da tarixə düşüb. Təsadüfi deyil ki, bu arenada Banişevskinin forması saxlanılır. Güclülər dəstəsi, ölkə kuboku və millidə vurduğu qolların ümumi sayı 115-ə bərabər olan Banişevski bununla da adını Qriqori Fedotov adına kluba da yazdırıb. 1965-67-ci illərdə ardıcıl 3 dəfə SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına düşən Banişevski hər dəfə öz mövqeyində 2-ci olub.
 
Futbolçu karyerasını başa vurandan sonra "Neftçi"də məşqçi, Mingəçevir "Avtomobilçi"si və "Kəpəz"də baş məşqçi kimi çalışan əfsanə Burkina-Fasoda da çalışdırıcılıq fəaliyyəti ilə məşğul olub.
 
O, futbolçu karyerasını başa vurandan sonra 1996-cı ildə "Şöhrət ordeni" ilə təltif olunub. 2011-ci ildə Azərbaycan futbolunun 100 illiyi (1911-2011) ilə bağlı təntənəli tədbirlər çərçivəsində apasport.az saytının keçirdiyi sorğuda "Yüzilliyin futbolçusu" seçilən əfsanə həm də "Əsrin yığması"nda yer alıb.
 
Ölümündən sonra da Banişevski unudulmayıb. Masallıdakı şəhər stadionuna əfsanənin adı verilib. 2004-cü ildə UEFA-nın 50 illiyi ilə bağlı keçirilən səsvermənin nəticələrinə əsasən, 1954-2003-cü illər üçün Azərbaycanın ən yaxşı futbolçu adına layiq görülüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı